Tufarqanlı xatirəsi Beynəlxalq Festivalla yad edildi

Bu günlərdə İran İslam Respublikasının Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərində Beynəlxalq Dədə və Haqq Aşıqlarının I Festivalı keçirildi.

567157
Tufarqanlı xatirəsi Beynəlxalq Festivalla yad edildi

  TRT Azerbaycan saytına məlumat verən İran Aşıqlar Birliyinin sədri Aşıq Səlcuq Şahbazi deyir: “Türk dünyasının gözü aydın olsun: İranda Aşıq Abbas Tufarqanlının xatirəsinə həsr olunmuş  Dədə və Haqq Aşıqlarının I Festivalını təşkil edə bildik. Festival İrandakı Azərbaycan aşıqlarının möhtəşəm xor ifasıyla başladı, səlahiyyətli nümayəndələrin, alimlərin və aşıqların çıxışları zənginləşdi. Hörmətli türk milləti, əziz bacılar və qardaşlar, mən bu 36 il ərzində hələ bir “cümə imamı” (imam cümə) görməmişdim ki, sırf aşıq məclisində, festivalda gəlib əyləşsin, aşıq sazını-sözünü dinləsin və aşıqlara bir bu qədər hörmətlə yanaşsın. Ayətulla Molla Həmid Həsənzadəh trubunaya qalxıb aşıq və ədəbiyatına elə qiymət verdi ki, bütün zal onu ayaq üstündə alqışladı.”

  Tufarqanlı mərasimində İranın Azərbaycan torpaqlarının hər güşəsindən gələnlər var idi. Tədbirdə çıxış edən sulduzlu ədəbiyyat və tarix alimi Məhərrəm Pərizadın Tufarqan sözüylə bağlı etnoqrafik araşdırması hər kəsin marağına səbəb oldu.

  M.Pərizadın söylədiyinə görə, “Tufarqan” sözü üç nöqtəli ğünnə (f) hərfilə yazılmış “təfar” və “təfər” sözlərindən alınmış və qan şəkilçisilə birləşmiş bir sözdür, yəni əslində “təfarqan”dır. Min il bundan əvvəl Mahmud Kaşqarlı öz “Divani-lüğəti-türk” kitabında “təfər” və “təfar” sözünü belə mənalandırıb: Təfar - təvar, davar, mülk, əşya, mal deməkdir. Davar oğuzlarda v hərfilə təvər, tavar olaraq deyilir. “Qan" çoxluğa, mubaliğəyə işarədir və məkan bildirən bir şəkilçidir. Belə olduqda “tufarqan” sözünün mənası belə olur: davarçılar məskəni və oraya mənsub olan, mal-davarla məşğul olan tayfa, el-ulus. Beləliklə, “Tufarqan” sözü ikimənali olaraq həm el, həm də coğrafi addır, necə ki, qarapapaqlar məskəni olan Sulduz (Nəqəde) bölgəsində də bir kəndin adı həm də orada yaşayan bir davarçı və tərəkəmə tayfanin adıdır. Məncə, “tufarqan” sözü əslində təfarqan-təvərqan-dəvərqan-davarqandır və indiki tufarqan sözü onun yumuşalmışıdır.”

  Aşıq Abbas öz qoşmalarının birində deyir:

Mən gəlirdim Tufarqanın elindən,

Yolum düşdü obasına pərimin.

Salam verdim. Gülüb aldı salamım.

Qonağ oldum babasına pərimin.

  Və ya bir gəraylıda deyir:

Hər nə oldu, mənə oldu.

Qaynadı, peymanım doldu.

Desələr Abbas necə oldu?

Deyin Tufarqana getdi.

 

 

  Qeyd edək ki, İranın Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab) şəhərində keçirilən Festivalda İranla yanaşı, türk dünyasının bir çox yerlərindən - Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Dağıstan və Qırğızıstandan aşıq sənəti mütəxəssisi, alimi və ozanları olmaqla 200-dən çox qonaq olub. Tədbir yüksək səviyyədə keçib.



Әlaqәli Xәbәrlәr