Tarixdə bu gün: 19 iyul

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1454339
Tarixdə bu gün: 19 iyul

***

  1943-cü ilin 19 iyulundan Kurskda həlledisi döyüşlər başlandı. Marşal Jukov və Vatuninin başçılıq etdiyi Sovet qoşunları almanlara ağır zərbələr endirərək Oryol şəhərini mühasirəyə aldılar. Bu, İkinci Dünya Müharibəsinin gedişində - Kursk qövsü döyüşlərində SSRİ-nin ən uğurlu əməliyyatlarından biri idi.

*** 

  19 iyul 1952-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə XV Yay Olimpiya Oyunları başlandı. Bu olimpiada iştirakçılarının sayına görə bura qədərki ən iri yarış idi. Sovet idmançıları, eləcə də digər sosialist ölkələrinin nümayəndələri ilk dəfə idi ki, olimpiya oyunlarında iştirak edirdilər.

  Azərbaycan bu yarışlarda SSRİ-nin seçmə kollektivi heyətində 5 idmançı ilə təmsil olunmuşdu. Onlardan Rəşid Məmmədbəyovsərbəst güləş yarışlarında gümüş medala layiq görüldü.

*** 

  1980-ci ilin 19 iyulunda Moskvada 22-ci Yay Olimpiada Oyunları başladı. Ancaq SSRİ-nin Əfqanıstanı işğalına etiraz bildirən, ABŞ başda olmaqla, 65 ölkə olimpiadanı boykot etdi.

***

  Nyu York Federal Məhkəməsi Türkiyədən qaçırılan "Karun xəzinəsi"ylə əlaqədar açılan məhkəmə işində bu tarixi əsərlərin Türkiyəyə qaytarılması üçün 19 iyul 1990-cı ildə qərar verdi. Beləliklə, Metropolutan Muzeyində olan 363 parçadan ibarət xəzinənin Türkiyəyə qaytarılması razılaşdırıldı və  "Karun xəzinəsi" 1993-cü ildə Ankaraya gətirildi.

*** 

19 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  1834-cü ilin bu günü Fransada İmpressionizm hərəkatının mühüm simalarından olan Edqar Deqa (Edgar Degas) dünyaya gəlib. O daha çox rəqs mövzulu şəkilləri ilə tanınır. (1834-1917)

***

  Məşhur rus şairi Vladimir Mayakovski 19 iyul 1893-cü ildə Gürcüstanın Bağdadi kəndində anadan olub.

  Yaradıcılığının ilk dövründə futurizmə meyl edən (“Şalvarlı bulud” poeması) şair Oktyabr inqilabının qələbəsindən sonra daha çox sosializmi mədh edən əsərlər yaradıb. 

  Vladimir Mayakovskinin yaradıcılığında Azərbaycan, xüsusən Bakı mövzusu da əhəmiyyətli yer tutur. Şair 1930-cu ildə 37 yaşında intihar edib. (1893-1930)

***

  Yüngül atletika üzrə Azərbaycan məşqçisi Əfqan Səfərov 1918-ci ilin 19 iyulunda dünyaya gəlib.

  1945-ci ildən “Dinamo” cəmiyyətində fəaliyyətə başlayan Ə.Səfərovun yetirmələri 5 dünya, 7 Avropa, 100-dək SSRİ rekordu əldə ediblər. Aleksandr Kornelyuk isə olimpiya çempionu olub. (1918 – 1990)

***

  1920-ci ilin bu günü Azərbaycan Demokratik Cümhuriyyəti parlamentinin sədr müavini Həsən bəy Ağayev Tiflisdə erməni qatilləri tərəfindən öldürülüb.

  Gəncədə dünyaya gələn və elə orada orta təhsilini başa vuran Həsən bəy Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə Moskva Universitetinin tibb fakültəsində oxuyub. 1901-ci ildə həmin ali məktəbi bitirərək vətənə qayıdan H.Ağayev həm həkim kimi fəaliyyət göstərib, həm də “Molla Nəsrəddin” jurnalında müxtəlif imzalarla məqalələr yazıb.

  Həsən bəy Ağayev Zaqafqaziya Seyminin üzvü, 1918-ci il dekabrın 7-dən 1920-ci il fevralın 2-dək Azərbaycan parlamenti sədrinin müavini, parlament sədri Əlimərdan bəy Topçubaşov Bakıda olmadığı zaman uzun müddət onun əvəzedicisi olub. (1875-1920)

***

  19 iyul Azərbaycan realist teatr-dekorasiya sənətinin yaradıcılarından olan Rüstəm Mustafayevin xatirə günüdür. О, tamaşaların bədii tərtibatında milli motivlərdən geniş istifadə edib. Azərbaycan Opera və Balet Teatrında opera tamaşalarına çəkdiyi dekorasiya eskizləri bu baxımdan fərqlənir.

  Cəmi 30 il ömür sürmüş Rüstəm Mustafayev həm də Nizami Muzeyinin bədii tərtibatının müəlliflərindəndir. (1910-1940)

***



Әlaqәli Xәbәrlәr