Tarixdə bu gün: 22 dekabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1324857
Tarixdə bu gün: 22 dekabr

***

  Fransada 1894-cü ilin 22 dekabrında "Dreyfus məhkəməsi" başladı. Bu, yüzbaşı Alfred Dreyfusun haqsız yerə casusluqda ittiham edildiyi, həqiqətlərinsə 12 il sonra ortaya çıxması ilə hüquq tarixinə düşən bir məhkəmə idi. 

***

  1935-ci il dekabrın 22-də dünyada ilk dəfə olaraq uğurlu vertolyot uçuşu həyata keçirildi. Həmin vertolyot Fransa konstruktorları Lui Breqe və Rene Doranın layihəsi əsasında hazırlanmış “Jiroplan Laboratuar” helikopteri idi. 

***

  1942-ci ilin bu günü SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə podpolkovnik Həzi Aslanova ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib. Təltif vərəqəsində onun barəsində yazılırdı: “Döyüşlərdə öz alayına qəhrəmancasına və məharətlə rəhbərlik etdiyinə görə Həzi Əhəd oğlu Aslanov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülsün. Təkcə dekabrın 15-dən 19-unadək Verxni-Kumski rayonunda alay tərəfindən 30 tank, 50 avtomaşın vurulub və yandırılıb, faşist batalyonu məhv edilib.”

  Qeyd edək ki, Volqoqradda Mamayev-Kurqanda Stalinqrad (Volqoqrad) müdafiəçilərinin xatirəsi şərəfinə yaradılmış kompleksdə məşhur qəhrəmanların cərgəsində üstünə qızıl hərflərlə Həzi Aslanovun adı yazılmış xüsusi lövhə vurulub.  

***

  22 dekabr 1963-cü ildə “Lakonia” sərnişin gəmisi Portuqaliya sahillərində yandı, 128 adam həyatını itirdi.

***

  Sovet konstruktoru Sergey İlyuşinin rəhbərliyi ilə hazırlanmış “İl-86” aerobusunun ilk uçuşu 1976-cı ilin 22 dekabrında oldu. 350 sərnişin üçün nəzərdə tutulan bu nəhəng təyyarə Moskvanın mərkəzi aedromundan havaya qalxıb paytaxt səması üzərində dövrə vurduqdan sonra Moskva vilayətinin uçuş-sınaq bazasında yerə enib.

***

  22 dekabr 1979-cu ildə Türkiyənin Fransa üzrə Səfirliyinin Turizm və Tanıtma bölümünün müşaviri Yılmaz Çolpan ermənilərin ASALA terror təşkilatının üzvləri tərəfindən şəhid edildi.

***

  Ermənilərin “1915-ci il hadisələri”lə bağlı sözdə soyqırım iddiaları Fransa paralmentində 2011-ci il 22 dekabrda qanun layihəsi kimi qəbul olundu.

***

22 dekabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Şöhrətli bəstəkar, daha çox "La Boheme" və "Turandat" operaları ilə tanınan Cakomo Puççini (Giacoma Puccini) 1858-ci ilin bu günü İtaliyanın Puççini şəhərində dünyaya gəlib.  

  10 yaşından kilsədə orqançalan işləyən Cakomo sonralar konsertlərdə pianoçu və orqançalan kimi çıxış edib.

  Bəstəkar Milan konservatoriyasını bitirib. Yaradıcılığı əsasən opera janrı ilə sıx bağlı olub. Cakomo Puççininin “Manon Lesko”, “Bohema”, “Toska”, “Madam Batterflay” operaları dünya teatrlarının səhnəsində hələ də oynanılmaqdadır. (1858-1924)

***

  Tanınmış azərbaycanlı geoloq, professor Əli Əmiraslanov 1900-cü il 22 dekabrda Qubadlıda anadan olub. Moskva Mədən Akademiyasını bitirib.

  1930-1938-ci illərdə Ural, Qazaxıstan, Orta Asiya, Balkanlar və Qafqazdakı mis, qurğuşun, sink və qalay yataqlarında elmi-tədqiqat işləri aparan alim 1954-cü ildən SSRİ-nin Əlvan Metallurgiya, Geologiya və Yer Təkinin Mühafizəsi Nazirliklərində rəhbər vəzifələrdə çalışıb.

  Geologiya sahəsinə dair bir sıra elmi əsərlərin müəllifi olan Əli Əmiraslanov İran, Polşa, Macarıstan, Rumıniya, Çin və İsveçin də əlvan metal yataqlarının tədqiqi ilə məşğul olub. (1900-1962)

***    

  Azərbaycanlı əfsanəvi qəhrəman, partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə 1918-ci ilin bu günü Bakıda dünyaya gəlib.

  18 yaşında (1936) Bakı Rəssamlıq Məktəbini bitirən Mehdi sonra Sankt-Peterburq (Leninqrad) Xarici Dillər İnstitutunda təhsil alıb.

  1941-ci ildə çağırıldığı hərbi xidmət zamanı Tbilisidə piyada hərbi məktəbini qurtarıb.

  İkinci Dünya Müharibəsi zamanı - 1942-ci ildə Stalininqrad ətrafında döyüşlərdə iştirak edib, ağır yaralanaraq əsir düşüb. Faşistlərin Ukrayna, Polşa, İtaliya və Yuqoslaviya hərbi əsir düşərgələrində olub. Yuqoslaviyada əsirlərin hərbi düşərgədən qaçmasında mühüm rol oynayıb.

  1944-cü ildə özü də əsirlikdən qaçaraq partizanlara qoşulub, gizli təşkilat yaradıb, "Mixaylo" adı və cəsarətilə böyük şöhrət qazanıb. Həmin ilin payızında onun başçılığı ilə İtaliyanın Udine şəhərindəki həbsxanadan 700 hərbi əsir azad edilib.

  Mehdi Hüseynzadə 1944-cü ilin noyabrında növbəti tapşırığı yerinə yetirərkən faşistlərlə qeyri-bərabər döyüşdə əsir düşməmək üçün son güllə ilə özünü vurub.

  Azərbaycanda Mehdi Hüseynzadə haqqında "Uzaq sahillərdə" bədi filmi çəkilib. (1918-1944)

***

  Azərbaycan yazıçısı və kino-ssenari müəllifi Həsən Seyidbəyli 1920-ci ilin 22 dekabrında Bakıda anadan olub.

  Moskva Kino İnstitutunun rejissorluq fakültəsini bitirən Həsən uzun müddət “Azərbaycanfilm” kinostudiyasında rejissor işləyib, Azərbaycan Kinematoqrafiya İdarəsinin sədri seçilib.

  20-dən çox kitabın müəllifi, o cümlədən “Kənd həkimi”, “Telefonçu qız”, “Cəbhədən cəbhəyə”, “İllər keçir”, İmran Qasımovla ortaq yazdığı “Uzaq sahillərdə” kitablarının müəllifi olan Həsən Seyidbəyli “Telefonçu qız”, “Uzaq sahillərdə”, “Nəsimi” və bu kimi yaddaqalan və bu gün də sevilə-sevilə baxılan filmlərin rejissorudur. (1920-1980)

***

  “Fənərbaxça” komandası və Türkiyə futbolunun əfsanəvi adı Lefter Küçükandonyadis 1925-ci ilin bu günü İstanbul Büyük adada dünyaya gəldi. (1925 - 2012)

***



Әlaqәli Xәbәrlәr