Tarixdə bu gün: 31 yanvar
Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.
***
1729-cu ilin 31 yanvarında İbrahim Müteferrikanın mətbəəsində basılan "Vankulu lüğəti" Türkiyədə ilk kitab oldu. Mehmet ibn Mustafa tərəfindən tərtib edilən ərəbcə-türkcə bu lüğət 2 dəri üzərində basılıb.
***
1902-ci il yanvarın 31-də güclü yeraltı təkanlar Şirvanın qədim paytaxtı, Azərbaycanın siyasi və iqtisadi mərkəzlərindən biri Şamaxı şəhərini, demək olar ki, büsbütün dağıtdı. Təbii fəlakət nəticəsində minlərlə adam həlak oldu, 10 mindən çox insan Bakı və ölkənin digər bölgələrinə köçmək məcbutiyyətində qaldı.
***
İkinci Dünya Müharibəsindən sonra – 1946-cı ilin 31 yanvarında qəbul edilən yeni konstitusiyaya əsasən Yuqoslaviya Federal Xalq Respublikası quruldu. Serbiya, Xorvatiya, Bosna-Herseqovina, Slovenya, Makedoniya və Çernoqriya respublikaları və 2 muxtar bölgə Yuqoslaviyanın tərkibinə daxil idi.
***
Yunanıstan öz torpağı olduğu iddia etdiyi Kardak qayalıqlarına 1996-cı il 31 yanvarda “Türk SAT” qrupları çıxaraq Türkiyə bayrağını sancdı. Türkiyənin qərarlı mövqeyi qarşısında Yunanıstan geri addım atdı. ABŞ və NATO-nun da dövrəyə girməsiylə "Kardak böhranı" sona çatdı.
***
31 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə 1884-cü ilin bu günü Bakıda dünyaya göz açıb.
1918-1920-ci illərdə Milli Şuranın sədri, Azərbaycan parlamentinin üzvü olan Məhəmməd Əmin Sovet Rusiyasının 1920-ci il Aprel Çevrilişindən sonra həbs olunub, sonra Stalin tərəfindən azad edilərək Moskvaya aparılıb.
1922-ci ildə mühacirət edən M.Ə.Rəsulzadə Türkiyədə İstanbulda “Əsrimizin Səyavuşu” və “Azərbaycan Cümhuriyyəti keçmişdə və indi” əsərlərini yazıb. 1952-ci ildən paytaxt Ankarada onun baş redaktorluğu ilə “Azərbaycan” jurnalı buraxılıb.
Məhəmməd Əmin Rəsulzadə 1955-ci ildə Ankarada vəfat edib və şəhərin Əsri Məzarlığında dəfn olunub. (1884-1955)
***
Hər iki Azərbaycanın tanınmış şairi Əli Tudə 1924-cü ilin 31 yanvarında dünyaya gəlib. Hələ 13 yaşından onun şeirləri almanax və qəzetlərdə dərc edilib.
Cənubi Azərbaycanda Milli Hökumət qurularkən Maarif Nazirliyində müdir işləyən Ə.Tudənin ana dilində kitabların tərtib olunmasında böyük xidməti olub.
Əli Tudə İran tarixində ilk dəfə Təbriz Filarmoniyasının əsasını qoyub. O, milli hökumətin ən ali mükafatına – “21 Azər” medalına layiq görülüb.
Bakıya köçəndən sonra da ədəbi fəaliyyətini davam etdirən Əli Tudə 40-a qədər kitab yazıb, əsərləri xarici dillərə tərcümə olunub. (1924-1996)
***
Әlaqәli Xәbәrlәr
Tarixdə bu gün: 19 may
Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.
Tarixdə bu gün: 9 may
Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.