"Q.Qarayev öz yenilikçi yaradıcılığı ilə bir sıra “ilk”lərə imza atıb", F.Əlizadə

Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzedilməz rolu olan dünyaşöhrətli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illi yubileyi münasibətilə fevralın 15-də Ankara Qazi Universitetində xatirə və əsərlərindən ibarət musiqi proqramı təşkil edildi

911892
"Q.Qarayev öz yenilikçi yaradıcılığı ilə bir sıra “ilk”lərə imza atıb", F.Əlizadə

  Azərbaycan və Türkiyənin rəsmi nümayəndələri, musiqi alimləri və digər qonaqların iştirak etdiyi tədbir Qara Qarayev haqqında çıxan kitabların sərgisi ilə başlandı.

  Proqramın rəsmi hissəsini tədbirin əsas təşkilatçısı TÜRKSOY-un Baş katibi Düsen Kaseinov açaraq bəstəkar haqqında ümumi məlumat verdi:

  “Qara Qarayev Azərbaycan musiqi tarixində yeni milli bəstəkarlıq məktəbinin yaradıcısı kimi yer tutur. Bəstəkarın özünəməxsus, dərin fəlsəfi məzmunu və yüksək professionallığı ilə seçilən əsərləri yalnız Azərbaycanda, keçmiş Sovetlər Birliyində deyil, dünyada – ABŞ, İngiltərə, Fransa, Almaniya, Misir, Türkiyə, Çexiya, Polşa, Rumıniya və başqa ölkələrdə böyük şöhrət qazanmışdır. Hal-hazırda da ən yaxşı Qərb dirijorlarının konsert proqramlarında, musiqili teatrların repertuarında layiqli yer tutmaqdadır.”

  Sonra dahi bəstəkarın tələbəsi, Azərbaycan musiqisini dünya miqyasında tanınan görkəmli bəstəkar Firəngiz Əlizadə çıxış etdi:

  “Qara Qarayev elə ilk əsərlərindən musiqi ictimaiyyətinin diqqətini çəkib. Mövzu baxımından və üslubca bir-birindən kəskin fərqlənən “Sarskoye selo heykəli» fortepiano pyesi (1937) və milli koloriti ilə seçilən «Könül nəğməsi» kantatası (1938) bəstəkarın yaradıcılıq axtarışları haqqında aydın təsəvvür yaradır. Onun məqsədi böyük Üzeyir Hacıbəyovun Azərbaycan musiqisini çağdaş dünya musiqi mədəniyyətinin inkişaf yoluna çıxarmaq sahəsində başladığı işi davam etdirmək idi. Qarayev müsahibələrindən birində bu haqda belə deyirdi: “...Mən təhsilə Bakıda Ü.Hacıbəyovdan başlamışam, Moskvada D.Şostakoviçlə isə tamamlamışam. Ona görə Şərq və Qərb ilk gündən məndə bir vəhdət təşkil edib. Mən sanki iki ananın oğluyam”. Bəstəkar sonralar da bütün yaradıcılığı boyu məqalə, mühazirə və çıxışlarında Azərbaycan musiqisində Şərq və Qərbin sintezi məsələsinə önəm vermiş, fərqli musiqi mədəniyyətlərinin qarşılıqlı əlaqədə öyrənilməsi və vəhdəti təcrübəsini tövsiyə etmişdir.

    Böyük bəstəkar Azərbaycan musiqisini dünya musiqisinin ayrılmaz hissəsi hesab edirdi. Qarayevin doğru bildiyi yol Azərbaycan musiqi ənənələri ilə Qərb musiqisinin nailiyyətlərini üzvi surətdə birləşdirmək, sintezini yaratmaq idi. Və o, yaradıcılığında bu yolu tutdu. Onun müəllimi, dahi rus bəstəkarı Dmitri Şostakoviç də bu sözləri hər zaman təkrar edirdi.

  Q.Qarayev müxtəlif xalqların həyatını əks etdirən və müxtəlif millətlərin (Afrika, İspaniya, Vyetnam, bolqar və s.) musiqi folkloruna əsaslanan əsərlər də bəstəyləyib.  

  Bəstəkar öz yenilikçi yaradıcılığı ilə bir sıra “ilk”lərə imza atıb. Qara Qarayev əsərləri dünya səhnələrində ifa olunan, beynəlxalq aləmdə tanınan ilk Azərbaycan bəstəkarıdır. O, “Birinci simfoniya”sı ilə Azərbaycanda simfoniya janrının təməlini qoyub. Bəstəkar musiqi sənətinin bütün janrlarında əsərlər yazıb.

  Qara Qarayevin yazdığı iki balet onun yaradıcılığında önəmli yer tutur: “Yeddi gözəl” (1952, N.Gəncəvinin eyniadlı poeması əsasında) və “İldırımlı yollarla” (1958, Güney  Afrika yazıçısı P.Abrahamsın eyni adlı roman üzrə). Mürəkkəb fəlsəfi və ictimai mövzuları əks etdirən bu baletlərdə bəstəkar klassik baletin ənənələrindən və Azərbaycan musiqisinin incəliklərindən məharətlə bəhrələnərək novator əsərlər yaradıb.

