Azərbaycanla Türkiyə sosial sahədə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

İki ölkə arasında hər sahədə davam edən əməkdaşlıq...

681683
Azərbaycanla Türkiyə sosial sahədə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Türkiyə Nazirlər Kabinetinin tabeliyində fəaliyyət göstərən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinasiya Ofisinin rəhbəri Adəm Urfa ilə görüş olub.
"APA"-nın məlumatına görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli əmək resurslarının məşğulluğunun təmin olunmasının, o cümlədən sosial cəhətdən həssas əhali qruplarının məşğulluğuna şərait yaradılmasının Azərbaycan prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətində mühüm yer tutduğunu vurğulayıb.

Kərimli ƏƏSMN tərəfindən bu istiqamətdə aparılan işlər barədə məlumat verərək bildirib ki, TİKA ilə nazirlik arasında əməkdaşlıqda da bu istiqamət xüsusi yer tutur. Belə ki, son illərdə özünüməşğulluğun dəstəklənməsi sahəsində nazirlik tərəfindən icra olunan iki pilot layihədən biri də TİKA ilə əməkdaşlıqda həyata keçirilib. Layihə çərçivəsində əlilliyi olan və işaxtaran kimi qeydiyyata alınmış şəxslər üçün arıçı peşəsi üzrə hazırlıq kursu təşkil olunduqdan sonra hər birinə lazımi avadanlıq və vasitələr verilib. Digər pilot layihə kimi,  bu layihə də gözlənilən şəkildə özünü doğruldub. Həmin əlilliyi olan insanlar müəyyən müddətdən sonra özünüməşğulluq fəaliyyətindən gəlir əldə etməklə vergi və sosial sığorta ödəyicisinə çevriliblər.

Görüş iştirakçılarına Azərbaycan prezidentinin 07 aprel 2016-cı il tarixli sərəncamı əsasında ölkədə işsiz və işaxtaran vətəndaşların özünüməşğulluğun təmin olunması sahəsində görülən işlər barədə məlumat verilib. 

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakı şəhərində  Əmək Mərkəzinin yaradılması işləri də diqqətə çatdırılıb. 

A.Urfa TİKA-nın dövlət və qeyri-dövlət strukturları ilə əməkdaşlıq şəraitində kənd təsərrüfatı, turizm, institusional infrastrukturun inkişaf etdirilməsi, iqtisadi, sosial və mədəni sahələr üzrə layihələrindən bəhs edib. O, təşkilatın Azərbaycanda da uğurlu iş təcrübəsinin olduğunu, həmçinin sosial müdafiə, məşğulluq sahələrində dəstək məqsədli layihələr həyata keçirdiklərini bildirib.



Әlaqәli Xәbәrlәr