Su Çərşənbəniz mübarək!

Su Çərşənbəsi Novruz bayramının ilk çərşənbəsidir.

676473
Su Çərşənbəniz mübarək!

  Baharın müjdəçisi olan bu Çərşənbəyə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər.

  Su Çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.

  Su Çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün yaranmamışdan əvvəl hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirdilər.

  Azərbaycan xalqının inamına görə, Su Çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.

  Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunurdu.

  Su Çərşənbəsi ilə əlaqədar çoxlu inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var.

  Məsələn, inanclarda deyilir:

  1. Süfrəyə su dağılması aydınlıqdır.
  2. Su içən adamı qəfil vurmazlar.
  3. Su içən adamı ilan çalmaz.
  4. Lal axan sudan keçərkən “suyum irəlilə” deyərlər.

Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur:

  1. Su olan yerdə dirilik olar.
  2. Su ehsandır.
  3. Su murdarlıq götürməz.
  4. Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz.


Әlaqәli Xәbәrlәr