Tarixdə bu gün: 3 mart

Tarixin bu günü harada nələr baş verib, kimlər olub, qısaca nəzər salaq

1370047
Tarixdə bu gün: 3 mart

***

  “93 Harbi” kimi tanınan, 1877-1878-ci illər Osmanlı-Rusiya Müharibəsi Osmanlı imperiyasının məğlubiyyəti ilə sona çatdı: 3 mart tarixində (1878) İstanbulun Yeşilköy səmtində Ayastefanos Sazişi imzalandı.

  Çox ağır şərtlər ehtiva edən bu müqaviləyə görə, Rumıniya, Çernoqoriya, Serbiya müstəqillik qazandı, Bolqarıstan isə muxtariyyət elan etdi. Müharibə təzminatı olaraq Qars, Ərdahan, Batumi və Ağrı vilayətinə bağlı Şərqi Bəyazit Rusiyaya verildi. Ermənilərə də bir sıra imtiyazlar verən bu müqavilə Rusiyanın bölgədə gücünü artırdı. Bu vəziyyət Avropanı çox narahat etdi. Kiprin (Kıbrıs) idarəsini ingilislərə buraxmağı qəbul edən Osmanlı dövləti Avropanın dəstəyi ilə yeni razılaşma olan Berlin Müqaviləsini imzaladı, beləliklə, Ayestefanos Müqaviləsi ləğv olundu.   

***

  Yeni qurulan Türkiyə Cümhuriyyətində davam edən müasirləşmə ilə əlaqədar 1924-cü ilin 3 martında Tevhidi-Tedrisat Qanunu qəbul edildi. Bu qanunla Türkiyə təhsil sistemi quruldu: bütün məktəblər Milli Təhsil Nazirliyinə bağlandı, yerli məkləblərdə azlıqların dilinin tədrisi, xarici məktəblərdə isə dini və siyasi təhsil verilməsi qadağan olundu.

  Tevhidi-Tedrisat Qanununa əsasən, bəzi dini qurumlar bağlandı, onların yerinə Diyanət İşləri Rəhbərliyi və İmam Hatib məktəbləri açıldı.

***

 

  1986-cı ildə Beynəlxalq PEN Klubunun (Pen Club), yəni qələm sahibləri 48-ci konsreslərinin qərarı ilə martın 3-ü Dünya Yazıçılar Günü kimi qeyd etməyi təklif etdilər. Əslində isə bu bayram 1921-ci ildən PEN Klubu üzvləri tərəfindən qeyd  olunurdu.

  PEN ingiliscə üç sözün ilk hərflərindən yaranan qısaltmadır: poets (şair), essayists (oçerkçi) və novelists (novella, roman müəllifi).

  PEN Klubunun ilk beynəlxalq konqresi 1923-cü ildə Londonda keçirilib. 1986-cı il yanvarın 12-dən 18-dək klubun sayca 48-ci beynəlxalq konqresi baş tutub. Məhz həmin tədbirin iştirakçıları mart ayının 3-nün Yazıçının Ümumdünya Sülh Günü elan edilməsi barədə qərar qəbul ediblər. O vaxtadək artıq dünyanın yüzdən çox ölkəsində PEN mərkəzləri fəaliyyət göstərirdi. Bir sıra ölkədə bu bayram sadəcə Yazıçı Günü adlanır və bir növ daha çox fərqlənmiş ədibləri təbrik etmək və mükafatlandırmaq üçün münasib gün kimi qeyd olunur.

  Bayramı keçirməkdə məqsəd “Dördüncü hakimiyyət”in – demokratik mətbuatın mənfi aspektlərinə qarşı çıxmağa, yalan yazılara, məqsədli təhriflərə, faktların bilərəkdən saxtalaşdırılmasına, yaxud siyasi, qrup və şəxsi maraqlar naminə gerçəyin vicdansızcasına yozulmasına yol verməməyə çağıran peşə bayramıdır.

  Qeyd edək ki, eyniadlı təşkilat – PEN Klub Azərbaycanda 2011-ci ildə yaradılıb. Üzvləri kifayət qədər tanınmış adamlardır. PEN Klubunun Azərbaycandakı prezidenti yazıçı Çingiz Abdullayev seçilib.

  PEN klubun digər məqsədi olduğu yazıçıları dünya ölkələrində tərcümələr vasitəsilə tanıtmaqdır.

***

 

 

 

  3 mart 2002-ci ildə İsveçrədə Birləşmiş Millətlər Təşkilatı üzvlüyü üçün referendum keçirildi. İsveçrəlilər beynəlxalq tərəfsizlikdən imtina edərək BMT-nin 190-cı üzvü olmaq üçün “bəli" dedilər.

 

 

 

 

***

  20 dekabr 2013-cü ildə BMT-nin Baş Assambleyası vəhşi flora və fauna məsələləri ilə bağlı geniş ictimaiyyətin məlumatlılığını artırmaq məqsədi ilə 3 martı Vəhşi Təbiət Günü ( World Wildlife Day) elan edib (A/RES/68/205 saylı qətnamə ilə). Həmin il təbii müxtəlifliyin qorunması sahəsində digər bir mühüm sənədin qəbul edilməsinin 40 illiyi qeyd olunub. Bu sənəd “Məhv olmaq təhlükəsi qarşısında qalan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiya adlanır. (Sənəd 3 mart 1973-cü ildə qəbul olunub.)

***

  3 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycanın tanınmış dövlət xadimi Məhəmmədhəsən Hacınski 1875-ci ilin bu günü doğulub.

  1908-ci ildə Bakı şəhər bələdiyyə idarəsində tikinti şöbəsinə başçılıq edib. Paytaxtın baş planını redaktə edərək şəhərin ümumi layihəsini təkmilləşdirib. Dənizkənarı bulvar da onun rəhbərliyi ilə salınıb.

