Tarixdə bu gün: 21 mart

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1378521
Tarixdə bu gün: 21 mart

***

  1590-cı ilin 21 martında Osmanlı dövləti ilə Səfəvilər arasında İstanbul Sülh Müqaviləsi və ya Fərhad Paşa Sazişi imzalandı.  

  İstanbul sülh müqaviləsinə əsasən, Talış bölgəsi istisna olmaqla, bütün Şimali Azərbaycan, Qərbi Azərbaycan, eləcə də Cənubi Azərbaycanın bir hissəsi – Şirvan və Qarabağdan Təbriz və Marağayadək ərazilər Osmanlı dövlətinin nəzarətinə keçdi.

***

  21 mart 1779-cu ildə Osmanlı dövləti ilə Romanovlar arasında Aynalı Kavak Sazişi imzalandı. Bu sazişə görə, birincisi, Osmanlı dövləti Şahin Gəray Xanlığını tanıyacaq, lakin sonrakı xanların seçkisi zamanı sultan bir xəlifə olaraq onları təsdiqləyəcəkdi. İkincisi, Aralıq dənizi və Qara dənizdə Fransa və İngiltərəyə tanınan ticarət hüquqlarını Rusiya da tanıyacaqdı. Üçüncüsü, Krımdan Rusiya qüvvələri geri çəkiləcəkdi. Beləliklə, bu müqavilə ilə Krımın müstəqilliyi yenidən təsdiq etmiş olundu.

***

  1788-ci ilin 21 martında Amerika Birləşmiş Ştatlarının Luiziana (Louisiana) ştatının Nyu Orlean (New Orleans) şəhəri yanğında tamamilə yandı. Səbəbi aydınlaşmayan yanğın zamanı 1100 binadan ancaq 200-ü salamat qaldı.

***

  21 mart 1935-ci ildə Rza şah Pəhləvi beynəlxalq arenaya səslənərək bundan sonra ölkəsinin "Persia" deyil, "Arilərin ölkəsi" mənasını verən İran adlandırılmasını istədi.

  Qeyd edək ki, ölkənin adı 11-ci əsrdən başlayaraq müxtəlif türk sülalələrinin adını daşımışdır. Bir zaman Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Avşarlar və Qacarlar adlanan dövlətin adı 1925-ci ildən sonra İran adlanmağa başladı. 

***

  Cənub Afrikanın Şarpevil (Sharpeville) şəhərində 1960-cı ilin 21 martında polisin silahsız zənci nümayişçilərə atəş açması nəticəsində 69 adam öldü, 180 nəfər yaralandı.

  Birləşmiş Millətlər Təşkilatı baş assambleyası sonradan verdiyi qərarla 21 martı İrqi Ayrı-seçkiliklə Mübarizə Günü olaraq elan etdi.

***

  1963-cü ilin 21 martında məşhur Alkatraz həbsxanası rəsmən bağlanıldı.

  Alkatraz 1861-1963-cü illər arasında həbsxana kimi istifadə edilmiş bir ada olub.

  Bütün tarixi ərzində heç bir məhkumun qaça bilmədiyi bu həbsxana ispan tədqiqatçısı Xuan de Ayyala tərəfindən kəşf olunmuş Alkatraz (La İsla de los Alcatraces) adasında 1775-ci ildə inşa edilib.

***

  SSRİ ordusu Əfqanıstana girincə ABŞ prezidenti Cimmi Karter (Jimmy Carter) 1980-ci ilin 21 martında Amerika olimpiada komandasının yayda Moskvada keçiriləcək Yay Olimpia Oyunlarını boykot edəcəyini, yarışlara qatılmayacağını açıqladı.

***

  21 mart Beynəlxalq Novruz Günüdür

  Artıq neçə illərdir ki, dünyanın müxtəlif ölkələrində Novruz bayramı qeyd edilir.

  2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında 21 mart Beynəlxalq Novruz Günü elan olunub.

  Beynəlxalq Novruz Günü münasibətilə hazırlanan qətnamənin preambula hissəsində deyilir: “Yeni gün" mənası verən, martın 21-də, gecə və gündüzün bərabərləşdiyi gün qeyd olunan Novruz bütün dünyada 300 milyondan artıq adam tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur”.

  Bu bayram artıq 3000 min ildir ki, Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd olunur.

