İlham Əliyev ABŞ-da səfərdədir

Martın 30-da Azərbaycan prezidenti İlham Əliyev Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına ​ səfərə gedib.

461825
İlham Əliyev ABŞ-da səfərdədir

İlham Əliyev Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının bir sıra konqresmenləri ilə görüşdü.

Görüşdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin uğurlu inkişafı haqqında danışıldı, bir çox sahələrdə, xüsusilə siyasi, iqtisadi, enerji, müdafiə, təhlükəsizlik sahələrində əlaqələrin çox yaxşı səviyyədə olduğu bildirildi. ABŞ Konqresinin üzvlərinin bu əlaqələrin inkişafına töhfə verə biləcəkləri qeyd edildi.

Azərbaycan prezidenti son illərdə Azərbaycanın uğurlu inkişafı haqqında danışdı. Söhbət zamanı “Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Sonra dövlət başçısı konqresmenlərin suallarını cavablandırdı.

İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ticarət naziri xanım Penni Pritzker ilə görüş keçirdi. Görüşdə Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, Amerika şirkətlərinin Azərbaycandakı fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev ABŞ-ın dövlət katibi Con Kerri ilə də görüşdü. Azərbaycan prezidentini salamlayan dövlət katibi: "Bizim hazırda üzərində işlədiyimiz bir çox qarşılıqlı maraqlarımız var. Biz sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə, Əfqanıstandakı səylərinə görə Azərbaycana çox minnətdarıq. Açıq-aydındır ki, Azərbaycan indi mürəkkəb bir regionda yerləşir. Hesab edirəm ki, Prezident Əliyev, xüsusilə “Cənub Qaz Dəhlizi" layihəsinə etdiyi rəhbərliyi ilə bu ehtiyacların bəzilərinin necə qarşılanması üçün çox ciddi səylər göstərmiş və bu məsələni diqqət mərkəzində saxlamışdır. Bu, Avropanın uzunmüddətli strateji maraqları naminə və səmimi söyləsəm, vacib olan enerji mənbələrinin şaxaləndirilməsinə cəhd göstərmək üçün atılmış çox ciddi bir addımdır.Əlbəttə ki, digər maraqlarımız da var. Terrorizmlə mübarizə. Biz donmuş münaqişə olan Dağlıq Qarabağ münaqişəsinin nəyahət öz həllini tapmasını görmək istəyirik. Bu münaqişənin həlli üçün danışıqlar aparılmalıdır. Bu məsələ vaxt ötdükcə öz həllini tapmalıdır.İndi isə cənab Prezidentə Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün buraya təşrif buyurduğuna və Azərbaycan üçün iqtisadi imkanların, eləcə də regional təhlükəsizlik münasibətlərinin uyğunlaşdırılması üzərində işlədiyi müddətdə bu yaxınlarda göstərdiyi bir çox səylərinə görə təşəkkürümü ifadə etmək istəyirəm. Sizi öz aramızda görməkdən şadam" dedi.

İlham Əliyev Con Kerriyə təşəkkür edərək: "ABŞ-Azərbaycan münasibətlərinin artıq uzun - 25 illik tarixi var. Bu münasibətlər həmişə sıx, səmimi olmuşdur, indi isə strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə çatmışdır. Aramızda fəal siyasi dialoq mövcuddur" deyə danışdı.

Azərbaycan-ABŞ siyasi, iqtisadi əlaqələrindən bəhs edən Azərbaycan prezidenti Azərbaycanla Ermənistan arasında hələ də davam edən münaqişəyə də toxunaraq: "Ermənistan və Azərbaycan arasında uzun müddət davam edən münaqişənin həlli yollarının tapılması istiqamətində göstərdiyi səylərinə görə ABŞ hökumətinə minnətdarıq. Hesab edirik ki, münaqişə Ermənistan ordusunun işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri əsasında öz həllini tapmalıdır. Ermənistan və Azərbaycan arasında olan münaqişə, post-sovet məkanında olan və ümumiyyətlə, dünyada baş verən bütün münaqişələr öz həllini ölkələrin ərazi bütövlüyü əsasında tapmalıdır." dedi.

Prezident İlham Əliyev dünyada neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda əsas iqtisadi parametrlərin qorunub saxlanıldığını və iqtisaiyyatın yaxşı vəziyyətdə olduğunu bildirdi. Dövlət başçısı neftin qiymətinin düşməsi fonunda Azərbaycanda büdcə sistemenin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırdı.

Görüşdə ABŞ şirkətlərinin Azərbaycanda daha fəal iştirakının və onların Azərbaycana investisiya qoymasında qarşılıqlı marağın olduğu vurğulandı.



Әlaqәli Xәbәrlәr