25 uşaq valideynlərindən biri ilə bərabər Türkiyəyə müalicəyə gəlib

Sağlamlıq imkanları məhdud 25 uşaq valideynlərindən biri ilə bərabər Türkiyənin ixtisaslaşmış bərpa müalicəsinə göndərilib.

529430
25 uşaq valideynlərindən biri ilə bərabər Türkiyəyə müalicəyə gəlib

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud 25 uşaq valideynlərindən biri ilə bərabər Türkiyənin ixtisaslaşmış bərpa müalicəsinə göndərilib.

AZƏRTAC-ın Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla verdiyi xəbərə əsasən, Heydər Əliyev Beynəlxalq Hava Limanından yola salınan uşaqların valideynləri Azərbaycan Prezidenti İlham Əliyevin uşaqların sosial müdafiəsinə, habelə sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyasına, onların cəmiyyətə inteqrasiyasına diqqət və qayğısından razılıqla bəhs ediblər. Onlar övladlarının xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkilinə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Nazirliyin əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası istiqamətində tədbirlərin uğurla davam etdirildiyini bildirib: “Cari ilin ötən dövründə bu təbəqələrdən olan 105 nəfərin, o cümlədən 70 nəfər əlilliyi olan şəxsin və 35 nəfər sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil edilib. Hazırda göndərilən şəxslər Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində beşulduz oteldə yerləşdiriləcəklər. Orada peşəkar həkim-reabilitoloqlar tərəfindən həmin bölgənin təbii müalicəvi resurslarından istifadə edilməklə uşaqlar səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb olunacaqlar. Bununla yanaşı, orada olduqları müddətdə həmin uşaqları müşayiət edən valideynlərin də ilk dəfə olaraq reabilitasiya tədbirlərinə cəlb olunması təmin ediləcək”.



Әlaqәli Xәbәrlәr