Tarixdə bu gün: 16 fevral

Tarixin bu günü harada nələr baş verib, kimlər olub, qısaca nəzər salaq.

1356505
Tarixdə bu gün: 16 fevral

***

  1918-ci ilin 16 fevralında Litva Rusiyadan ayrılaraq müstəqilliyini elan edib. Lakin 1940-cı ildə bu Baltikyanı ölkə Ribbentrop - Molotov Sazişinə görə, yenidən SSRİ-nin tərkibinə salınıb.

  Litva respublikası ikinci dəfə 1990-cı ildə öz suverenliyini bərpa edib.

***

  Türkiyədə hava yolları sənayesini qurmaq, hərbi, mülki, idman və turizm aviasiyanını inkişaf etdirmək üçün 1925-ci ilin 16 fevralında "Türk Tayyare Cemiyeti" yaradılıb.

  "Türk Tayyare Cemiyeti" Türkiyənin ilk qadın pilotu Sabiha Gökçen kimi tanınmış təyyarəçilər yetişdirib.

  1931-ci ildə pilot Vecihi bəy istehsal etdiyi təyyarə ilə havaya qalxaraq kiçik bir Türkiyə turu etməyi bacarıb.

  "Türk Tayyare Cemiyeti"nin ölkə xaricində təhsil alan mühəndislərindən Selahattin Reşit bəy və komandası, motor və pərvanəsindən başqa, bütün hissələri yerli olan ilk milli təyyarənin prototipini hazırlayıb.

  "İstiqbal göylərdədir" deyərək aviasiyanın əhəmiyyətini vurğulayan Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün təlimatı ilə yaradılan cəmiyyət 1935-ci ildə Türk Hava Qurumu adlanıb.

***

  1959-cu il Kuba İnqilabı nəticəsində Fülqensio Batistan (Fulgencio Batista) yanvarın 1-də rəhbərlikdən uzaqlaşdırıldıqdan sonra 16 fevralda hakimiyyətə Fidel Kastro (Fidel Castro) gəldi.

  Batista diktaturasını yıxmaq üçün 1953-cü ildən fəaliyyətə başlayan F.Kastro Kuba İnqilabının ən mühüm adlarından biri idi. Onun, iqtidara gələr-gəlməz, ilk işi ölkədə qiymətləri və kirayələri endirməsi, bir sözlə, ucuzluq yaratması oldu. Torpaq islahatı keçirərək böyük əraziləri milliləşdirdi, ictimai fermalar qurdurdu.

  Tezliklə Kastro rəhbərliyi ilə ABŞ arasında kəskin fikir ayrılığı yarandı və Kuba zaman keçdikcə Amerikanın ən böyük düşmənlərindən biri oldu.

  1961-ci ildə ABŞ-ın “Donuzlar körfəzi” hərbi əməliyyatından təxminən 1 il sonra (1962) Kuba hökuməti Sovet raketlərinin ölkəyə yerləşdirilməsinə icazə verdi. Bununla da Kastro uzun illər Amerika-SSRİ ixtilafının mərkəzində qaldı.

  Fidel Kastro 2008-ci ildə etdiyi açılama ilə Kuba dövlət katibi vəzifəsindən ayrıldığını elan etdi.

  (F.Kastro 2016-cı ilin 26 noyabrında 90 yaşında vəfat edib)

***

  16 fevral 1976-cı ildə Türkiyənin Livandakı Səfirliyinin baş katibi Oktar Cirit prospektdə gedərkən bir terrorçunun arxadan yaxınlaşaraq atəş açması nəticəsində şəhid oldu. Hücumu erməni terror təşkilatı ASALA boynuna götürdü.

***

  1999-ci ilin 16 fevralında Özbəkistannın paytaxtı Daşkənddə ölkə prezidenti İslam Kərimova qarşı sui-qəsd cəhdi edildi. İ.Kərimov təsadüf nəticəsində xilas oldu.

  Hücumda 15 özbək əsgəri həyatını itirdi, onlarla adam yaralandı.

  Hadisəni “Hizbul Təhrir” öz üzərinə götürdü.

***

16 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  İstanbulu fəth edərək köhnə dövrü bağlayan və yeni çağ açan Fateh Sultan Mehmetin müəllimi Akşemsettin 1459-cu ilin bu günü vəfat edib.

  Ensiklopedik biliyə sahib Akşemsettin təsəffüf elmində olduğu kimi, tibb sahəsində də böyük alim idi. O, təkcə fiziki deyil, ruhi xəstəlikləri də müalicə edirdi.

  Antoni van Leyvenhukun (Antonie van Leeuwenhoek) təxminən iki əsr sonra təcrübəylə kəşf etdiyi mikrobu Akşemsettin "Maddetül-Hayat" adlı əsərində belə təsvir etmişdi: "Bəzi xəstəliklər insandan insana yoluxma yolu ilə keçir. Bu yoluxma gözlə görünməyəcək qədər kiçik və canlı toxumlar şəklində olur".

***

  Görkəmli Azərbaycan memarı Zivərbəy Əhmədbəyov 1925-ci ilin bu günü 52 yaşında dünyadan köçüb.

  1873-cü ildə Şamaxıda anadan olan Zivərbəy Sankt-Peterburq Mülki Mühəndislər İnstitutunu bitirib.

  Zivərbəy Əhmədbəyov ali təhsil almış ilk Azərbaycan memarıdır. O, 29 yaşından (1902) Bakı Quberniyası, sonra isə Bakı Şəhər idarələrində işləyib.

  Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra o, Bakı şəhərinin baş memarı olub və 1922-ci ilə kimi bu vəzifədə qalıb.

