Tarixdə bu gün: 31 iyul

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1463292
Tarixdə bu gün: 31 iyul

***

  1492-ci ilin 31 iyulunda “Yəhudilərin İspaniyadan qovulmasını dəstəkləyən Elhamra qərarı” imzalanaraq qüvvəyə mindi. Osmanlı imperatorluğu döyüş gəmiləri göndərərək yəhudiləri İstanbul və İzmirə gətirdi.

 ***

  1918-ci il 31 iyulda Bakı Xalq Komissarları Şurası səlahiyyətlərini təhvil verdi. Ertəsi gün – avqustun 1-də daşnak və onlara yaxın rus əsgərlərindən ibarət “Sentrokaspi” diktaturası quruldu. Bu vaxt Gəncədə yerləşən Azərbaycan hökuməti isə Bakını öz nəzarəti altına almağa və qorumağa hazırlaşırdı. 

***

  1932-ci il 31 iyulda Nasist partiyası parlament seçkilərində 230 deputatlıq yeri qazanaraq Almaniyanın birinci partiyası oldu, amma təkbaşına hakimiyyəti əldə edə bilmədi.

***

  31 iyul 1932-ci ildə “Türkiyə gözəli” Keriman Halis Belçikada keçirilən müsabiqədə "İlin dünya gözəli" seçildi.

***

  1959-cu ilin 31 iyulunda Türkiyə Avropa İqtisadi Birliyinə üzvlük üçün rəsmi müraciət etdi.

 ***

  31 iyul 1980-ci ildə Türkiyənin Yunanıstan Səfirliyinin inzibati ateşesi Qalip Özmen və qızı Aslıhan Özmen terror təşkilatı Asala tərəfindən edilən silahlı hücum nəticəsində həyatlarını itirdilər.

***

  1988-ci il 31 iyulda Malayziyanın Battervort (Butterworth) şəhərində bərə terminalı çökdü. Hadisə nəticəsində 32 nəfər öldü, 1674 nəfər yaralandı.

 ***

  1997-ci il iyulun 31-də Azərbaycan Milli Olimpiya Komitəsinin növbəti sessiyasında İlham Əliyev komitənin prezidenti seçildi. Bununla da ölkənin olimpiya hərəkatının inkişafında yeni era başlandı.     

*** 

31 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Eramızdan əvvəl 356-cı ildə dünyanın ən böyük sərkərdələrindən və dövlət xadimlərindən biri Makedoniyalı İsgəndər anadan olub. 

  Şərq aləmində daha çox İsgəndər Zülqerneyn adı ilə tanınan hökmdar Makedoniyadan Hindistanadək böyük bir ərazini fəth edərək qüdrətli imperiya yaradıb.

  Makedoniyalı İsgəndər 33 yaşında qızdırmadan vəfat edib. (e.ə. 356-323)

*** 

  Bu gün Fransanın tanınmış maarifçi filosofu Deni Didronun xatirə günüdür. 

  Didro təbiət hadisələrini mexaniki materializm mövqeyindən izah edib, materiya ilə hərəkətin əlaqəsi, təbiətdə baş verən proseslərə dair dialektik fikirlər irəli sürüb. (1713-1784)

***

  31 iyul həm də məşhur macar bəstəkarı Ferens Listin xatirə günüdür.

  F.List 9 yaşında səhnəyə çıxaraq fortepianoda konsert verib. 13 yaşında ikən (1825) onun “Don Sanço, yaxud məhəbbət qəsri” operası Parisdə tamaşaya qoyulub.

  37-46 yaşlarında (1838-1947) Avropa ölkələrində virtuoz pianoçu kimi məşhurlaşan Ferens List dünya incəsənətinin əbədi obrazları sayılan Faust, Prometey, Orfey və Hamleti musiqidə təcəssüm etdirib. (1811-1886)

***

  Türkiyənin tanınmış yazıçısı, dövlət xadimi, yeni türk romanı və novellasının banilərindən biri Xalid Ziya Uşaklıgil 1866-cı ilin bu günü anadan olub.

  18 yaşında (1884) “Novruz” jurnalını nəşr etdirən, kəskin sosial məzmunlu roman, hekayə və pyeslərin müəllifi olan H.Ziya həm də Türkiyə ədəbiyyatına ilk dəfə “kiçik insan” surəti gətirib. (1866-1945)

***

  31 iyul məşhur fransız yazıçısı və təyyarəçi Antuan de Sent-Ekzüperinin (Antoine de Saint-Exupéry) xatirə günüdür.

  XX əsr Fransa ədəbiyyatının görkəmli nümayəndələrindən olan Sent-Ekzüperi 21-23 yaşlarında (1921-1923) orduda xidmət edib, Şimali Afrika, Cənubi Amerikada pilot, sınaqçı-təyyarəçi və aerodrom rəisi işləyib. Onun Böyük Səhra, Atlantik okeanı və Cənubi Amerika üzərindən yeni hava yollarının açılmasında böyük xidmətləri olub.

  Ekzüperi “Gecə uçuşu” romanı və “Adamların planeti” povestində poçt daşıyan təyyarəçilərin həyatından danışır, “Kiçik şahzadə” alleqorik povestində isə insan mənəviyyatının gözəlliyini tərənnüm edir. 

  Antuan de Sent-Ekzüperi 1944-cü ildə kəşfiyyat uçuşu zamanı naməlum şəkildə yoxa çıxıb. (1900-1944)

***

  Fransa komediya kino ustası Lui de Fünes (Louis de Funès) 1914-cü ilin bu günü anadan olub. “Atam, anam, qulluqçu qadın və mən”, “Tutulmayan oğru deyil, “Fantomas”, “Orkestr adam”, “Jandarm və başqa planetdən gələnlər”, “Böyük gəzinti” və digər filmlər aktyora dünya şöhrəti gətirib. (1914-1983)

***



Әlaqәli Xәbәrlәr