9 May - Qələbə Günü münasibətilə Bakıda təntənəli mərasimlər keçirilir

Faşizm üzərində qələbə Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.

1197778
9 May - Qələbə Günü münasibətilə Bakıda təntənəli mərasimlər keçirilir

Bu gün 9 May - Qələbə günüdür.

Alman faşizmi üzərində qələbədən 74 il ötür.

Müharibə nəticəsində 60 milyona yaxın insan həlak olub.

Azərbaycanlılar bu müharibədə istər ön, istər arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Qələbənin təmin olunmasında Bakı neftinin mühüm rolu olub. Müharibəyə yollanan 650 min Azərbaycan vətəndaşının 420 mini geri qayıtmayıb. Göstərdikləri misilsiz şücaətin müqabilində 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər isə "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz şücaətləri ilə Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb.

Müharibə dövründə iqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılıb. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilər qəhrəmanlıq və fədakarlıq göstərib, cəbhəni və sənayeni yanacaqla təmin ediblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Neftçilərin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilib, 1941-ci ildə 23,5 milyon ton "qara qızıl" çıxarılıb. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olub. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib.

Faşizm üzərində qələbə Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Preziden İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən cəsur sərkərdənin xatirəsini ehtiramla yad edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Böyük Vətən müharibəsi veteranları ilə xatirə şəkli çəkdiriblər.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin qarşısından keçib.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İkinci Dünya müharibəsinin iştirakçısı, partizan, Hollandiya Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, Niderlandın azərbaycanlı Milli Qəhrəmanı Məmməd Məmmədovun ailə üzvləri və Oistervijk şəhərinin meri Hans Janssen ilə görüşüblər.

Dövlət başçısı və xanımı iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə görüşüblər, Qələbə günü münasibətilə onları təbrik ediblər.

Mərasimdə Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.



Әlaqәli Xәbәrlәr