Azərbaycanlı polkovnikə ABŞ-da yüksək vəzifə verildi

Nəimi Əmiral, eyni zamanda F-35 Baş Ofisində Partnyorlarla Əlaqə və Xarici Satışlar Şöbəsində Ştab komandiridir.

Azərbaycanlı polkovnikə ABŞ-da yüksək vəzifə verildi

 

  ABŞ Hərbi Dəniz Qüvvələrində polkovnik-leytenant rütbəsi ilə xidmətdə olan “John” ləqəbli həmyerlimiz Nəimi Əmiral ABŞ Müdafiə Departamentinin F-35 Beşinci Nəsil Döyüş Təyyarələri Baş Ofisində Türkiyə Proqramı Meneceri təyin edilib.

  Nəimi Əsgər oğlu Əmirəl (John Naimi Amiral) Amerika Birləşmiş Ştatlarının Rumıniyada istifadəyə verilən NATO Ballistik Raketlərə qarşı Müdafiə Sistemində Xarici Əlaqələr Bürosunun direktoru vəzifəsində çalışır. Bir neçə ay öncə ABŞ Hərbi Dəniz Donanması və Dəniz Qüvvələrinin şərəf medalı ilə təltif olunub.

  Con Nəimi Əmirəl əslən Naxçıvanın Babək rayonunun Nehrəm kəndindəndir. O, uzun müddətdir ki, Amerika Birləşmiş Ştatlarında yaşayır və Amerika ordusunda xidmət edir. ABŞ Hərbi Dəniz Qüvvələrində Xarici Əlaqələr üzrə Komandir vəzifəsində çalışır. 

  Pentaqonda F-35 tipli qırıcı təyyarələrin baş ofisində məsul vəzifədə işləyib. Həmçinin İnsan Hüquqları üzrə Virciniya Dövlət Şurasının İdarə Heyətinin keçmiş üzvü, NATO-nun Əfqanıstan üzrə Təlim Misssiyasında yüksək vəzifələrdə çalışıb.

  ABŞ-ın Respublikaçılar Partiyasının nümayəndəsi olan Nəimi Əmirəl Amerika tarixində ilk azərbaycanlı olaraq Vircinia Əyalət Məclisinə daxil olmaq üçün partiya namizədi olub. O, Vaşinqton Milli Müdafiə Universitetinin məzunudur. ABŞ Hərbi Dəniz Qüvvələri Zabitlərinin hazırlandığı hərbi məktəblərdə də təhsil alıb. Bununla yanaşı, Nyu-Yorkda yerləşən nüfuzlu universitetlərdə siyasi əlaqələr, biznes və maliyyə ixtisaları üzrə təhsilini davam etdirib.

  Nəimi Əsgər oğlu Əmirəl Con Naimi Amiral adını götürməsinin səbəbini izah edib: “Amerikaya gəldiyim ilk günlərdə heç kəs adımı deyə bilmirdi. Hamı mənə Con deyirdi. Ona görə də bu sözü təxəllüs kimi götürdüm. Nəimi adını isə mənə rəhmətlik atam qoyub. Şair Nəsiminin müəllimi Fəyzullah Nəiminin adıdır”.

  Qeyd edək ki, bir neçə gün bundan əvvəl Azərbaycan əsilli komandir Amerikada səfərdə olan Türkiyə Müdafiə naziri general Hulusu Akarla və Türkiyə prezidentinin sözçüsü İbrahim Kalınla da görüşüb.



Әlaqәli Xәbәrlәr