Tarixdə bu gün: 27 iyul

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1462131
Tarixdə bu gün: 27 iyul

***

  Osmanlı bəyliyi ilə Bizans imperiyası arasında olan Koyunhisar müharibəsi 1302-cü ilin 27 iyulunda Osman Qazinin qələbəsi ilə sona çatdı.

***

  1789-cu il Fransa inqilabı başçılarından olan Maksimilian Robespyer (Maximilien Robespierre) 1794-cü ildə iqtidardan salındıqdan sonra həbs olundu və iyulun 27-də edam edildi.

***

  1921-ci ilin bu günü Toronto Universitetindən biokimyaçı Frederik Bantinqin (Frederick Banting) rəhbərlik etdiyi elmi-tədqiqat qrupu insulin fermentini kəşf etdiklərini açıqladı.

***

  1922-ci il 27 iyulda Brüsseldə Beynəlxalq Coğrafiya İttifaqı yaradıldı. Hazırda 90-dan artıq ölkə, o cümlədən Azərbaycan bu təşkilatın üzvüdür. 

***

  1949-cu il 27 iyul tarixində dünyanın ilk reaktiv motorlu sərnişin təyyarəsi “De Havilland Comet”in ilk uçuşu həyata keçirildi. O ilk kommersiya uçuşunu isə 1952-ci ilin mayında etdi.

***

  Şimali və Cənubi Koreya arasında 3 il sürən, ABŞ-ın rəhbərliyi altında olan BMT hərbi qüvvələrinin iştirakıyla beynəlxalq həddə çatan Koreya müharibəsi 27 iyul 1953-cü ildə Panmunjom atəşkəs müqaviləsi ilə sona çatdı. Elə həmin gündən bütün əməliyyatlar dayandırılsa da, indiyədək sülh sazişi bağlanmayıb.

  Bu müharibə Koreya xalqına böyük bəlalar gətirdi. 5 mindən çox Türkiyə əsgərinin də qatıldığı müharibədə təxminən 2 milyon adam həyatını itirdi. Çox böyük əksəriyyəti Şimaldan olmaqla milyonlarla dinc əhali və əsgər məhv edildi, yaralandı. 1 milyona yaxın çinli əsgər öldürüldü və şikəst edildi. BMT qoşunlarının itkisi 54 min nəfər oldu. Hər iki ölkənin iqtisadiyyatına güclü zərər dəydi. 

  Qeyd edək ki, Şimali və Cənubi Koreya arasında sərhəd 38-ci paraleldən keçir.

***

  1964-cü ilin 27 iyulunda Amerika Birləşmiş Ştatlarında qaralar Federal Məhkəməyə müraciətetmə hüququ qazandılar.

***

  1976-cı ilin bu günü Amerika Birləşmiş Ştatlarında olan Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Bülənd Ecevit “Waldorf Astoria” otelindən çıxarkən kiprli Staviros Skopetrides tərəfindən sui-qəsdə uğradı.

***

  5 erməni terrorçusu 1983-cü ilin 27 iyulunda Türkiyənin Portuqaliya (Lissabon) səfirliyinə basqın etdi. Hücumda müşavir Yurtsev Mıhçıoğlu və həyat yoldaşı Cahide xanım həyatını itirdi. Amma erməni terrorçuları da öldürüldü.

***

  1996-cı ilin bu günü ABŞ-ın Atlanta Olimpiya parkında baş verən partlayışda 2 nəfər dünyasını dəyişdi. Hadisə yerinə qaçaraq gedən TRT operatoru Melih Uzunyol isə infarkt keçirərək həyatdan köçdü.

***

27 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

  Rus yazıçısı Vladimir Korolenko 1853-cü ilin bu günü anadan olub.

  1881-ci ildə çar III Aleksandra and içməkdən imtina etdiyinə görə Yakutiyaya sürgün olunan Korolenko “Qəribə qız” hekayəsində sürgündə olan inqilabçı qızın surətini yaradıb. Bundan başqa, onun “Kor çalğıçı”, “Dilsiz”, “Müasirlərimizin tarixi” adlı əsərləri də böyük maraq doğurur. (1853-1921)

***

  27 iyul Azərbaycanın görkəmli səhnə ustası, xalq artsti Nəcibə Məlikovanın xatirə günüdür. O, 1992-ci ilin bu günü 69 yaşında dünyasını dəyişib.

  Səhnə fəaliyyətinə 16 yaşında (1938) başlayan aktrisa müxtəlif teatrlarda və “Azərbaycanfilm” kinostudiyasında çalışıb.

  Həm lirik, həm komik rolların ifaçısı kimi tanınan Nəcibə Məlikova “Şeyx Sənan”, “Vaqif”, “Lənkəran xanının vəziri” tamaşalarında, “Ögey ana”, “Aygün”, “Əhməd haradadır”, “Arşın mal alan” filmlərində yaddaqalan obrazlar yaradıb. (1921-1992)

***

  27 iyul həm də Azərbaycan musiqisinin əvəzsiz təbliğatçısı Gülarə Əliyevanın xatirə günüdür.

  1933-cü ildə görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan G.Əliyeva tanınmış “Dan ulduzu” ansamblının yaradıcısı idi. (1933-1991)

***



Әlaqәli Xәbәrlәr