Ankarada AGAH-ın mükafatları təqdim edildi

Türkiyə və Azərbaycanın dövlətlərinin himnləri səsləndikdən sonra “AGAH səfir”, “AGAH millət vəkili”, “AGAH iş adamı” və digər nominasiyalar üzrə mükafatlar verildi.

1331307
Ankarada AGAH-ın mükafatları təqdim edildi

 

  Dekabrın 28-də Türkiyənin paytaxtı Ankarada Azərbaycan Gəncləri Ankara Həmrəyliyi (AGAH) ictimai birliyiTürkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB), Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Diaspora Dəstək Fondu və Ankara Səhiyyə və Sosial İnkişaf İnstitutunun əməkdaşlığı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirildi.

  Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) ev sahibliyi ilə olan mərasimdə Azərbaycan Gəncləri Ankara Həmrəyliyi (AGAH) ictimai birliyinin sədri Təbriz Raufoğlu (Cəfərov), YTB rəhbərinin müavini Sait Yusif, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Türkiyə millət vəkili Şamil Ayrım, Türkiyənin Azərbaycan və Moldovada səfiri olmuş tanınmış diplomat Hulusi Kılıç, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədr müavini Rəhilə Abdullayeva, Azərbaycan Səfirliyinin əməkdaşları, Türkiyə parlamentinin deputatları, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr və digər qonaqlar iştirak edirdi.

  Türkiyə və Azərbaycanın dövlətlərinin himnləri səsləndikdən sonra “AGAH səfir”, “AGAH millət vəkili”, “AGAH iş adamı” və digər nominasiyalar üzrə mükafatlar verildi.   

  “İlin AGAH-ları” mükafatlarına Azərbaycan və Türkiyənin ictimai həyatında fəallığı ilə seçilən adamlar layiq görüldü.

  Hulusi Kılıç “AGAH səfiri”, TAİB İdarə Heyətinin üzvü Vüqar Abdulla “İlin iş adamı”, TAİB-in baş koordinatoru Aygün Əliyeva “İlin AGAH STK təmsilçisi” mükafatlarına layiq görüldülər. Eyni zamanda, Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri, türkiyəli iş adamı Əhməd Baba, Hacettepe Xəstəxanası Beynəlxalq Əlaqələr ofisinin məsləhətçisi Ramilə İbrahimova, azərbaycanlı iş qadını Xatirə Həsənova, türkiyəli millət vəkilləri və digərlərinə AGAH-ın “Xidmətlərinə görə təşəkkür” mükafatları təqdim edildi.

  Mükafatlandırma mərasimi həm də maraqlı çıxışlarla yadda qaldı.

  Sait Yusuf YTB-nin fəaliyyəti, xüsusilə, layihələri haqqında iştirakçılara ayrıntılı məlumat verdi, Türkiyədə azərbaycanlı tələbələrin üstünlük təşkil etdiyini, ümumiyyətlə isə dünyanın hər yerindən ölkəyə təhsil almağa gələnləri Türkiyə mədəniyyətilə tanış etməkdən məmnun olduqlarını dilə gətirdi.

  Türkiyə millət vəkili Şamil Ayrım çıxışında bu tədbiri təşkil edən azərbaycanlı tələbələrə minnətdarlığını bildirdikdən sonra Azərbaycan-Türkiyə əlaqələri və ortaq layihələrdən bəhs etdi.

  Türkiyə, Azərbaycan və Moldovada tanınmış diplomat Hulisi Kılıc isə “Gənclərdən mükafat almaq mənim üçün çox xoşdur” deyərək Azərbaycan-Türkiyə əlaqələri və diplomatik xidmətindən bəhs etdi və bildirdi: “Məhz bu fəaliyyətlərimə görə Azərbaycan prezidentindən “Dostluq ordeni” alan ilk və hələlik son səfirəm. Atatürk deyirdi: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. İlham Əliyev də “Bir millətin iki diasporası ola bilməz” deyir. Bu, doğrudan da belədir. Biz hər zaman bir olmalıyıq”. H.Kılıç onu da qeyd etdi ki, “Azərbaycan gənclərinin təhsilalma, kitaboxuma həvəsi böyükdür, sayları çoxdur. Çünki təhsil hər zaman üçün vacibdir”.

  Vaxtilə Azərbaycandan Türkiyəyə təhsil almağa gələn ilk tələbələrdən olan, hazırda Konya şəhərində iş adamı olaraq fəaliyyət göstərən Vüqar Abdulla bu işdə böyük rolları olan Türkiyənin keçmiş prezidenti Turqut Özal və Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyi minnətdarlıqla xatırladı və xoş sözlər söylədi.  

  Mərasimin sonunda "Kitab Həmrəylik Mənbəyidir-2" müsabiqəsinin nəticələri elan olundu və qaliblər mükafatlandırıldı.

  Tədbir dəyirmi masa arxasında davam etdi.



Әlaqәli Xәbәrlәr