***

  2009-cu ilin 21 mart tarixində TRT-nin Uzaq Şərqdən Balkanlara qədər uzanan coğrafiyada yaşayan türk dünyasına ünvanlanan beynəlxalq informasiya və mədəniyyət kanalı TRT Avaz yayıma girdi.

***

21 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Bu gün Türkiyənin məşhur xalq aşığı Aşıq Veysəlin xatirə günüdür. (1894-1973)

  Anadolu aşıq məktəbinin son nümayəndələrindən olan Veysəl Şatıroğlu 1894-cü il Türkiyənin Sivas rayonunun Sivirlan kəndində dünyaya gəlib.

  Veysəl yeddi yaşa girəndə Sivasda çiçək xəstəliyi yayılır və xəstəlik onu da yaxalayır. Sol gözünü itirir, sağ gözünə isə pərdə gəlir. Bir təsadüf üzündən Veysəlin azacıq da olsa görən gözünə atasının əlindəki budaq parçası girir və dünya işığından tamam məhrum olur. Bundan sonra bacısı əlindən tutub gəzdirir. Get-gedə Veysəl öz-özünə qapanaraq şeirlər yazmağa başlayır.

  Veysəli iztirablardan qurtarmağa çalışan atası Əhməd Yunus İmrə Pir Sultan Abdal, Qaracaoğlan, Əmrah, Dadaloğlu kimi ozanların şeirlərini oğluna öyrədir və dərdini azca da olsa, unudacağı ümidi ilə ona bir saz alır. Kiçik yaşlarından Veysəli saz çalmağa, söz qoşmağa həvəsləndirir. Saz onun sevincinin, kədərinin, məhəbbət və iztirablarının tərcümanı olur. Türkülərində həyat eşqi ilə yanaşı kədər, qüssə, qəm, ümidsizlik könülləri kövrəldir. 

  Aşıq Veysəl sənətdə sözünü deyib: aşıq ifaçılığına yeni nəfəs, yeni ruh gətirib, sevilib-seçilib, əsl xalq aşığı olub. (1894-1973)

***

  Bu gün 20-ci əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Səməd Vurğunun anadan olduğu gündür (1906).

  S.Vurğunun qələmə aldığı “Vaqif”, “Xanlar”, “Fərhad və Şirin”, “İnsan” pyesləri Azərbaycan dramaturgiyasının inciləri hesab edilir. “Muğam”, “Aygün”, “Komsomol poeması” və başqa əsərləri poeziyanın ən gözəl nümunələri sayılır.

  Səməd Vurğun həm də A.S.Puşkinin “Yevgeni Onegin”, Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Nizaminin “Leyli və Məcnun” poemalarını Azərbaycan dilinə tərcümə edib. Şairin xatirəsinə Bakıda və doğulduğu Qazaxda heykəl ucaldılıb. (1906-1956)

***

  21 mart böyük Azərbaycan şairi Şəhriyarın doğum günüdür.

  Seyid Məhəmmədhüseyn Şəhriyar Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olub. Onun ilk şeirlər kitabı 1929-cu ildə farsca çap olunub. Amma Şəhriyarın Azərbaycan türkcəsində yazdığı “Heydərbabaya salam” poeması yaradıcılığının zirvəsi və türkdilli ədəbiyyatın inkişafında böyük təsir sayılır. (1905-1988)

***

  1924-cü ilin bu günü Azərbaycanın ustad aşığı Mikayıl Azaflı anadan olub.

  12 saz havası yaradan Azaflının şeirləri “Qoca qartal” və “Özüm ölsəm, sözüm qalar” kitablarında toplanıb. Həmin kitablar Türkiyədə də nəşr edilib. (1924-1990)

***

  Azərbaycanlı mineroloq alim Ədhəm Mahmudov 1934-cü ilin 21 martında dünyaya gəlib.

  Minerologiya elminin inkişafında böyük xidmətləri olan alimin əsərləri Amerika, Çin, Türkiyə, Almaniya, Bolqarıstan və digər ölkələrdə dərc olunub.

  Kembric Universitetinin fəxri üzvü olan Ədhəm Mahmudov onlarla monoqrafiya və dərsliklərin müəllifidir. (1934-2006)

***



Әlaqәli Xәbәrlәr