Tarixdə bu gün: 27 fevral

Tarixin bu günü harada nələr baş verib, kimlər olub, qısaca nəzər salaq

1364750
Tarixdə bu gün: 27 fevral

***

  1914-cü ilin 27 fevralında Türkiyə aviasiyası ilk şəhidlərini verdi.

  Pilotlar - baş leytenantlar (yüzbaşı) Fethi bəy və Sadık bəyin sürdüyü “Muaveneti-Milliye” təyyarəsi İstanbul - Qahirə səfərinə başladı. Konya, Ulukışla, Adana, Humus və Dəməşq üzərindən Qahirəyə qədər uzanacaq bu hava səyahəti Dəməşqə qədər problemsiz davam etdi. Ancaq uçuşun 10-cu mərhələsində Qüdsün Təbəri (Tabariye) rayonu yaxınlığında hava axınına düşərək qayalara çırpıldı və düşdü. Pilotlar Fetih bəy və Sadik bəy həlak oldular.

  Balkan müharibəsindən məğlub çıxan Osmanlı hökuməti bu hava səyahəti ilə xalqda ruh yüksəkliyi yaradacağını düşünmüşdü.  

***

  27 fevral 1917-ci ildə Rusiyada Fevral İnqilabı baş verdi. Nəticədə çar II Nikolay taxt-tacdan əl çəkməyə məcbur oldu, monarxiya rejimi devrildi və müvəqqəti hökumət yarandı.

***

  1918-ci ilin bu günü ermənilər daha bir dəhşətli soyqırım törətdilər: Andronikin başçılıq etdiyi quldur dəstələri Türkiyənin Ərzincan vilayətində 800 nəfəri qətlə yetirdi.

***

  27 fevral 1933-cü ildə Adolf Hitler Almaniyanın baş naziri təyin olunduqdan az sonra parlament binası – Reyxstaq (Reichstag) yandırıldı. Bu hadisəyə görə bolqar Dmitrovu ittiham etsələr də, o, məhkəmədə bəraət qazandı. Hitler bu hadisəni kommunistlərin törətdiyini iddia edərək prezident Hindenburqun şəxsi hüquq və azadlıqlarını aradan qaldıran sərəncam imzaladı. Bundan sonra ölkədə özünün Nasist Partiyasından digər bütün partiyaların fəaliyyətini dayandırdı, Kommunist Partiyasından olan 181 deputatı və başqa partiyaların idarəedicilərini həbs etdirdi.

***

 

 

  2010-cu ilin 27 fevralında Çilinin Konsepsyon (Concepcion) şəhəri yaxınlığında 8,8 bal gücündə zəlzələ baş verdi. Təxminən min adamın öldüyü bu 90 saniyəlik zəlzələ 2 milyon insanın da həyatına təsir etdi: 500 mindən çox ev dağıldı, zədələndi, elektrik və telefon şəbəkələri çökdü.

 

 

***

  Hər il fevralın 27-də dünyada Beynəlxalq Qütb Ayısı Günü (İnternational Polar Bear Day) qeyd olunur. Bu günün qeyd olunmasının əsas məqsədi qlobal istilik və iqlim dəyişiklərilə əlaqədar nəsli tükənməkdə olan ağ ayılar haqqında ictimaiyyətin məlumatını artırmaq və bu heyvanların qorunmasının vacibliyini vurğulamaqdır. Həmin gün ənənəvi olaraq təbiətin müdafiəsi ilə məşğul olan ekologiya təşkilatları tərəfindən müxtəlif aksiyalar və maarifləndirici tədbirlər həyata keçirilir.

  Qütb ayılarının məhvolma təhlükəsinin əsas səbəbləri qütb buzlaqlarının əriməsiətraf mühiti çirkləndirən neft quyularının işlənməsidir.

  Son illər əldə olunan məlumatlar sübut edir ki, Qütb ayısı təqribən 5 milyon il əvvəl təkamülə başlayıb. Onun əcdadı qonur ayı olub. Lakin ağ ayı qonur ayıdan fərqli olaraq uzaq Şimalda dəniz buzları arasında yaşamağa uyğunlaşıb. 

***

27 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Məhşur Amerika şairi Henri Lonqfello (Henry Wadsworth Longfellow) 1807-ci ilin bu günü anadan olub. O, “Gecə səsləri”, “Köləlik nəğmələri”, “Köçəri quşlar” şeir kitablarının, “Hiperion”, “Kavana” romanlarının müəllifidir.

  Hinduların təqib olunmasına və zəncilərin köləliyinə qarşı etiraz səsini ucaldan Henri Amerika hindularının folkloru əsasında “Hayavata haqqında nəğmə” poemasını yazaraq burada cəsur və yenilməz hindu obrazları yaradıb.

  H.Lonqfello filoloq alim kimi də tanınır. Onun “Rövşən bəy – Koroğlunun atlanışı” şeirini Azərbaycan dilinə Cəfər Cabbarlı tərcümə edib. (1807-1882)

***

  1947-ci ilin 27 fevralında "Amca bey", "Əfruz bəy", "Yaltaq” (Dalkavuk), "Ağla qara", "Yeni zəngin" obrazlarının yaradıcısı, Türkiyə karikaturasının ustalarından biri Camal Nadir Güler dünyadan köçüb.

  Camal Nadir yaratdığı obrazlarla cəmiyyətdəki əyrilikləri, cəhaləti, mənfəətpərəstləri, ikiüzlü insanları və yaltaqları tənqid edirdi.  



Әlaqәli Xәbәrlәr