Tarixdə bu gün: 12 iyul

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1449186
Tarixdə bu gün: 12 iyul

***

  Ərzaqın qaçaqmalçılıq yolu ilə ölkə ərazisindən çıxarılmasının qarşısını almaq məqsədilə Qazax mahalının Salahlı və Şıxlı kəndlərində, eləcə də Poylu dəmiryol qəsəbəsində Azərbaycan Demokratik Cümhuriyyətinin 1918-ci il 12 iyul tarixli qərarı ilə sərhəd məntəqələri yaradıldı.

***

  1975-ci il iyulun 12-də Afrikanın bir neçə kiçik adadan ibarət San Tome və Prinsipi ərazisi Potuqaliyanın müstəmləkəçiliyindən azad olaraq dövlət müstəqilliyini elan etdi.

  Afrikanın qərbində, Qvineya körfəzində vulkan mənşəli adalarda yerləşən San Tome və Prinsipi Demokratik Respublikasının əhalisi 150 minə yaxındır. Paytaxtı San-Tome şəhəridir.

***                                                               

  12 iyul 1993-cü ildə Yaponiyanın Hokkaido adası sahillərində meydana gələn 7,7 gücündəki zəlzələ 5 - 30 metr hündürlüyündə tsunami yaradaraq 230 adamın həyatına bais oldu.  

***

  2006-cı ilin 12 iyulunda Hizbullah təşkilatının İsrailə mərmi hücumları və nəticədə 8 İsrail əsgərini əsir götürməsilə qəzəblənən  İsrail ordusu Livana qarşı hərbi əməliyyata başladı. Cənubi Livanda 33 gün davam edən qarşıdurmalarda İsrail uduzdusa da, yüzlərlə yerli əhalinin ölümünə səbəb oldu.

***

12 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Dünyanın ən böyük sərkərdələrindən və dövlət xadimlərindən olan Qay Yuli Sezar eramızdan əvvəl 100-cü ildə anadan olub.

  Bir çox parlaq hərbi və siyasi qələbələrilə dünya tarixində özünəməxsus yer tutan məşhur Roma diktatoru e.ə. 44-cü il martın 15-də qiyamçılar tərəfindən qətlə yetirilib. (e.ə. 100-44)

***

  İntibah dövründə ortaya çıxan "Humanizm" cərəyanının yaradıcısı Dezideri Erasmus (Desiderius Erasmus) 1536-cı ilin 12 iyulunda 69 yaşında həyatdan köçüb.  

  Erasmus elm və incəsənətin yayılması üçün Avropanın ortaq sənət və elm anlayışı damı altında birləşməsini humanizmin birinci şərti sayırdı.

  Başda kilsə olmaqla hər cür fanatikliyə qarşı çıxan Dezideri Erasmus düşüncələrini "Dəliliyə tərif" kitabıyla dünyaya yayıb.  

***

  Azərbaycan milli dramaturgiyasının banisi, böyük yazıçı və filosof Mirzə Fətəli Axundzadə 1812-ci ilin bu günü Şəkidə (Nuxa) anadan olub. 1834-cü ildə Tiflisə gələn Mirzə Fətəli Qafqaz canişinin baş dəftərxanasına şərq dilləri üzrə mütərcim təyin olunub və ömrünün sonunadək həmin vəzifədə çalışıb.

  Yaradıcılığa şeirlə başlayıb, amma daha çox pyesləri, bədii nəsri və fəlsəfi əsərlərilə tanınıb.

  Mirzə Fətəli Axundzadə 1850-1856-cı illərdə yazdığı “Müsyo Jordan alimi-nəbatat və Dərviş Məstəli şah cadugüni-məşhur”, “Molla İbrahimxəlil kimyagər”, “Sərgüzəşti-mərdi-xəsis və ya Hacı Qara”, “Mürafiə vəkilləri”, “Xırs quldurbasan”, “Vəziri-xani-Lənkəran” komediyaları ilə Azərbaycan dramaturgiyasının əsasını qoyub. (1812-1878)

 *** 

  12 iyul dahi Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabirin xatirə günüdür. 

  Sabir yaradıcılığında ХIХ əsrin sonu - ХХ əsrin əvvəllərində Azərbaycanın ictimai həyatı bütün dolğunluğu ilə öz əksini tapıb.

  Şeirlərini əruz vəzninin ən oynaq bəhrlərində yazan Sabirin poeziyası sənətkarlıq, bədii forması və lirizmi ilə Azərbaycan, eləcə də Yaxın və Orta Şərq ədəbiyyatında xüsusi yer tutur. Onun şeirləri “Hophopnamə” adlı kitabda toplanıb. (1862-1911)

***



Әlaqәli Xәbәrlәr