Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir

Azərbaycandakı bütün seçki məntəqələrində bələdiyyə seçkiləri ilə əlaqədar səsverməyə start verilib. (YENİLƏNİB)

1327735
Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir

Azərbaycandakı bütün seçki məntəqələrində bələdiyyə seçkiləri ilə əlaqədar səsverməyə start verilib.

118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməlidir.

Bələdiyyə seçkiləri 5049 seçki məntəqəsində keçiriləcək.

Seçici siyahılarına adları daxil edilən 4 972 356 seçici səs verəcək. Adlarını seçici siyahısında tapa bilməyən vətəndaşlar isə şəxsiyyət vəsiqəsini təqdim etməklə səs verə bilərlər.

Seçkilərdə 13 siyasi partiya iştirak edir, 41 462 namizəd qeydiyyata alınıb.

Seçki prosesini izləmək üçün 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Bu, məntəqələrin 20 faizini təşkil edir. Həmin məntəqələrdəki səsvermə prosesini dünyanın istənilən nöqtəsindən izləmək mümkündür.

Səsvermə 11 saat davam edəcək və saat yerli vaxtla 19:00-da başa çatacaq.

Bu arada, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs vermək üçün Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gəliblər.

Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.

Sonra birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva səs veriblər.

***

Azərbaycan Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə bağlı ilkin seçici fəallığını açıqlayıb.

 MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucovun verdiyi məlumata görə, respublika üzrə saat 10:00-a olan seçici fəallığı 423361 nəfər (8,51 faiz) təşkil edib.

***

Mərkəzi Seçki Komissiyası bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı saat 12:00-a olan seçici fəallığını da açıqlayıb.

 MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucovun saat 12:00-a olan səsvermənin gedişi və nəticələri barədə bildirib ki, respublika üzrə seçici fəallığı 898452 nəfər təşkil edib. Seçici fəallığı 18,07 faiz olub.

Qeyd edək ki, bələdiyyə seçkilərində səsvermə prosesinə bu gün yerli vaxtla saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq.

Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

***

Saat 15.00-a olan məlumata görə, respublika üzrə 1 milyon 336 min 733 seçici səs verib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov respublika üzrə seçici fəallığının 26,88 faiz olduğunu deyib.

***

Saat 17.00-a olan məlumata görə, respublika üzrə 1 milyon 520 min 133 seçici səs verib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov respublika üzrə seçici fəallığının 30,57 faiz olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr