Güclü Türkiyə və güclü Azərbaycan bölgənin təhlükəsizliyinin təminatçısı olacaq

Bunu Türkiyənin baş naziri Binəli Yıldırım Milli Məclisdə Oqtay Əsədovla keçirdiyi görüş zamanı dedi.

930089
Güclü Türkiyə və güclü Azərbaycan bölgənin təhlükəsizliyinin təminatçısı olacaq

Azərbaycanda Milli Məclisin sədri Oqtay Əsədovla görüşən Binəli Yıldırım Türkiyə və Azərbaycanın qardaş ölkələr olduğunu, Azərbaycanda özlərini yad hiss etmədiklərini bildirdi.

 Azərbaycan və Türkiyə arasında əlaqələrin gündən- günə inkişaf etdiyini qeyd edən Yıldırım Azərbaycan prezidenti İlham Əliyev ilə keçirdiyi görüşdə iki ölkə arasındakı əlaqələri yenidən nəzərdən keçirdiklərini söylədi.

 İki ölkə arasındakı münasibətlərin hər cəhətdən inkişaf etməyə davam etdiyini bildirən Yıldırım: "Qafqazda Azərbaycanı bölgənin bir təminatçısı, qarant ölkəsi kimi görürük. Bölgənin sabitliyinin davam etməsi baxımından Azərbaycanın güclü olması, Azərbaycan və Türkiyə münasibətlərinin daha da inkişaf etməsi lazımdır" deyə danışdı.

 Baş nazir ötən günlərdə Xocalı Qətliamının ildönümünün qeyd olunduğunu,  TBMM-də Xocalı soyqırımına aid sərgi açıldığını xatırladaraq: "Sərgi  Xocalıda yaşanan vəhşəti, qeyri-insani qətliamı ən açıq şəkildə göstərir. Təbii ki, Azərbaycanın Dağlıq Qarabağ məsələsi hələ qanayan bir yaradır. Bu səhv mütləq günün birində düzələcək. Biz buna inanırıq. Türkiyə hər zaman Azərbaycanın bu haqlı davasında  onun yanında olmağa davam edəcək" dedi.

Türkiyənin Baş naziri Türkiyə-Azərbaycan-Gürcüstan Parlamentləri Xarici Əlaqələr Komissiyasının iclasının fevral ayında Türkiyədə keçiriləcəyi barəsində məlumat verərək bunları söylədi: "Türkiyə,Azərbaycan, Gürcüstan regional əməkdaşlığın ən gözəl nümunələrini sərgiləyən üç ölkədir. 2004-cü ildə Bakı-Tiflis-Qars dəmir yolu layihəsini gündəmə gətirəndə layihənin gerçəkləşəcəyinə heç kim inanmırdı. Hörmətli prezident Əliyev və cənab prezidentimiz layihəyə böyük əhəmiyyət verdilər. Biz də  layihəni başa çatdırdıq.  Azərbaycan və Türkiyə arasında fasiləsiz nəqliyyatı təmin edən, bütün Orta Asiya və Uzaq Şərq coğrafiyasını Qafqaz üzərindən Avropaya bağlayan bu layihə strateji əhəmiyyətə malikdir. Bu ilin sonunda açılması nəzərdə tutulan TANAP layihəsi də  yalnız Türkiyə, Azərbaycan, Gürcüstan və Orta Asiyanın  deyil, eyni zamanda, Balkanlar və Avropnın enerji təhlükəsizliyini təmin edəcək".

Binəli Yıldırım ticarət müqaviləsi nəticəsində iki ölkə arasında məhsul müxtəlifliyində artımların olduğunu bildirdi.

Azərbaycanla Türkiyə arasında qarşılıqlı sərmayələrin hər iki ölkədə 10 milyard dollardan çox olduğunu vurğulayan Yıldırım: "Gələcək illəri nəzərə alsaq, güclü Azərbaycan, güclü Türkiyə müəyyən mənada bölgənin təminatçısı olacaqlar. Bəzi ölkələrin Azərbaycan və Türkiyəyə aid mənfi fəaliyyətləri nəticəsiz qalacaq. Türkiyə-Rusiya  münasibətlərinin inkişaf etməsi də bölgənin inkişafına töhfə verir" dedi.

Türkiyənin baş naziri 15 mart, cümə günü keçiriləcək VI  Qlobal Bakı Forumunda bütün bu məsələlərin ətraflı şəkildə müzakirə olunacağını bildirdi.

 Görüşdə AK Partiya qrupunun sədr müavini Mehmet Muş, AK Partiya sədr müavini Mehdi Eker, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdət Ünüvar, MHP-nin İstanbul millət vəkili Ekmələddin İhsanoğlu, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Hikmət Çətin, Xarici İşlər nazirinin Müavini Əhməd Yıldız, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və Nazirlər Kabinetinin Xarici Siyasət Məsələləri üzrə baş məsləhətçisi Kərim Uras iştirak edirdilər.



Әlaqәli Xәbәrlәr