Türkiyənin Azərbaycandakı səfiri: "Azərbaycan Avropa üçün etibarlı təchizat mənbəyidir"

“TANAP Avropanın qaz ehtiyacını ödəməkdə xüsusi əhəmiyyət kəsb edir. Bu mənada Azərbaycan Avropa üçün etibarlı təchizat mənbəyidir”, E.Özoral

1230827
Türkiyənin Azərbaycandakı səfiri: "Azərbaycan Avropa üçün etibarlı təchizat mənbəyidir"

“TANAP Avropanın qaz ehtiyacını ödəməkdə xüsusi əhəmiyyət kəsb edir. Bu mənada Azərbaycan Avropa üçün etibarlı təchizat mənbəyidir”.

Bunu ADA Universitetində keçirilən regional enerji təhlükəsizliyi simpoziumunda Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O, “soyuq müharibə” dövründə hərbi sahədə təhlükəsizlik məsələsinin diqqət mərkəzində olduğu halda hazırda kiber və enerji kimi sahələrdəki təhlükəsizliyin ön plana çıxdığını söyləyib: “Bizim üçün enerji təhlükəsizliyin yüksək səviyyəsi, bu sahədəki islahatlar və şaxələndirmə mühüm əhəmiyyət daşıyır. Bu mənada Türkiyə ərazisindəki boru kəmərləri əyani göstərici sayıla bilər”.

Türkiyə ilə Avropa İttifaqı arasındakı münasibətlərin mühüm parçası kimi enerjini göstərən səfir bu məsələdə Azərbaycanın  rolunu xüsusi vurğulayıb.

“Hələ 10 il əvvəl Azərbaycandan neft tədarükü barədə çox danışılırdısa, bu gün TANAP və Cənub Qaz Dəhlizi (SGC) haqqında söhbət gedir. Yüzillər boyu biz Avropanın bir hissəsi olmuşuq. Türkiyəsiz Avropa tarixini təsəvvür etmək mümkün deyil. Avropanın siyasətində də, təhlükəsizliyində də böyük yerimiz var”, – diplomat bildirib.

“Türk axını-2” layihəsinə toxunan E.Özoral vurğulayıb ki, Avropa ölkələri özləri bu layihəyə qoşulub-qoşulmayacaqlarına dair qərar verəcəklər./report.az



Әlaqәli Xәbәrlәr