Ankara Türkmənistanın Müstəqilliyinin 25 yaşını qeyd etdi

Türkiyənin paytaxtı Ankarada Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Qurumu (YTB) və Türkmənistan Respublikasının Türkiyədəki səfirliyinin birgə təşkilatçılığı ilə Türkmənistan Respublikasının Müstəqilliyinin 25-ci ildönümü və Rəsm Sərgisi keçirildi.

599090
Ankara Türkmənistanın Müstəqilliyinin 25 yaşını qeyd etdi

  Oktyabrın 27-də YTB Konfrans Salonunda təşkil edilən proqramda Türkmənistanın Ankaradakı Baş konsulu Murat Akmammedov, Türkiyənin Qars üzrə millət vəkili Selahettin Beyribey, Ankara üzrə millət vəkili Nevzat Ceylan, Ordu üzrə millət vəkili Metin Gündoğdu, Antalya üzrə millət vəkili Mehmet Günal və Türkiyə-Türkmənistan Dostluq Dərnəyinin sədri Selahettin Baysal da daxil olmaqla Türkiyədə fəaliyyət göstərən diplomotik missiya nümayəndələri, təmsilçiləri və mətbuat nümayəndələri iştirak edirdi.

  Türkiyə və Türkmənistanın dövlət himnləri səsləndikdən sonra Türkiyə-Türkmənistan Dostluq Dərnəyinin sədri Selahettin Baysal çıxış edərək bildirdi ki, “Türkmənistan öz müstəqilliyini əldə etdikdən sonra dünya dövlətləri ilə əlaqələrini genişləndirərək beynəlxalq aləmdə də nüfuzlu bir yerə sahib olub. Əlbəttə, bu münasibətlərin qurulmasında Türkiyənin xüsusi yeri var. Türkmənistan müstəqillik əldə etdikdən sonra Türkiyə ilə əlaqələri genişləndi.”  

  Türkmənistanla bağlı qısa sənədli film nümayiş etdirildikdən sonra çıxış edən YTB sədri Kudret Bülbül Türkiyə və Türkmənistanın ortaq tarixi, dili, dini və mədəniyyəti paylaşdığını ifadə edərək: "Yüz il əvvəl də bu əlaqələr var idi. Türkiyədəki bir jurnal, bir qəzet Türkmənistanda, Azərbaycanda tanınır, yaxından təqib edilirdi. Bu yerlərin də şair-yazıçı və alimlərini Türkiyə izləyirdi. İnşallah, birlikdə işlərimizlə, səylərimizlə tarixdəki bu mirası daha da irəli aparacağıq… Biz bir millət, iki dövlətik… Uzun illər Avropada, Amerikada olan vətəndaşlarımızı tanımadıq. 2010-cu ildən etibarən dövlətimiz vətəndaşlarımızın başqa ölkələrdə tək olmadıqlarını hiss etdirəcək bir təşkilat qurdu. YTB bu mənada vətəndaşlarımızla çox fərqli bir işbirliyi yaradıb.”

  Türkmənistanın Ankaradakı Baş konsulu Murat Akmammedov tədbiri təşkil etdiyinə görə YTB-yə öz minnətdarlığını bildiridi və dedi: “Türkmənistanın müstəqillik əldə etməsinin 25 ilini böyük coşqu ilə qeyd edir. 1991-ci ildə Türkmənistan müstəqilliyini elan etdikdən sonra onu ilk tanıyan ölkə Türkiyə oldu. Ölkələrimiz arasında ortaq dəyərlər çoxdur və hazırda da müxtəlif sahələrdə işbirliyi qurulmaqdadır… Türkmənistanda iqdisadi, mədəni və digər sektorlarda inkişaf gedir. Son dövrlər ölkəmizin beynəlxalq aləmdəki nüfuzlu daha da artıb.  

  Sonra tədbir millət vəkillərinin çıxışları ilə davam etdi.

  Protokol çıxışlarından sonra olan paneldə isə Ankara Universitetinin müəllimi, professor Berdi Sarıyev, TOBB-in Xarici Əlaqələr Departamenti Orta Asiya üzrə mütəxəssisi Adem Kula və Türk Boyları Konfederasiyasının rəhbəri Durhasan Koca çıxış etdilər və iki ölkə arasındakı iqtisadi, sosial, siyasi və mədəni əlaqələrdən danışdılar.

  Tədbirdən sonra türkmən musiqisinin sədaları altında Rəsm Sərgisinə baxış keçrildi və türkmən plovu ikram edildi.



Әlaqәli Xәbәrlәr