Dədə və Haqq Aşıqlarının I Festivalı

İran İslam Respublikasında növbəti festival keçiriləcək. Bu barədə TRT Azerbaycan saytına İran Aşıqlar Birliyinin sədri Aşıq Səlcuq Şahbazi məlumat verib.

563195
Dədə və Haqq Aşıqlarının I Festivalı

  Səlcuq Şahbazinin söylədiyinə görə, “Tədbir İran Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçirilən ilk böyük saz festivalıdır İranda. Bu böyük uğur Azərbaycan aşıq sənətinin nailiyyətidir. Əvvəlcə bu festivalın adını Aşıq Abbas Beynəlxalq Festivalı qoyduq. Məsləhətləşmələrdən sonra qərara gəldik ki, Tufarqanlına ithaf etdiyimiz bu festival daha geniş məna kəsb etsin və ümumi ad altında birləşsin ki, hər il bir ustad aşığımızın, ozanımızın xatirəsinə həsr edək festivalı”.      

  İranın Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab) şəhərində keçiriləcək Festivala İranla yanaşı, türk dünyasının bir çox yerlərindən - Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Dağıstan və Qırğızıstandan aşıq sənəti mütəxəssisi, alimi və ozanları olmaqla 200-dən çox qonaq dəvət edilib. 

  Səlcuq Şahbazi deyir ki, “Adı çəkilən dövlətlərin Mədəniyyət Nazirliklərinə rəsmi məktublar göndərdik və sağ olsunlar, yardımlarını bizdən əsirgəmədilər. Amma bunu mütləq qeyd edim ki, Dədə və Haqq Aşıqlarının I Festivalına gəlmək üçün xüsusi dəvətnaməyə ehtiyac yoxdur. Aşığın qapısı onu sevən hər kəsə açıq olar. Bu Festivalı dədə ozanlarımızın ruhunu sevindirmək üçün edirik. Mən bütün aşıqlara və söz dünyasına göz aydınlığı verirəm”.

  Dədə və Haqq Aşıqlarının I Festivalı İran Aşıqlar Birliyinin təşkilatçılığı ilə İran İslam Respublikası Mədəniyyət Nazirliyinin Miyandab şöbəsində sentyabr ayının 3-ündə olacaq.

  Əvvəlcə Tufarqana yola düşəcək aşıqlar Haqq Aşığı Abbas Tufarqanlının “Gülşən bağı"nda olacaq, buranı ziyarət etdikdən sonra Qoşaçaya – Festivala yola düşəcəklər.

  Qeyd edək ki, Aşıq Abbas Tufarqanlı İranın Şərqi Azərbaycan əyalətinin Tufarqan, yəni indiki Azərşəhr bölgəsində dünyaya gəlib. Şeirlərində "Qul", "Şikəstə", "Bikəs" təxəllüslərini işlədən Abbas Tufarqanlı XVI əsrin sonları - XVII əsrin əvvəllərində Azərbaycan toprağında yaşayıb-yaratmış görkəmli şair-aşıqlardandır. Onun adıyla bağlı olan Abbas və Gülgəz dastanı Azərbaycan folklorunun qiymətli örnəklərindəndir.



Әlaqәli Xәbәrlәr