Berlində azərbaycanlıların "İşıq Yol"u fəaliyyətə başladı

Almaniyanın paytaxtı Berlin şəhərində “İşıq Yol” Azərbaycan Kültür və Ədəbiyyat Dərnəyi start götürdü.

821849
Berlində azərbaycanlıların "İşıq Yol"u fəaliyyətə başladı

  Almaniyanın paytaxtı Berlin şəhərində “İşıq Yol” Azərbaycan Kültür və Ədəbiyyat Dərnəyi fəaliyyətə başladı.

  Dərnəyin yaradıcılarından olan Azərbaycanlı şairə xanım Şərifə Cəfəri mərasimi açaraq qonaqlara müraciət etdi: “Bu gündən - sentyabr ayının 30-undan fəaliyyətə başlamış sayılırıq. Dərnəyimiz mədəniyyət yönlüdür. Ana dili və ədəbiyyatımıza xidmət etmək, uşaqlarımıza, gənclərimizə milli ruhu aşılamaq amacıyla açılır.  Almaniya, Türkiyə, Güney və Quzey Azərbaycandan olan siz qonaqlarımızın iştirakı bizi çox sevindirir. Demək, ölkələrimizdən müəyyən səbəblərə görə ayrı düşmüşük. Tale bizi Almaniyada bir araya gətirib. Amma yaxşı burada tək deyilik. Bizimlə əl-ələ vermək üçün “İşıq Yol”un açılışına gəldiyiniz üçün dərin təşəkkürümüzü bildiririk. Xoş gəlmisiniz öz Dərnəyinizə”.

  Sonra Dərnəyin sədri Mürteza Dizeci “İşıq Yol”un məqsəd və məramından bəhs etdi: "İşıq Yol" Dərnəyinin məqsədi və amalı Azərbaycan birliyini saxlamaq, böyük millət kimi qədim tarix və mədəniyyətə sahib olduğumuzu bütün dünyaya tanıtdırmaqdır. Nəinki dünyaya, İrandan ayrı-ayrı ölkələrə səpələnmiş azərbaycanlıların özlərinə belə özümüzü tanıtmaq və inam yaratmaq istəyirik. Məqsədimiz tariximiz, babalarımızdan bizə miras qalan milli, mənəvi, mədəni dəyərləri - varlığımızı qorumaqdır."

  M.Dizeci Dərnəyin nəzdində müxtəlif kursların da fəaliyyət göstərəcəyinə toxunaraq dedi: "Ayda iki dəfə şeir və nəsr gecələri olacaq. Almaniyada yayılan dərgilərə imkan və şəraitdən asılı olaraq ildə 2-3 dəfə Güney Azərbaycanı və İranda yaşayan bütün türklərin varlığını və özəlliklərini əks etdirən məqalələr veriləcək,         Ana dili, musiqi, rəqs, teatr kursları olacaq. Ayda bir gün Xanımlar Günü və burada ailə-məişət və uşaq mövzularında müxtəlif söhbət və diskusiyalar təşkil ediləcək. Uşaqlar üçün müxtəlif maraqlı gəzintilər, oyunlar, əyləncələr, dərslərindən çətinlik çəkən uşaqlara isə yardım məqsədilə ana dili, ingilis dili, riyaziyyat və digər fənnlər kurslar təşkil olunacaq. Almaniyaya sığınmaq üçün gələn və məsləhətə və s. ehtiyacı olan söydaşlarımız üçün məsləhət saatı təşkil etmişik. Təqvimdə əlamətdar günlərlə bağlı ədəbi-bədii gecələr, o cümlədən, Şəhidlərin Xatirə Günü olacaq. Həftədə iki gün "Kitabxana və araşdırma mərkəzi" fəaliyyət göstərəcək."

  Tədbirdə “İşiq Yol” Dərnəyinin Kitabxana və Araşdırma bölümünün rəhbəri Murad Gəray da çıxış edərək kitabxananın fəaliyyəti haqqında danışdı.

  Dərnəyin İdarə Heyətinin fəxri üzvləri - Almaniya universitetinin müəlliməsi Britta Zangen və Psixologiya üzrə elmlər doktoru Bəhruz Məbudiyan Almaniyaya yeni gələn və mücahid olanlara dərnək tərəfindən təklif olunan xidmətlərdən bəhs etdilər.

  Dərnəyin türkiyəli üzvü, şair və fəal Əzizə Kara Gülle həm Türkiyə türkcəsi və almanca şeir oxudu, həm də dərnəkqurma ilə bağlı öz təcrübəsini bölüşdü. 

  Fransız əsilli Almaniya vətəndaşı, alman və fransız dili müəllimi Hassissi Dərnəkdə Almanca Dil Kursu fikrini və burada xaricilərə xidmət verə biləcəyini söylədi.

  Dərnəyin fəxri üzvü, filosof və teatr müəllimi Jurgen Nafti “Fəlsəfə və Teatr” mövzusundan danışdı.

  Mərasimin sonunda təbrizli müğənni Nasir Tefezzüli onu müşayət edən Cavad və Yavər bəylərlə Azərbaycan mahnıları ifa etdilər. Az sonra digər musiqi qrupundan Həmid Saneyi və Mustafa bəy səhnəni əvəz etdilər.

  Daha sonra qonaqlara açıq bufet təqdim olundu.

  Mərasimdə azad tribuna da təşkil olunmuşdu ki, bu zaman gələn qanaqlardan bir neçəsi öz fikir və təkliflərini irəli sürdülər.



Әlaqәli Xәbәrlәr