9 May - Qələbə Günü münasibətilə Bakıda təntənəli mərasim

Azərbaycan prezidenti İlham Əliyev 9 May - Qələbə Günü münasibətilə Bakıda keçirilən mərasimdə iştirak edib.

728643
9 May - Qələbə Günü münasibətilə Bakıda təntənəli mərasim

  İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 72-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

  Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

  Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

  Müharibə veteranları ilə görüşən prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva onları Qələbə Günü münasibətilə təbrik ediblər.

  Azərbaycan prezidenti və birinci xanım iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ailə üzvləri ilə görüşüblər, onları Qələbə bayramı münasibətilə təbrik ediblər. Qəhrəmanın abidəsi önünə əklil qoyublar.

  Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçib.

  Ölkə prezidenti və birinci xanım İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdiriblər.

  Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

  Xatırladaq ki, mayın 9-u Sovet ordusu və müttəfiq dövlətlərin faşist Almaniyası üzərində qələbəsi günüdür. Hitler Almaniyasının hərbi rəhbərliyi 1945-ci il mayın 8-də təslim olmaq haqqında sazişi imzalayıb. 
  1941-1945-ci illərdə Azərbaycanın 3 milyon yarım əhalisindən 600 mindən çoxu cəbhəyə gedib, onlardan təqribən yarısı döyüşlərdə həlak olub. 
  130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 
  Həmin illərdə Bakı cəbhəyə 75 milyon ton neft yanacağı göndərib, benzin və sürtgü yağlarına olan tələbatın 75-90%-ni ödəyib. 
  May 9-u Azərbaycanda da Qələbə Günü kimi qeyd olunur və rəsmi iş günü deyil.



Әlaqәli Xәbәrlәr