Azərbaycan Ordusu Günü Türkiyədə

Azərbaycanın Türkiyədəki səfirliyi 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümü münasibətilə Ankarada bayram tədbiri keçirdi

516730
Azərbaycan Ordusu Günü Türkiyədə

  Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və səfirliyin digər rəsmi nümayəndələri tədbirə gələn səlahiyyətli qonaqları qarşıladılar.

  22 iyun tarixində keçirilən tədbirdə Türkiyə Respublikasının Elm, Sənaye və Texnologiya naziri Faruk Özlü, TR Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar, müavini Yaşar Güler, Quru Qoşunları komandanı, ordu generalı Salih Zeki Çolak, Hava Qüvvələri komandanı, ordu generalı Abidin Ünal və Jandarma Qüvvələrinin Baş komandanı, ordu generalı Qalib Mendi başda olmaqla Türkiyə Respublikası Silahlı Qüvvələrinin 43 generalı iştirak edirdi.

  Azərbaycan Milli Ordusunun yaranma tarixindən bəhs edildikdən sonra Azərbaycan Respublikasının Himni və Türkiyə Milli Marşı səsləndi.

  Tədbirdə tanınmış ictimai-siyasi xadimlər, çox sayda millət vəkili, TR Xarici İşlər Nazirliyi, digər nazirliklər, o cümlədən, bir sıra rəsmi və diplomatik qurumların nümayəndələri təmsil olunurdu.

  Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü Azərbaycanda rəsmi bayramdır. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusu yaradılmağa başlanılıb. Avqustun 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi təsis edilib. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin olunublar. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edib və 28 may 1918-ci ildə Azərbaycan dövləti elan edilib.

  1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edildi. Bir neçə il sonra Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən əvvəlki fərman qüvvədən düşürüldü və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan olundu.

     

  Beləliklə, tarixi varislik ənənəsinə uyğun Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun (1918) Azərbaycan Silahlı Qüvvələri günü Azərbaycanda rəsmi bayram kimi qeyd edilir.



Әlaqәli Xәbәrlәr