  Q.Qarayev bacarıqlı pedaqoq, iti zəkaya və geniş biliyə malik alim və ictimai xadim idi. O, Azərbaycan Dövlət Konservatoraiyasında dərs deyib, bəstəkarlıq kafedrasına rəhbərlik edib, professor, respublika Elmlər Akademiyasının akademiki olub. Üslubca bir-birindən fərqlənən, yüksək professionallığı ilə seçilən V.Adıgözəlov, A.Məlikov, X.Mirzəzadə, F.Qarayev və D.Qarayev və o cümlədən, mən Qarayev məktəbinin yetirmələriyik.

  Qara Qarayev biz həmişə deyirdi: “Əgər bəstəkar olmaq istəyirsinizsə, birinci olaraq azad düşüncə sahibi olmalısınız”.

  Firəngiz Əlizadənin çıxışından sonra tribunaya Qazi Universitetinin rektoru, professor İbrahim Uslan qalxaraq öncə belə böyük şəxsiyyətin xatirə tədbirinin onların universitetlərində keçirilməsindən məmnunluq duyduğunu dilə gətirdi. Rektor qonaqlara Qazi Universitetinin yaranma tarixi və onun tanınan yetirmələri haqqında ümumi məlumat verdi.

  Türkiyə Dövlət Aparatı Baş məsləhətçisi Yalçın Topçu isə çıxışına: “Öncə salonda olan hər kəsə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın salamlarını yetirirəm”, - deyərək başladı. TÜRKSOY-un türk dünyasında etdiyi xidmətləri yüksək qiymətləndirən Y.Topçu Qara Qarayevin bir bəstəkar kimi üzləşdiyi problemlər və dövrün Azərbaycan başçısı Heydər Əliyevin onu necə müdafiə etdiyi və mükafatlandırdığı məqamlarına toxundu.

 Azərbaycan Respublikasının Türkiyədəki səfiri Xəzər İbrahim də çıxış edərək əvvəlcə tədbirin keçirildiyi Qazi Universitetində həm də uzun illər boyu çox sayda azərbaycanlının təhsil aldığı və bu gün bu insanların həm Azərbaycan, həm də Türkiyənin müəyyən elmi fəaliyyət sahələrində böyük uğurlara imza atdığını vurğuladı. Səfir Böyük bəstəkar Qara Qarayevin 100 illik yubileyinin həm də Azərbaycan Cümhuriyyətinin 100 yaşına təsadüf etdiyini də xatırlatdı.

  Proqramın rəsmi hissəsindən sonra Azərbaycanın böyük yenilikçi bəstəkarı Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı başladı.

  Konsertdə Azərbaycanın Xalq artisti, professor Gülşən Annağıyevanın ifasında bəstəkarın “Altı prelüd”ü səsləndi. Mezzosoprano Mədinə Tuqanova “Gürcüstan təpələrində” və “Mən size sevirəm” ariyalarını  oxudu. Azərbaycan və Türkiyənin tanınmış musiqi xadimi, TRT Ankara Radiosu Çoxsəsli Xorunun rəhbəri Elnarə Kərimovanın dirijorluğu ilə xor, “Hitit” Oda Orkestri və Azərbaycan Xalq artristi, professor Toğrul Qəniyevin solo skripka ifası ilə birgə təqdimatda Qara Qarayevin “Üç miniatür” əsəri və “Yeddi gözəl” baletindən “Adaqio” səsləndi.   

  Qeyd edək ki, Azərbaycanın məşhur bəstəkarı Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda ziyalı ailəsində anadan olub. Atası Əbülfəz Qarayev Azərbaycanın tanınmış pediatrı, tibb elmləri doktoru, professor, anası Sona Axundova-Qarayeva isə hərtərəfli təhsil almış, poeziya və musiqiyə həvəs göstərən istedadlı Azərbaycan xanımı idi. Valideyinləri onun həkim olacağını düşünsələr də, hərtərəfli inkişaf etməsi üçün musiqi məktəbinə də göndərirlər. Elə buradan da balaca Qaranın gələcəyə yolu başlanır. Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbini bitirdikdən sonra musiqi texnikumunda təhsil alır. Onun bəstəkar kimi yetişməsində Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq və Azərbaycan xalq musiqisinin əsasları siniflərində və Moskva Dövlət Konservatoriyasının bəstəkarlıq sinfində aldığı təhsil, ünlü ustadların - Azərbaycan professional bəstəkarlıq məktəbinin yaradıcısı Ü.Hacıbəyov və XX əsrin böyük rus bəstəkarı olan D.D. Şostakoviçin verdiyi dərslər önəmli rol oynayib. Qara Qarayev Şərq və Qərb musiqi mədəniyyətlərinin sintezini Azərbaycan musiqi sənətində yüksək səviyyəyə çıxaran dünyaşöhrətli bəstəkar sayılır. 1982-ci ilin 13 mayında vəfat edib və Bakıda I Fəxri Xiyabanda dəfn olunub.

  Bir gün Qara Qarayev və Nazim Hikmət mühüm bir tədbirdə iştirak etmək üçün birlikdə  salona daxil olarkən qapıda Qarayev şairə hörmətlə “Nazim əfəndi, buyurun” deyir. N.Hikmət də cavabında “Xeyr, öncə siz buyurmalısınız” deyə israr edir. Bəstəkar şairdən yaşca kiçik olmasını və onun şəxsiyyətini  nəzərə alaraq “Nazim əfəndi, xahiş edirəm, siz böyüksünüz” söyləyir. Nazim Hikmət isə «Əvvəlcə dahilər, sonra böyüklər» deyərək Qarayevi qucaqlayıb salona salır.



Әlaqәli Xәbәrlәr