“Yeddi gözəl” poeması ilk dəfə teatrlaşdırıldı

Şəki Beynəlxalq Teatr Festivalında teatrsevərlərə Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında səhnələşdirilmiş eyniadlı tamaşa təqdim olunub.

574992
“Yeddi gözəl” poeması ilk dəfə teatrlaşdırıldı

  “Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə artıq ikinci dəfədir keçirilən Şəki Beynəlxalq Teatr Festivalında teatrsevərlərə Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında səhnələşdirilmiş eyniadlı tamaşanı təqdim etdik. Güman edirəm ki, tamaşamız teatrsevərlərin xoşuna gəlib. Bu, bizim builki festivalda ikinci çıxışımızdır. Festival çərçivəsində bir gün əvvəl Mingəçevir şəhərində də bu tamaşanı nümayiş etdirmişik”.

  Bu sözləri Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru, Əməkdar Mədəniyyət İşçisi Ədalət Hacıyev Şəkidə AZERTAC-a müsahibəsində deyib.

  Direktorun bildirdiyinə görə, dahi Nizaminin bu əsəri indiyədək teatrda səhnələşdirilməyib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşaya Litvadan dəvət olunan SSRİ Xalq Artisti Yonas Vaytkus quruluş verib. Tamaşa 2012-ci ildən teatrın repertuarındadır və indiyədək uğurla oynanılır.

  Şəkiyə 35 nəfərlik heyətlə gəldiklərini bildirən Ədalət Hacıyev deyib: “Kollektivimizin üzvlərinin Şəki festivalı ilə bağlı təəssüratları çox yüksəkdir. Onlar festivalın təşkilatçılığını, iştirakçılara göstərilən diqqəti, mehribançılığı, qonaqpərvərliyi yüksək qiymətləndirirlər”.

 



Әlaqәli Xәbәrlәr