Lavaş üçün savaş

Bu savaş da türklərin zəfərilə bitdi, saxtakarlar ifşa olundu

526034
Lavaş üçün savaş

  Ermənistan lavaşı Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatının (UNESCO) Qeryi-Maddi Mədəni Miras Siyahısına saldırdıqdan sonra Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Qazaxıstan birlikdə hərəkətə keçərək sənədlərlə dolu qovluq hazırlamış və UNESCO-ya təqdim etmişlər.

  Xüsusən Azərbaycan tərəfinin etirazı, bununla bağlı həyata keçirilən fəaliyyətlər nəticəsində Ermənistanın təxribat cəhdlərinin qarşısı alınıb. Belə ki, UNESCO Konvensiyasının tələblərinə uyğun olaraq faylın adı dəyişdirilib və bununla da, lavaş mətbəx mədəniyyətinin erməni millətinə aid olmadığı, sadəcə onun Ermənistan ərazisində mövcud olması barədə qərar qəbul edilib. Bu qərar ermənilərin bu ənənələri vaxtilə Ermənistan ərazisindəki tarixi torpaqlarında yaşayan azərbaycanlılardan öyrəndiklərini bir daha təsdiq edir. Söz sahibi olan Türkiyənin də iştirak etdiyi Komitə müzakirələrində bu belə qeyd edilib ki, “Ermənistanın bu cəhdi qəbuledilməzdir. Bu ölkənin ərazisində hər hansı bir mətbəx nümunəsinin hazırlanmasının onun erməni millətinə məxsus olması anlamına gəlmir”.

  Komitə üzvləri Konvensiyanın ruhunu önə çəkərək, ermənilərin lavaşın məxsusi erməni çörəyi olması iddiasını qətiyyətlə pisləyib və belə halların baş verməməsi üçün hüquqi prosedurların işlənməsinin vacibliyini qeyd ediblər.

  Azərbaycan nümayəndə heyəti komitə üzvləri və digərləri ilə keçirilən bütün görüşlərdə Ermənistanın UNESCO-nun məqsəd və prinsiplərini öz işğalçı siyasəti üçün alət etməsini tənqid edib və bu cür yanaşmanın təşkilatın nüfuzuna ciddi xələl gətirəcəyini vurğulayıb.

  Komitə çərçivəsində Azərbaycanın təşəbbüsü ilə region ölkələrinin nümayəndələrinin birgə görüşü keçirilib və növbəti il lavaşın region ölkələrinin birgə mətbəx irsi kimi UNESCO-ya təqdim olunması qərara alınıb.

  Xatırladaq ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına Ermənistan tərəfindən "Erməni çörəyi lavaşın hazırlanması ənənələri" kimi təqdim edilmişdi. Başda Azərbaycan, Komitədə söz sahibi Türkiyə və sonra İran, Qırğızıstan və Qazaxıstanın etirazlarından sonra "Ermənistanda lavaş" olaraq dəyişdirilib.

  5 ölkənin hazırladığı "İncə çörək yapma və paylaşma mədəniyyəti: lavaş, katırma, jupka, yufka" başlıqlı qovluqla bağlı 28 noyabr - 2 dekabr arası Efiopiyada keçiriləcək XI Qeyri-Maddi Mədəni Miraslar Hökumətlərarası Komitə Yığıncağında yekun qərar veriləcək.



Әlaqәli Xәbәrlәr