  Göyçayda Əbülfəzl Abbas məscidi (1898-1902), Şamaxıda İmam məscidi, Cümə məscidi, Bakıda Təzə Pir məscidi, Səadət məktəbi, Əmircanda Murtuza Muxtarov məscidi (1908), Mixaylovski xəstəxanasının bir korpusu, Uşaq xəstəxanası, həmçinin Bakı, Şamaxı və Vladiqafqazda bir sıra yaşayış evləri onun layihəsi əsasında tikilib. Bakıdakı "Nizami" metrostansiyası qarşısındakı, Zivər bəy Əhmədbəyovun adını daşıyan parkla üzbəüz bina da onun layihəsi əsasında inşa edilib. 

  Əmircanda layihəsini verdiyi məscid Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.

  Zivərbəy Əhmədbəyov Azərbaycan xalq memarlığını Şərq və Qərb memarlığı ilə üzvi surətdə əlaqələndirib.

  Memar 1917-ci ildə “İslam incəsənəti abidələrinin həvəskarları və mühafizləri”, 1919-cu ildə Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi və bərpası üçün “Yeni Şirvan” cəmiyyətlərini yaradıb.

  Zivərbəy Əhmədbəyov 1925-ci ildə Bakıda intihar edib. (1873-1925)

***

  Azərbaycan Musiqili Teatrının banisi və milli opera sənətinin yaradıcılarından biri olan Hüseynqulu Sarabskinin bu gün xatirə günüdür. (O, 1879-cu ildə Bakıda dünyaya gəlib.)

  Səhnə fəaliyyətinə 23 yaşında (1902) başlayan H.Sarabski “Leyli və Məcnun”da Məcnun rolunun, başqa operalarda da əsas partiyaların ilk ifaçısı olub.

  “Müsəlman dram truppası”nı yaradan Hüseynqulu Sarabski 31 yaşından (1910) rejissor kimi fəaliyyət göstərib.

  Sarabski “Köhnə Bakı” adlı kitab yazıb ki, burada Azərbaycan paytaxtının qədim dövrlərdən formalaşmış mədəniyyəti, milli ənənələri, bayram və mərasimləri barədə son dərəcə qiymətli məlumatlar əks olunur.

  Böyük aktyor, rejissor və tədqiqatçı 1945-ci ilin bu günü 66 yaşında dünyasını dəyişib. (1879-1945)

***

  Bu gün Azərbaycanlı pedaqoq Bahar Ağalarovanın da xatirə günüdür.

  Azərbaycanda ilk Uşaq Evinin təşkilatçısı olan Bahar xanım bir çox orden və medallarla təltif edilib.

  Yazıçı Yusif Əzimzadənin “Anacan” pyesində Bahar Ağalarovanın həyat və fəaliyyətindən bəhs olunur. (1884-1953)

***

  Tanınmış Azərbaycan sənətşünası Əbdülvahab Salamzadə 1916-cı ilin 16 fevralında dünyaya gəlib. 1944-1983-cü illərdə Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət Universitetində çalışıb.

  Azərbaycan memarlığının ilk tədqiqatçılarından və sənətşünaslağının banilərindən sayılan Əbdülvahab Salamzadə bu sahədə bir sıra elmi əsərlərin müəllifidir. Arran və Təbriz memarlıq məktəblərinin geniş elmi tədqiqatı onun adı ilə bağlıdır. “Azərbaycan memarlığının tarixi”, “Azərbaycan memarlığı” və digər elmi əsərlərin əsas müəlliflərindəndir. (1916-1983)

***


Etiketlәr: #Arran və Təbriz memarlıq məktəbləri , #Azərbaycan memarlığının ilk tədqiqatçıları , #Əbdülvahab Salamzadə , #Yusif Əzimzadə “Anacan” pyesi , #Azərbaycanda ilk Uşaq Evi , #Bahar Ağalarova , #Müsəlman dram truppası , #H.Sarabski “Leyli və Məcnun”da Məcnun rolu , #Hüseynqulu Sarabski , #Azərbaycan Musiqili Teatrının banisi , #İslam incəsənəti abidələri , #Azərbaycan xalq memarlığı , #Bakı və Şamaxıda bir sıra yaşayış evləri , #Uşaq xəstəxanası , #Mixaylovski xəstəxanasının bir korpusu , #Səadət məktəbi , #Bakı Göy məscid , #Şamaxı Cümə məscidi , #Şamaxı İmam məscidi , #Göyçay məscid , #Bakının baş memarı , #ali təhsil almış ilk Azərbaycan memarı , #Azərbaycan memarları , #Zivərbəy Əhmədbəyov , #Maddetül-Hayat , #mikrob , #Antoni van Leyvenhuk , #tibb sahəsi , #təsəffüf elmi , #Akşemsettin , #Fateh Sultan Mehmetin müəllimi , #Hizbul Təhrir , #erməni terror təşkilatı ASALA , #Oktar Cirit , #Türkiyənin Livandakı Səfirliyi , #Amerika-SSRİ ixtilafı , #ABŞ-ın “Donuzlar körfəzi” hərbi əməliyyatı , #Amerikanın ən böyük düşmənləri , #Kastro - ABŞ , #Fidel Kastro , #Fülqensio Batistan , #Kuba İnqilabı , #Türk Hava Qurumu , #Türkiyə ilk milli təyyarə , #Selahattin Reşit bəy , #Sabiha Gökçen , #Türkiyənin ilk qadın pilotu , #Türk Tayyare Cemiyeti , #Türkiyədə hava yolları sənayesi , #Litva respublikası , #Ribbentrop - Molotov Sazişi , #Litva - Rusiya , #Tarixdə bu gün: 16 fevral

Әlaqәli Xәbәrlәr