Tarixdə bu gün: 4 aprel

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1386936
Tarixdə bu gün: 4 aprel

***

  1913-cü ilin 4 aprelində Osmanlı dövlətində “Qadınlar dünyası” adlı jurnalın ilk sayı çıxdı. Jurnalın məqsədi qadın hüquqları, azadlıqları, onların savadlandırılması, iş və sosial həyatda fəaliyyətinin təmin edilməsindən ibarət idi.

***

  İkinci Dünya Müharibəsindən sonra Avropada Sovet İttifaqı təhdidinə qarşı Amerika Birləşmiş Ştatlarının başçılığı ilə Vaşinqtonda 4 aprel 1949-cu ildə Şimali Atlantika İttifaqının qurulması ilə bağlı müqavilə imzalandı.

  NATO adlanan bu blok uzun müddət Varşava müqaviləsinin üzvü olan ölkələrə qarşı dayanan başlıca hərbi qüvvə olub. Amma “Soyuq müharibə” başa çatdıqdan sonra da NATO fəaliyyətini dayandırmayıb, əksinə Şərqə doğru genişlənib. 

***

  1953-cü ilin bu günü Türkiyə Dəniz Donanmasına bağlı Dumlupınar sualtı gəmisi NATO təlimindən qayıdarkən Çanaqqala boğazında İsveç gəmisi “Naboland”la toqquşaraq batdı.

  81 Türkiyə dənizçisinin həyatını itirdiyi 4 aprel tarixi Dəniz Şəhidlərini Anma Günü elan edildi.

***

  1964-cü ildə Kipr respublikasının prezidenti, arxiyepiskop Makarios adanın statusunu müəyyənləşdirən sazişi pozdu. Bununla Kiprin türk icması adi hüquqlardan belə məhrum edilərək məhv olmaq təhlükəsilə üzləşdi. Belə olan vəziyyətdə Türkiyənin Silahlı Qüvvələri adaya yürüdü. 

***

  1997-ci ildən başlayaraq hər 4 aprel tarixi bütün dünyada mina təhlükəsizliyi barədə maarifləndirmə və minalardan təmizləmə fəaliyyətinə yardım günü olaraq qeyd edilir.

  Hər il dünya üzrə minalardan təmizləmə fəaliyyəti nəticəsində 100 kvadrat kilometrdən çox ərazi minalardan təmizlənir, 7 milyondan çox insana təhlükədən necə müdafiə olunmaq öyrədilir.

***

  2010-cu ilin 4 aprelindən TRT-nin ərəb kanalı “TRT El Arabia” yayıma başladı.

***

   2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Dördgünlük müharibə baş verdi.

  Dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər.Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.

  Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb.

4 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Amerika Birləşmiş Ştatlarlnda vətəndaş hüquqları və irqi bərabərlik uğrunda hərəkatın lideri, Nobel Sülh Mükafatını qazanmış (1964) Martin Lüter Kinq 1968-ci ilin bu günü Tennesi ştatının Memfis (Memphis) şəhərində qaldığı otelin balkonunda vurularaq qətlə yetirilib. Onun ölümündən 5 gün sonra təşkil edilən cənazə mərasiminə 300 mindən çox adam gəlmişdi. (1929-1968)

  Lüterin qatilinin məhkəməsi gizli keçirildi. Sui-qəsdi törədən Ceyms Erl Rey (James Earl Ray) İngiltərədə yaxalandıqdan sonra cinayətini etiraf etdi və 99 il həbs cəzasına məhkum edildi.  

***

  4 aprel 1979-cu ildə Pakistanın baş naziri Zülfüqar Əli Butto asılaraq edam edilib.

***

  Bu gün Türkiyənin böyük siyasi xadimi Alparslan Türkeşin xatirə günüdür.

  Alparslan 25 noyabr 1917-ci ildə Şimali Kiprin paytaxtı Lefkoşada Əhməd Hamdi Əfəndi və Fatimagül Zəhra xanımın ailəsində dünyaya gəlib. İlk və orta təhsilini Lefkoşada alıb. O illərdə ingilislərin əsarətində olan Kiprdən ailəsi ilə birlikdə Türkiyəyə köçməyə məcbur olub. Beləliklə də ailə İstanbulda yerləşib.

  Hərbi xidmət keçməyə böyük sevgisi olan Alparslan Türkeş liseyi (1933) müvəffəqiyyətlə başa vurduqdan sonra Ali Hərbi Məktəbə daxil olub. Buranı bitirdikdən sonra (1939) kiçik leytnant rütbəsi ilə orduya qatılıb. Təxminən 10 il sonra (1948) təhsilini təkmilləşdirmək üçün onu Amerikaya göndəriblər. 1955-ci ildə minbaşı rütbəsinə yüksəlib, daha sonra Vaşinqtondakı Türkiyə Baş Qərargahı təmsilçilər heyətinə daxil edilib.

  Alparslan Türkeş 4 dəfə (1963-1980) Ankara və Adana şəhərləri üzrə millət vəkili seçilib. Eyni zamanda da (1975) baş nazir müavini vəzifəsində çalışıb.

  Türkiyənin ən öndə gedən siyasi simalarından biri kimi tanınan Türkeş 80-ci illərdə dövlət işindən ayrılıb, Milliyətçi Hərəkat Partiyasını (MHP) yaradaraq onun sədri olub.

  Alparslan Türkeş özünün bütün şüurlu həyatını böyük türk millətinə və türk dünyasının maraqlarına həsr eləyib. Məhz bu xidmətlərinə görə ona Başbuğ ləqəbi verilib. (1917-1997)

***



Әlaqәli Xәbәrlәr