Azərbaycanda Milli Yaylaq Festivalı

Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə iyulun 26-da ilk dəfə olaraq Gədəbəy rayonunda Milli Yaylaq Festivalına start verilib.

1243342
Azərbaycanda Milli Yaylaq Festivalı
Azərbaycanda Milli Yaylaq Festivalı_10.jpeg
Azərbaycanda Milli Yaylaq Festivalı_20.jpeg

  Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə iyulun 26-da ilk dəfə olaraq Gədəbəy rayonunda Milli Yaylaq Festivalına start verilib. İyulun 28-dək davam edəcək festival Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi ilə keçirilir.

  Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında, unikal konsepsiya əsasında təşkil olunan Milli Yaylaq Festivalına təşkilatçı və tərəfdaş qurumların rəhbər şəxsləri, dövlət və hökumət rəsmiləri, diplomatlar, 16 ölkədən nümayəndələr, o cümlədən Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, eləcə də yerli və xarici turistlər qatılıb.

  Festivalın açılış mərasimində çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev iştirakçıları salamlayaraq, Milli Yaylaq Festivalının təşkilində əsas məqsədinin Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq və elat mədəniyyətinin, unikal mədəniyyət nümunələrinin və tarixi abidələrinin nümayiş etdirilməsi və ərazinin turizm potensialının üzə çıxarılmasından ibarət olduğunu diqqətə çatdırıb.

  Kənd Təsərrüfatı naziri İnam Kərimov isə çıxışında həm festivalın önəmindən danışıb, həm də Azərbaycanın multikultural ölkə olduğunu vurğulayaraq, ölkədə azsaylı xalqların mehriban, dinc yanaşı yaşadığını diqqətə çatdırıb.

  Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Teoman Tiryaki çıxışında festivalın təşkilatçıları arasında olmalarından məmnunluğunu ifadə edib, tədbirə qatılan xarici ölkə nümayəndələrinin milli adət-ənənələrlə yaxından tanış olacağını vurğulayıb.

  Türkiyənin ölkədəki səfiri Erkan Özoral və “Cavadxan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov çıxış edərək, Milli Yaylaq Festivalının bölgədə turizmin inkişaf etdirilməsi, eləcə də qədim ənənələrin qorunub saxlanmasında oynayacağı roldan danışıblar.

  Festival iştirakçılarını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından salamlayan Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Azərbaycanın son illərdə xeyli inkişaf etdiyini bildirib. Birinci Milli Yaylaq Festivalında iştirakından məmnun olduğunu vurğulayan Bilal Ərdoğan deyib: “Belə bir festivalın təşkili Azərbaycanda milli idman növlərinin inkişafına çox güclü dəstəyin olduğunu göstərir. Azərbaycanda xüsusilə uşaqlar, gənclər öz milli idman növlərini öyrənməli, onları yaşatmalıdırlar”.

  Açılış mərasimindən sonra tədbir iştirakçıları Milli Yaylaq Festivalında adət-ənənələrlə tanış olub, ümumtürk milli idman növlərinə tamaşa ediblər.

  Miskinli yaylağında orijinal üslubda salınan “Yaylaq yurdu” adlı etno-qəsəbədə yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, cıdır meydanı, yaylaq (kənd təsərrüfatı) bazarı, sənətkarlıq guşəsi, “Dədə Qorqud” ocağı (tamaşaçılar üçün səhnə), yaylaq yatağı (ev heyvanları üçün yerlər), pəhləvan meydanı, “Aşıq Ələsgər” ocağı, yaylaq süfrəsi və digər tematik sahələr yaradılıb.

  Festival şərti olaraq mədəni–etnoqrafik, milli yaylaq (idman) oyunları, eko–etnoturizm adlı 3 hissədən ibarətdir.

  Milli Yaylaq Festivalı günlərində mədəni–etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər (yallılar, cəngilər), xalq mahnıları, müxtəlif xalq səhnələri və tamaşaları, əski xalq oyunları (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq–aşıq, molla mindi) təşkil olunub, yaylaq kulinariya nümunələri (odun üzərində bişən xörəklər - dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və sair) təqdim edilib. Həmçinin tətbiqi sənət nümunələrinin nümayişi və satış–sərgisi təşkil olunub.    

  Qoçların, qurdbasarların (çoban itlərinin) və yerli yorğa atların sərgi müsabiqəsi keçirilir. Yaylaq və spesifik kənd təsərrüfatı mallarının yarmarkası fəaliyyət göstərir. Festival müddətində ölkədə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların mədəni proqramları və nümunəvi çıxışları təqdim olunur.

  Festivalın milli yaylaq (idman) oyunları şərti adı altında keçirilən hissəsində qədim kökə söykənən yorğa at yarışları (müxtəlif məsafə və kateqoriyalarda), milli güləş yarışı, çaparaq at yarışları, çoban güləşi (kəmər güləşi), nümunəvi çıxışlar, atüstü milli oyunlar – Çövkən, Baharbənd, Sürpapaq, Piyalə, Ər endir (atüstü güləş), Gərdək qaçırmaq, Zorxana, Kəndirbazlıq və ox atma təşkil edilib.   

  Yaylaq festivalının eko–etnoturizm hissəsində isə turistlər üçün köhnə ənənəvi üslubda düzəldilmiş yurdlarda qalmaq imkanı yaradılıb.

  Şərti olaraq XVIII əsrin ənənəvi yaylağına səyahət də təşkil edilib. Belə ki, burada turistlər gün ərzində adi kənd həyatını yaşayırlar. Yəni, inək, qoyun-keçi otarır, onları sağır, ot biçir, taya düzəldir, atlara qulluq edir, nehrə çalır, tətbiqi sənətlə məşğul olur, milli xörəklərdən bişirir və dəyədə gecələyirlər. Həmçinin bölgənin məşhur yerlərinə - Koroğlu qalası, Mahrasa məbədi, Qız qalası və digər məkanlara turlar, at gəzintiləri, “Alman izləri” adlı xüsusi ekskursiyalar təşkil olunur.

 

Mənbə: azertag.az



Әlaqәli Xәbәrlәr