“Şairlər günü” Nigar Rəfibəyli və Nigar Bint Osmanın xatirəsinə həsr edildi

Azərbaycanın Gəncə şəhərində “Şairlər günü” münasibətilə azərbaycanlı və türkiyəli yazarların birgə iştirakı ilə Azərbaycanın Xalq Şairi Nigar Rəfibəylinin və türk şairi Nigar Bint Osmanın xatirəsinə həsr edilmiş ədəbi-bədii görüş təşkil olunub.

983778
“Şairlər günü” Nigar Rəfibəyli və Nigar Bint Osmanın xatirəsinə həsr edildi

Azərbaycanın Gəncə şəhərində “Şairlər günü” münasibətilə azərbaycanlı və türkiyəli yazarların birgə iştirakı ilə Azərbaycanın Xalq Şairi Nigar Rəfibəylinin və Türk şairi Nigar Bint Osmanın xatirəsinə həsr edilmiş ədəbi-bədii görüş təşkil olunub.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə Yazıçılar Birliyinin sədri, Xalq Şairi Anar, AYB-nin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, AYB-nin Qazax bölgəsinin sədri Barat Vüsal, İLESAM-ın (Türkiyə Elm və Ədəbi Əsər sahibləri Birliyi) sədri Mehmet Nuri Parmaksız, türkiyəli yazarlar Yadigar Sarı, Yalçın Gülhankaya, Kemal Gürbirz, eləcə də Gəncə ədəbi-mədəni mühitinin tanınmış yazarları, elm, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məhsəti Gəncəvi Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasında nəğməkar şairə Nigar Rəfibəylinin sözlərinə bəstələnmiş mahnılar sələndirilib.

Sonra tədbir mərkəzin konfrans zalında davam edib.

Tədbiri açan AYB-nin Mətbuat xidmətinin rəhbəri, “Şairlər günü” layihəsinin təsisçisi Xəyal Rza bu günün yaranma ideyasından danışıb. Bildirib ki, “Şairlər günü” ideyası ilk dəfə 8 il bundan qabaq Bakıda reallaşıb. Az müddətdə türk dünyasından olan yazarların da qoşulduğu layihə beynəlxalq status qazanıb. Ötən ildən başlayaraq “Şairlər günü” layihəsi respublikamızın regionlarında, yəni Beyləqan və Şabranda icra edilməyə başlanıb.

Layihənin artıq bütün türk dünyasında böyük bir ədəbi hadisəyə çevrildiyini deyən Xəyal Rza qeyd edib ki, bu ildən başlayaraq “Şairlər günü” layihəsi həm əhatə dairəsinə, həm də iştirakçı dövlətlərin sayına görə öz fəaliyyətini daha da genişləndirərək Gürcüstanda, eləcə də respublikamızın bölgələrində Bakı, Gəncə, Sumqayıt, Şamaxı, Şabran, Beyləqan, Şəmkir və Tovuzda keçiriləcək.

Xəyal Rza vurğulayıb ki, “Şairlər günü” layihəsinin əsas məqsədi türk dünyasının şair və yazıçılarını geniş ictimaiyyətə təbliğ etmək, həmçinin müasir yazarlar arasındakı ədəbi-mədəni və yaradıcılıq əlaqələrini daha da möhkəmləndirməkdir. “Biz istəyirik ki, özlərinin ədəbi-bədii yaradıcılığı ilə bəşəriyyətin mədəniyyət xəzinəsinə böyük töhfələr bəxş etmiş və bütün türk dünyası üçün ortaq ədəbi abidələr yaratmış, eyni zamanda, insanları öz əsərləri ilə sülhə, birgəyaşayışa, humanizm dəyərlərini qoruyub saxlamağa səsləyən bu böyük ədibləri gənc nəslə təbliğ edək və onlara tanıdaq”, - deyə Xəyal Rza qeyd edib.

Tədbirdə çıxış edən AYB-nin sədri, Xalq Şairi Anar həm “Şairlər günü” layihəsinin ilk dəfə Nizami yurdunda icra olunduğuna, həm də Azərbaycanın görkəmli şairi Nigar Rəfibəylinin yaradıcılığına həsr edildiyinə görə məmnunluğunu ifadə edib.

Anar Nizami yurdunun tarixən ədəbi-mədəni mərkəz kimi Azərbaycan tarixindəki mövqeyindən və dünyaya bəxş etdiyi tarixi şəxsiyyətlərdən bəhs edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Rəfibəylilər nəslinin faciələrlə üzə-üzə qaldığını, böyük məhrumiyyətlər yaşadığını, Nigar Rəfibəylinin atasının və yaxın qohumlarının “qırımızı terrorun” qurbanı olduqlarını, repressiya və sürgün edildiklərini, bir çox qohumlarının isə Vətən həsrəti ilə qürbət ellərdə ağır mühacir həyatı yaşadıqlarını diqqətə çatdırıb.

İLESAM-ın sədri Mehmet Nuri Parmaksız “Şairlər günü” layihəsinin əhəmiyyətindən söz açıb. Bildirilib ki, bu cür tədbirlərin keçirilməsi türk dünyasının yazarları arasındakı mənəvi bağlılığı gücləndirməklə, həm də eyni dövrdə yaşamış, yaxud həyat və yaradıcılıqlarında müxtəlif məhrumiyyətlərlə qarşılaşan yazarların əsərlərini müqayisə və təhlil etmək, eləcə də paralellər aparmaq baxımından dəyərlidir.

Sonra çıxış edən tanınmış ədiblər və ziyalılar – Xəzangül Hüseynova, Barat Vüsal, Sahib İbrahimli, Bəxtiyar Muradov, Aləmzər Əlizadə, Nüşabə Məmmədli, Vəfa Cəfərova Nigar Rəfibəylinin həyat və yardıcılığından danışıb, şairənin ədəbi-bədii irsini, lirik duyğulu şeirlərini, həmçinin dünya klassiklərindən etdiyi çoxsaylı bədii tərcümələrini yüksək qiymətləndiriblər.

Tədbir Nigar Rəfibəyli adına 43 saylı tam orta məktəbin şagirdlərinin ifasında görkəmli şairənin həyat və yaradıcılığına həsr edilmiş ədəbi-bədii kompozisiyanın nümayişi ilə sona çatıb.

 

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr