Tehran-Ərdəbil-Təbriz-Urmiya bayram-səyahət səfərləri başladı

Ramazan Bayramı turizm səfəri 16-23 iyun tarixlərində Türkiyə ilə birgə təşkil edilir.

901455
Tehran-Ərdəbil-Təbriz-Urmiya bayram-səyahət səfərləri başladı

   Tehran-Qəzvin-Zəncan-Ərdəbil-Səreyn-Təbriz-Kəndivan-Urmiya səyahət turuna qatılmaq istəyənlər ən gec aprelin sonuna qədər müraciət etməlidir.

  16-23 iyun tarixlərində Türkiyə ilə birgə İrana Ramazan Bayramı turizm səfəri təşkil edilir.

  Təşkilatçılar Kamal Təbrizli və həyat yoldaşı Diana bu turizm turu ilə bağlı məlumat verərək dedilər: “2018-ci il xaricdən gələnlər üçün yeni imkanlar açır. Bu ilki turizm turu da ötən illər dəfələrlə təşkil etdiyimiz proqramlar əsasında hazırlanıb. Türkiyə ortağımız Heydər Cəfəroğludur. Təyyarə 16 iyun şənbə günü axşam Türkiyədən qalxır, Tehrana enir və 23-ündə Ankaraya dönür. Səyahətçi Türk Hava Yolları və ya Pegasus Hava Yollarından hansını istəsə, seçmək imkanı var. Bildiyiniz kimi, İran Türkiyə vətəndaşlarına viza tətbiq etmir. Bu, səyahəti asanlaşdırır. Sadəcə xarici pasportun olması yetərlidir. Qiymətimiz də münasibdir.”

  Türkiyədən İrana səyahət turunun əsas proqramı belədir.

  Təyyarə Ankaradan əvvəlcə Tehrana gedir. İlk gün İmam Xomeyni məqbərəsinin ziyarətilə başlayır. Sonra paytaxt Tehranın qədim yerləri, şəhərin şimal hissəsində yerləşən, təbiət qoynunda yerləşən, Dərbənd adlanan mənzərəli məkan var sırada. Buradan bütün Tehran mənzərəsi açılır göz önündə.  

  İrana səyahət turunun ikinci günü turistləri dağ başındakı Ələmut (Alamut) qalası gözləyir. Qalanın tarixi və Həsən Səbbah macəraları ilə tanış olduqdan sonra Səfəvilər dövlətinin paytaxtlarından olan Azərbaycan şəhəri Qəzvin səyahəti başlayır.

  Yol üstündə Moğolların möhtəşəm əsəri olan Sultaniyənin ziyarətindən sonra Zəncan şəhəri gəlir. Zəncanın köhnə hamamı və muzeyi gəzilir.

  Sonra Azərbaycan şəhəri Ərdəbilə səyahət başlayır. Miyana və Xalxal şəhərlərindən keçib Ərdəbildə Şah İsmayil Xətai məqbərəsi ziyarət edilir. Axşam Səreynin mineral sulu (termal) məşhur hamamı istəyənlərin ixtiyarında olur.

  Ertəsi gün yüzillər boyu İran və Azərbaycanın dövlətlər paytaxtı olmuş Təbrizə yolçuluq başlayır. Təbrizdə Şairlər məqbərəsi, Göy məscid, Bələdiyyə Binası, Azərbaycan Muzeyi, Örtülü bazar, El gölü kimi tarixi məkanlar gəzilir.

  Təbrizdən sonra onun 50 km.-lik məsafəsində yerləşən minillik qaya evlərilə məşhur Kəndivan gəzintisi gəlir ki, bura insana böyük təbiət zövqü yaşadır.

  Turistlər Təbrizin şimalındakı Eynalı dağına da çıxmaq imkanı qazanır. Orada həm yemək yeyir, həm də Təbrizin gözəl mənzərəsini yuxarıdan seyr etmək mümkündür.

  Təbrizdən sonra Urmiya gölünü keçib, 2 saatdan sonra şəhərinə varılır. Burada Bənd və “Dəniz sahili” parkı gəzilir.

  Ertəsi gün turistlər Urmiyadan Esen Dere sərhəd qapısına yollanır, İrandan çıxıb Türkiyəyə keçirlər. Üç saatlıq yolçuluqdan sonra Vanda tur imkanı olur. Sonda Ankaraya geri qayıdılır.

  Təşkilatçı Kamal Təbrizi deyir: “Türkiyədən İrana səyahət turu ən az 6 nəfərin iştirakılə 5 gün içində gerçəkləşir. Tehran-Qəzvin-Zəncan-Ərdəbil-Səreyn-Təbriz-Kəndivan-Urmiya səyahət turuna qatılmaq istəyənlərdən ən gec aprel ayının sonuna qədər müraciət etmələri rica olunur. Turistlər bu səyahətdən çox böyük mənəvi zövq alır. Maddi tərəfi isə 1650 lirə və üstəgəl təyyarə pulundan ibarətdir. Maraqlananlar müraciət edə, eyni zamanda, suallarını Kamal Tabrizli “facebook” və ya knik70yahoo.com ilə çatdıra bilərlər.”



Әlaqәli Xәbәrlәr