Tarixdə bu gün: 24 iyul

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1459668
Tarixdə bu gün: 24 iyul

***

   Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Rumıniya, Yuqoslaviya və Türkiyə arasında 1923-cü il iyul ayının 24-ündə Lozanna Müqaviləsi imzalandı. Bu saziş Türkiyənin indiki ərazi bütövlüyünü təsdiq etdi.

  Lozanna müqaviləsinə ilk imzaları dövrün baş naziri İsmət İnönü, Rza NurHəsən Sakadan ibarət Türkiyə nümayəndə heyəti atdı. Beləliklə, 19 may 1919-cu ildə başlayan, 4 il davam edən Türkiyə Qurtuluş Müharibəsi zəfərlə nəticələndi və Türkiyə Cümhuriyyəti Lozanna Müqaviləsi ilə müstəqilliyi rəsmi olaraq tanındı.

***

  24 iyul 1974-cü ildə Türkiyə ordusunun Qıbrız (Kipr) Barış Hərəkatının başlaması Yunanıstanda siyasi zəlzələyə yol açdı və 1967-ci ildən sürən hərbi çevriliş hökuməti (cunta) iflasa uğradı. Sürgündə olan əvvəlki baş nazir Konstantin Karamanlis hökuməti qurmaq üçün Yunanıstana döndü.

***

24 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

  Məşhur fransız yazıçısı, “Üç müşketyor”, “Kraliça Marqo”, “Qrafinya de Monsoro”, “Qraf Monto Kristo” kimi geniş oxucu rəğbəti qazanmış əsərlərin müəlifi Aleksandr Düma 1802-ci ilin bu günü anadan olub.

  Yaradıcılığa 23 yaşında (1825) dramaturq kimi başlayan A.Düma sonralar roman janrında qələmini sınayıb və böyük uğur qazanıb.

  Böyük fransız yazıçısı Azərbaycanda da olub, bir çox bölgələri gəzib, Qarabağ xanının qızı Xurşudbanu Natəvanla görüşüb. Öz səyahət təəssüratlarını Aleksandr Düma “Qafqaz” əsərində qələmə alıb. (1802-1870)

***

  Fransanın tanınmış bəstəkarı Adolf Adan 1803-cü ilin 24 iyulunda dünyaya gəlib. Onun məşhur “Jizel”, “Korsar” baletləri dünya ölkələrində hələ də uğurla göstərilməkdədir. (1803-1856)

***

  Rusiyada Xalqçılıq Hərəkatının banisi, yazıçı-inqilabçı Nikolay Çernışevski 24 iyul 1828-ci ildə anadan olub. Onun çarizmə, təhkimçiliyə qarşı mübarizəyə həsr olunan publisistikası, ədəbi-tənqidi məqalələri qabaqcıl rus ədəbiyyatı və incəsənətinin inkişafına böyük təsir göstərib.

  N.Çernışevskinin Azərbaycan ədəbiyyatı, xüsusən “Koroğlu” dastanı haqqında yazıları var. (1828-1889)

***                            

  Bu gün 20-ci əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı, ictimai xadim və müəllim Abdulla Şaiqin xatirə günüdür.

  Şeir və nəsrləri ədəbiyyatın ən dəyərli nümunələri arasında yer alan A.Şaiqin xüsusən Azərbaycan uşaq ədəbiyyatında böyük xidmətləri var. Onun “Tülkü Həccə gedir”, “Yaxşı arxa”, “Şələquyruq” mənzum hekayələrində gözüaçıqlıq, təvazökarlıq, doğruluq, təbiəti sevmək təbliğ edilir, “Gözəl bahar”, “El oğlu”, “Vətən”, “Nüşabə”, “Ana” pyesləri isə gənc nəslin vətənpərvərlik tərbiyəsində bu gün də mühüm rol oynayır.

  Abdulla Şaiqin xalq maarifi sahəsində də xidmətləri əvəzsizdir. (1881-1959)

***

  Qərbi Trakiya türklərinin siyasi rəhbərlərindən olan Sadiq Əhməd 1995-ci il 24 iyulda Yunanıstanın Gümülcine yaxınlarında keçirdiyi yol qəzasında 48 yaşındaykən dünyasını dəyişib.

  Həyatı boyu Qərbi Trakiya türklərinin etnik şəxsiyyəti və siyasi haqqları üçün mübarizə aparan Sadiq Əhmədin cənazə mərasiminə minlərlə adam qatıldı. (1947-1995)

*** 



Әlaqәli Xәbәrlәr