Təbrizli komediya ustası Bakı teatrında oldu

İran Azərbaycanının tanınmış komediya aktyoru, Təbriz Teatrının rəhbəri, İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədri Babək Nəhreyn Azərbaycan Respublikası Dövlət Musiqli Teatrında olub.

622943
Təbrizli komediya ustası Bakı teatrında oldu

  Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu Milli.Az-a bildirib ki, qonağı teatrın direktoru, Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qəbul edib.

  Ə.Lalayev "7-8 noyabr tarixlərində "Teatr və multikulturalizm" mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransına, bu tədbirdə dünyanın 40-a yaxın ölkəsindən təqribən 150 nümayəndənin iştirakına toxunub, 31 oktyabr-1 noyabr tarixlərində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən Teatr Sənəti üzrə I Regional Elmi-Nəzəri Beynəlxalq Konfransdan söz açıb, təəssüratlarını bölüşüb.

  Təbrizli aktyor Babək Nəhreyn isə bu sözləri bölüşüb: "Biz Təbrizdə Azərbaycan Dövlət Televiziyasını izləyə bilirik. Bir çox təbrizlilər kimi mən də həm Azərbaycan televiziyasında, həm də internet vasitəsilə sizin teatrın müxtəlif tamaşalarını izləyirəm. Tərtibatına, quruluşuna, aktyorların ifasına heyran olduğum bu tamaşalar məndə çox böyük, həm də xoş təəssüratlar yaradıb. Özümə söz vermişdim ki, Azərbaycana ayaq basan kimi ilk işim sizin teatrlara gəlim. Bu, mənə nəsib oldu. Burada - Dövlət Musiqli Teatrında yaradılmış şərait sözün həqiqi mənasında məni heyrətləndirdi. Bu binaya daxil olan kimi insan böyük bir sənət məbədində olduğunu hiss edir".

  İşgüzar şəraitdə keçən görüşdə qarşılıqlı əməkdaşlıq, mədəniyyət və incəsənət kollektivlərinin mübadiləsi, iki ölkə teatr xadimlərinin seminar, konfrans və festivallarda iştirakı, müştərək festivalların keçirilməsi və tamaşaların hazırlanması, tamaşaların lentlərinin, tarixi sənədlərin, elmi nəşrlərin, kitab və məlumatların mübadiləsi, səhnə əsərlərinin tərcümə və çap edilməsi və digər məsələlər müzakirə olunub.

  Görüşdə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Seyid İbrahim İbrahimi də iştirak edib.

 



Әlaqәli Xәbәrlәr