Tarixdə bu gün: 28 iyun

arixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1443376
Tarixdə bu gün: 28 iyun

***

  1902-ci il 28 iyunda Amerika Birləşmiş Ştatları Fransa firmalarının birindən Panama kanalının tikintisi üçün konsessiya aldı. Həmin konsessiya ABŞ-a 40 milyon dollara başa gəldi. 2000-ci ilin payızında isə Amerikanın Panama kanalının üzərindəki nəzarətinə rəsmi şəkildə son qoyuldu.

  Qeyd edək ki, Panama kanalının uzunluğu 81,6 kilometr, ən enli yeri 150, dərinliyi 13,5 metrdir. Kanala 40 min tonadək yük götürən gəmilər daxil ola bilir.  

***                                          

  1914-cü il iyunun 28-də Sarayevo şəhərində serb millətçisi Qavrila Prinsip (Gavrilo Princip) Avstriya-Macarıstan imperiyası taxt-tacının vəliəhdi Frans Ferdinand və həyat yoldaşını qətlə yetirdi. Bu hadisə Birinci Dünya Müharibəsinin başlanması üçün bəhanə oldu.  

***

  Bu hadisədən düz 5 il sonra 1919-ci il iyunun 28-də Almaniya ilə qalib dövlətlər arasında Birinci Dünya Müharibəsinə son qoyan Versal (Versailles) Sülh Müqaviləsi imzalandı. Qalib dövlətlər – ABŞ, İngiltərə, Fransa, İtaliya, Yaponiya, eləcə də daha 21 ölkə dünya xəritəsində dəyişiklik etdilər. Müqaviləyə görə, Almaniya bütün müstəmləkələrindən mərhum oldu, ordusu məhdudlaşdırıldı və milyardlarla mark müharibə təzminatı ödəmək məcburiyyətində qaldı. Bu müqavilənin ağır iqtisadi şərtləri Almaniyanı iflasa uğratdı və Adolf Hitlerin rəhbərlik etdiyi Nasist Partiyasının önünü açdı.

  Versal müqaviləsindən sonra Avropada bir neçə yeni dövlət yarandı.

  Qeyd edək ki, Azərbaycan Demokratik Cümhuriyyətin nümayəndələri də Versal konfransında iştirak ediblər.  

*** 

  İkinci Körfəz Müharibəsi ilə İraqı işğal edən ABŞ 2004-cü ilin 28 iyun tarixində hakimiyyəti baş nazir İyad Alləvi tərəfindən qurulan müvəqqəti hökumətə təhvil verdi.

***

28 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Məşhur flamand rəssamı Piter Pauls Rubens 1577-ci ilin bu günü anadan olub. 23-31 (1600-1608) yaşlarında İtaliyada yaşayıb, Mikelancelo, Rafael, Tisian və Karavacconun əsərlərini öyrənib.

  “Çarmıxın dikəldilməsi”, “Çarmıxdan azadetmə” əsərlərilə tanınan Rubensin yaradıcılıq üslubu 35-43 yaşlarında (1612-1620) yaratdığı mifoloji “Persey və Andromeda”, “Levkippin qızlarının oğurlanması”, “Məhşər günü” və digər əsərlərilə tam yetkinləşdi.

  Ümumilikdə Piter Pauls Rubensin yaradıcılığı bütün Avropa təsviri sənətinə güclü təsir göstərib. (1577-1640)

***

  Məşhur fransız maarifçisi, filosof, yazıçı və bəstəkar Jan Jak Russo 1712-ci il 28 iyunda Cenevrədə doğulub.

  Gəncliyində müsiqi müəllimi işləyən Jan 29 yaşında (1741) Parisə köçdükdən sonra Didronun dəvətilə “Ensiklopediya” məcmuəsində əməkdaşlıq edib.

  “Elmlər və sənətlər barədə düşüncələr”, “Emil, yaxud tərbiyə haqqında” və “İctimai müqavilə” əsərlərinin nəşrindən sonra yazıçı təqiblərə məruz qalıb.  

  Jan Jak Russonun ədəbi irsi janrca zəngindir. “Yuliya, yaxud yeni Eloiza” epistolyar romanında insanın təbii hissləri, ailə həyatı, mənəvi və ictimai borcu tərənnüm olunur.

  Feyxtvangerin “Qəribə adamın müdrikliyi” romanı Russoya həsr edilib. (1712-1778)

***

  Azərbaycan milli mətbuatının banisi, görkəmli maarif xadimi Həsən bəy Zərdabi 1837-ci ilin 28 iyununda Göyçay qəzasının Zərdab kəndində anadan olub.

  Azərbaycan peşəkar teatrının yaradıcılarından olan H.Zərdabi “Əkinçi” qəzetini nəşr etdirməklə Azərbaycan milli mətbuatının əsasını qoyub. (1837-1907)

***

  Azərbaycanın böyük hərbi xadimi, general-leytenant Hüseyn bəy Naxçıvanski 1863-cü ilin bu günü anadan olub.

  Çarın xüsusi süvari qoşununda xidmət edən Azərbaycan hərbçisi haqqında rus yazıçısı Aleksandr Soljenitsin14 avqust” romanında yazır: “Sankt-Peterburq zadəganlarının say-seçmə üzvlərindən ibarət qvardiya süvarilərinə Hüseyn bəy Naxçıvanski komandanlıq edirdi”.

  Birinci Dünya Müharibəsi cəbhələrində göstərdiyi qəhrəmanlığa görə Rusiyanın ən yüksək hərbi mükafatlara layiq görülmüş H.Naxçıvanski Sankt-Peterburqdakı Aleksandr Nevski qəbiristanlığında dəfn olunub. (1863-1919)

***

  Azərbaycanın görkəmli səhnə xadimi, xalq artisti Barat Şəkinskaya 1914-cü ilin 28 iyununda doğulub.  

  Dünya və Azərbaycan dramaturqlarının əsərlərində yaddaqalan obrazlar yaratmış, bir neçə bədii filmə də çəkilmiş B.Şəkinskayanın Dezdemonası və Şirini Azərbaycan səhnəsinin ən parlaq qadın obrazlarındandır. (1914 –2000)

***



Әlaqәli Xәbәrlәr