Xocalı – 20-ci əsrin son müsəlman-türk soyqırımı

Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri

439623
Xocalı – 20-ci əsrin son müsəlman-türk soyqırımı

1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırım oldu. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biridir. Xocalı faciəsi tarixdə bizə məlum olan Babiyar, Xatın, Liditse, Sonqimı faciələri ilə eyni səviyyədə durur.

Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni-rus şovinist-miilətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsıdir. Öz miqyasına və dəhşətləriniə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni-rus şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtdı, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurdu. Lakin xocalılar hətta amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi apardı, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşdu, düşmən qarşısında əyilmədi, xalqın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazdı.

Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalıb. 150 nəfərin taleyi hələ də məlum deyil. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olub, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirib. Şəhid olanların yalnız 335 nəfəri dəfn olunub. 200 nəfərin ayaqları soyuqdan qanqrena olub, 1000 nəfərdən artıq şəhər sakini isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib. Onlar diri-diri yandırılıb, başları kəsilib, dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb, süngü ilə hamilə qadınların qarınları yarılıb. Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətlər edilib.

Xocalı faciəsinin acı nəticələrini hamı bilməli və daim yadda qalmalıdır:

Azərbaycan Respublikasının əsas ərazisi ilə əlaqəsi kəsilib, 50-60 ədəd avtomat silah və ov tüfəngi ilə silahlanıb özünümüdafiə dəstəsi olan Xocalı şəhəri ətrafında ən müasir texnika ilə təpədən dırnağa qədər silahlanmış erməni-rus qüvvələri şəhərin mühasirə halqasını günü gündən daha da sıxıb və 1992-ci il fevralın 25-də gecə saat 22 radələrində Xocalı şəhərinə 366-cı motoatıcı alayının komanda heyəti və hərbi texnikası ilə birgə hücuma keçib. Hücumda ermənilər tərəfindən mayor Ohanyan Seyran Muşeqoviçin komandası altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixin komandası altında 3-cü batalyonu, 1-ci batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən atrıq erməni millətindən olan zabit və praporşiklər, tanklar, piyadaların döyüş maşınları, toplar, D-30 qaubitsası və digər müasir hərbi texnika iştirak edib.

Bu kədərli 24-cü ildönümü günündə Türkiyə də Xocalı şəhidlərinin əziz xatirəsini bir daha yad edir, onlara Allahdan rəhmət diləyir, həlak olanların yaxınlarına, doğmalarına və bütün Azərbaycan xalqına bir daha dərin hüzünlə baş sağlığı verir.

Sən türksən, el oğlu, sızlamaq yetər,

İbrət almalıdır sabaha dünən.

Oyan, qalx ayağa tez ol səfərbər,

Qarşıda düşməndir, arxada Vətən!



Әlaqәli Xәbәrlәr