Ankarada Qlobal Sağlamlıq Turizmi Sammiti və Sərgisi

“Anadolu torpaqlarında sizi qarşılamaqdan böyük məmnuniyyət hissi keçiririk", M.Külünk

594887
Ankarada Qlobal Sağlamlıq Turizmi Sammiti və Sərgisi

  Oktyabrın 19-da Ankarada “Qlobal sağlamlıq turizmi zirvəsi və sərgisi” (Health Sumex) adlı beynəlxalq tədbir başladı.

  30-dan çox ölkənin iştirak etdiyi tədbir Türkiyənin Səhiyyə Nazirliyinin himayəsi, İqtisadiyyat, Mədəniyyət və Turizm, Avropa Birliyi nazirliklərinin, Türkiyə Sağlamlıq Turizmini İnkişafetdirmə Şurasının dəstəyi ilə keçirildi. Sağlamlıq turizmi sammitində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası da var idi.

  Tədbirin açılış konfransında Türkiyənin Mədəniyyət və Turizm naziri Nəbi Avçı, Səhiyyə naziri Rəcəb Akdağ, Şimali Qıbrız Türk Respublikasının Turizm və Şəhərsalma naziri Fikri Ataoğlu, Səhiyyə naziri Fariz Sucuoğlu və digər rəsmilər iştirak edirdi.

  Mərasimdə çıxış edən HHB Expo İdarə Heyətinin sədri Şule Dadak Dayangaç sağlamlıq turizmində Türkiyənin dünyada beşinci sırada yer aldığını, son illər bu sahədə çox ciddi addımlar atdığını söylədi: “Bunun nəticəsində dünyanın bir çox yerindən, xüsusilə də Avropadan Türkiyəyə bu sahədə böyük turist axını var. Hədəf 2023-cü ildə sağlamlıq turizmi üzrə 2 milyon insanı qəbul etməkdir. Bu səbəbdən həm turizm, həm də səhiyyə sektorunda işlər davam edir". 

  Qlobal Sağlamlıq Turizmi Şurasının prezidenti Feyzi əl-Hammouri isə öz çıxışında tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi: “Belə konfrans və sərgilər turizm şirkətləri arasında əməkdaşlığı daha da artırır, sağlamlıq turizminin inkişafına təkan verir”. 

  AKP-dən millət vəkili Metin Külünk isə fikirlərini belə ifadə etdi: “Anadolu torpaqlarında sizi qarşılamaqdan böyük məmnuniyyət hissi keçiririk. Sizi Türkiyənin bu gözəllikləri ilə görüşdürdüyümüz üçün çox məmnunuq”. 

  Şimali Qıbrız Türk Respublikasının Turizm və Şəhərsalma naziri Fikri Ataoğlu bildirdi ki, ölkəsinə qarşı tətbiq edilən məlum embarqoya rəğmən turizm sektoru, o cümlədən sağlamlıq turizmi inkişaf edir. O, bu sahədə Türkiyənin göstərdiyi dəstəyin önəmini xüsusi vurğuladı: “Bu dəstək sayəsində bu gün səhiyyədə, turizmdə və digər sektorlarda dünya və bölgə ilə yarışa bilirik”.

  Konfransda iştirak edən bütün qonaqları salamlayan Mədəniyyət və Turizm naziri Nəbi Avçı Türkiyənin zəngin turizm imkanlarına diqqət çəkdi: “Sağlamlıq turizmində də böyük potensialımız mövcuddur. Bu sahədə sistemli iş aparılır, yeni modellər hazırlanır, layihələr həyata keçirilir. Qarşıdakı illərdə Türkiyənin Avropada, sonra da bütün dünyada termal turizmi sahəsində ilk yerlərdən birini tutmasını hədəfə almışıq”.

  İştirakçılar arasında qarşılıqlı xatirə hədiyyələri və plaketlərin təqdimatından sonra tədbir panel çıxışları və B2B formatlı ikitərəfli görüşlərlə davam etdirildi.

  Tədbir zamanı Nəbi Avçı Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyevlə görüşdü. R.Quliyev nazirə ölkənin sağlamlıq turizmi imkanları və Azərbaycanın bu sahədə yaxın illər üçün hədəfləri haqqında məlumat verdi. İki ölkə arasında daha peşəkar və məhsuldar işbirliyi imkanları müzakirə olundu.

  Görüşdən sonra Ruslan Quliyev bu platformanın Azərbaycan üçün vacib olduğunu dilə gətirdi: “Bizim burda əsas məqsədlərimizdən biri sağlamlıq turizmi dünyasında baş verən yenilikləri və hədəf bazarları müəyyən etmək, texnologiyanın yerli imkanları ilə tanış olmaq və eyni zamanda Azərbaycanın sağlamlıq turizmi imkanlarını bacardığımız qədər təbliğ etməkdən ibarətdir. Bizim vətəndaşlarımız çox vaxt başqa ölkələrdəki turizm məkanlarına istirahətə gedirdilər. Məqsəd odur ki, bu qədər termal kurortları olan ölkəmizdə vətəndaşlarımız həmin məkanlarda istirahət etsin, eləcə də xaricdən bu məkanlara daha çox turist cəlb edək”.

  R.Quliyevin sözlərinə görə, nazir Nəbi Avçı ilə görüş zamanı da düzgün bir marketinq strategiyasının hazırlanmasının vacibliyi vurğulanıb: “Biz Naftalan, Qalaaltı kimi sağlamlıq turizmi məkanlarımızı tanıtmaq istəyirik. Eyni zamanda Azərbaycanın sağlamlıq turizmi sektoruna Türkiyə iş adamları tərəfindən sərmayə qoyula bilər. Əgər ölkələrimiz arasında çoxsaylı təyyarə reysləri yerinə yetirilirsə, nə üçün bunun 3-5 faizini sağlamlıq turizminə sərf etməyək”. 

  Assosiasiya rəhbəri qeyd etdi ki, son zamanlar Azərbaycanın dövlət başçısı tərəfindən turizmin inkişafı ilə bağlı sərəncamlar verilir, əlverişli investisiya mühiti formalaşdırılır: “Odur ki, Azərbaycan sağlamlıq turizmi bazarına sərmayə qoymaq imkanlarını da diqqətə çatdırırıq”. 

  Qeyd edək ki, tədbir oktyabrın 20-də “Türkiyədə sağlamlıq turizminin gələcəyi”, “Termal sağlamlıq turizmi” və digər mövzulu platformalarda davam etdirildi.

  Qlobal Sağlamlıq Turizmi Sammiti oktyabrın 21-də başa çatdı.



Әlaqәli Xәbәrlәr