  1918-ci ildə Məhəmmədhəsən Hacınskinin təşəbbüsü ilə Bakıda Şirvanşahlar sarayının bərha layihəsini hazırlamaq üçün ilk elmi tədqiqat işləri aparılıb.

  M.Hacınskinin siyasi fəaliyyəti də geniş olub. О, Azərbaycan Xalq Cümhuriyyətinin birinci və ikinci kabinetlərində ölkənin xarici işlər naziri olub. 1919-1920-ci illərdə Paris Sülh Konfransına Azərbaycan nümayəndə heyətinin üzvü olaraq gedib. 

  Cümhuriyyət devrildikdən sonra yerinə qurulan Azərbaycan Sovet Respublikasında Məhəmmədhəsən Hacınski Ali Xalq Təsərrüfatı Şurası və Dövlət Plan Komitəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb, ölkənin şəhərlərinin abadlaşdırılmasında fəal iştirak edib.

  1930-cu ildə repressiyaya məruz qalan Məhəmmədhəsən Hacınski Beriyanın göstərişi ilə həbs edilib, 1931-ci ildə Tiflisdə güllələnib. (1875-1931)

***

  Azərbaycanın tanınmış yazıçı və tərcüməçisi Manaf Süleymanov 1912-ci il matın 3-də İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub.

  1937-ci ildə Neft və Kimya İnstitutunun Geoloji Kəşfiyyat fakültəsini bitirən və bu sahədə elmi fəaliyyət göstərən alim Stalin repressiyası dövründə təqiblərə məruz qalıb.

  Ədəbi yaradıcılıqla da məşğul olan tədqiqatçının ən böyük əsəri “Yerin sirri” romanıdır. (Əsər 1947-ci ildə “Azərbaycan” jurnalında dərc olunub.)

  Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabı Bakının keçmişindən, ötən əsrin əvvəlində neft səltənətində baş verən hadisələrdən, paytaxtın kəşməkeşli günlərindən bəhs edir. (1912-2001)

***

  Şairə və ədəbiyyatşünas Hökumə Bülluri 1926-cı ilin bu günü Cənubi Azərbaycanın Zəncan şəhərində dünyaya gəlib.

  Hökumə xanımın ilk şeir və məqalələri 1945-ci ildə Təbrizdə çıxan “Azər”, “Vətən yolunda” və Bakıdakı “Azərbaycan” mətbuat orqanlarında çap olunub.

  Cənubi Azərbaycanda inqilabi hadisələrin fəal iştirakçısı kimi “21 Azər” medalı ilə təltif edilən Hökumə Bülluri 18 şeirlər kitabının müəllifidir. (1926-2000)

*** 

  Azərbaycanın tanınmış tarixi romanlar yazıçısı Fərman Kərimzadə 1937-ci ilin 3 martında anadan olub.

  Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirən Fərman bir müddət orta məktəbdə dərs deyib. Müxtəlif illərdə Dövlət Teleradio Verilişləri Komitəsində, “Azərbaycanfilm” kinostudiyasında, “Ədəbiyyat və İncəsənət” qəzeti redaksiyasında çalışıb.

  Fərman Kərimzadənin “Qarlı aşırım” romanı əsasında çəkilmiş “Axırıncı aşırım” filmi Azərbaycan kinosunun ən gözəl nümunələrindəndir.

  Yazıçının Azərbaycan Səfəvilər dövləti, Şah İsmayıl və dövrünü əhatə edən “Xudafərin körpüsü” və “Çaldıran döyüşü” tarixi romanları, digər povest və hekayələri bu gün də maraqla oxunur. (1937-1989)

***

  1980-ci ilin 3 martında keçmiş Hatay dövlətinin başçısı Tayfur Sökmen 88 yaşında İstanbulda vəfat edib.

  Osmanlı imperiyasının Birinci Dünya Müharibəsi illərində İsgəndərun Sancağı adlanan vilayətin fransızlar tərəfindən işğalı zamanı Tayfur ilk müqavimət hərəkatını quranlardan biri idi.

  1938-ci ilin 2 sentyabr tarixində Hatay dövləti yarandı və 1939-ci ildə keçirilən referendumla Tayfur Sökmen bu dövlətin başçısı seçildi. (1892-1980)

  Hatay dövləti 1939-cu ilin 29 iyununda Türkiyə Böyük Millət Məclisinin qərarı ilə təkrar Türkiyə respublikasına qatılıb. O zamana qədər Hatay dövlətinin başçısı vəzifəsini icra edən Tayfur Sökmen sonralar - 1939-1974 illər arasında, düz 35 il Məclisin deputatı və bəzi illərdə sədri olaraq çalışıb.  

***

  2013-cü ilin bu günü ərəb (arabesk) və türk mahnılarının populyar ifaçısı Müslüm Gürses dünyadan köçüb.

  Türkiyənin çox sevilən və sonralar "Müslüm baba" kimi tanınan müğənnisi hələ 12 yaşında ikən çayxanalarda oxuyaraq sənət həyatına başlayıb.

  Yaradıcılığının ilk illərində əsasən ərəb mahnıları ilə tanınan Müslüm Gürses müəyyən təbəqənin sevimlisi idisə, sonradan özünəməxsus tərz seçərək pop musiqiləri ilə yaddaşlara yazılır və bütün Türkiyənin sevə-sevə dinlədiyi bir sənətkar olur.

  Bir çox filmdə də rol alan Müslüm Gürses həm də şəxsiyyəti və müdrik sözləri ilə diqqəti çəkib.

***



Әlaqәli Xәbәrlәr