Tarixdə bu gün: 1 dekabr
Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

***
1255-ci il dekabrın 1-də Tevton ordeninin alman cəngavərləri Preqoli çayının Baltik dənizinə töküldüyü yerdə Keniqsberq qalasının bünövrəsini qoydular. Sonradan iri şəhərə çevrilən bu ərazi 700 ildən artıq Keniqsberq adını daşıdı, İkinci Dünya Müharibəsindən sonra - 1945-ci ildə isə ətraf torpaqlarla birlikdə SSRİ-nin tərkibinə daxil edildi və SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Kalinin şərəfinə Kalininqrad adlandı.
***
Ankara döyüşü ilə 1402-ci il 1 dekabrda Osmanlı ordusunu məğlub edən Əmir Teymur 57 ildir Rodosların hakimiyyəti altında olan İzmirə keçib şəhəri mühasirəyə aldı, amma burada nəticə əldə edə bilməyincə Anadoludan çıxmaq qərarı verdi.
***
1510-cu ilin bu günü Səfəvi imperiyasının banisi Şah İsmayılın qoşunları Mərv ətrafında Xorasan hakimi Özbək Məhəmməd Şeybaninin ordusuna qalib gəldi.
Mərv döyüşü zamanı əsir alınanlar arasında Babur şahın bacısı və qızı da var idi. Şah İsmayılın əmri ilə onlar Babura qaytarıldı. Səfəvi hökmdarının bu alicənablığı dövlətlər arasında münasibətlərin yaxşılaşmasına təkan verdi.
***
1 dekabr 1906-cı ildə Fransanın paytaxtı Parisdə dünyanın ilk kino salonu açıldı.
***
1913-cü ilin 1 dekabrında Ford Mühərrik Sənaye Zavodu avtomobil istehsalında inqilaba yol açan ilk hərəkətli montaj modulunu dövrəyə saldı.
***
1 dekabr Rumıniyanın müstəqillik günüdür.
1918-ci ilin bu günü Rumıniya bütün tarixi ərazilərini birləşdirərək dövlətini elan edib.
***
Birinci Dünya Müharibəsindən sonra siyasi sərhədlərin dəyişdirilməməsi üçün Fransa, Almaniya, İngiltərə, İtaliya, Polşa, Belçika və Çexoslovakiya 1925-ci ilin 1 dekabrında Lokarno (Locarno) Müqaviləsi imzaladılar.
***
1931-ci il 1 dekabrda Türkiyənin ilk səsli kinosu - rejissor Muhsin Ərtoğrulun "İstanbul küçələrində" filmi ekranlara gəldi. Kinonun mövzusu bir qıza aşiq olan iki qardaşın hekayəsindən bəhs edirdi.
***
Türkiyəni Avropa İqtisadi Birliyinə ortaq üzv edən Ankara Razılaşması 1964-cü ilin 1 dekabrından qüvvəyə mindi. Müqavilə Gömrük və Türkiyənin tam üzv olaraq Avropa İqtisadi birliklərinə qatılmasını nəzərdə tuturdu.
***
1981-ci il dekabrın 1-də Yuqoslaviya hava yollarına aid sərnişin təyyarəsi Korsika adasına düşdü və qəzada 178 nəfər həyatını itirdi.
***
1dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günüdür. Bu günün qeyd olunmasında asas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir.
Ümumdünya QİÇS (AİDS) Günü Ümumdünya Səhiyyə Təşkilatına BMT-nin dəstəyi ilə 1988-ci ilin 1 dekabrında elan olunub.
Qazanılmış İmmun Çatışmazlığı Sindromu olan xəstəlik insanların HİV virusuna yoluxması ilə başlayır. Nəticədə insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulur.
Hazırda zəmanəmizin ən böyük bəlalarından sayılan bu xəstəliyə, demək olar ki, hər ölkədə təsadüf olunur və dünyada QİÇS-dən ölənlərin sayı milyonlarladır.
***
Çilinin keçmiş diktatoru Auqusto Pinoçet (Augusto Pinochet) cinayət və insanqaçırma maddələrilə 2000-ci ilin 1 dekabrında həbs olunub.
***
1 dekabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
Bu gün tanınmış fars şairi və mütəfəkkiri Sədi Şirazinin xatirə günüdür.
89 yaşında dünyasını dəyişən Sədinin “Gülüstan” və “Bustan” əsərləri dünyanın, demək olar ki, əksər ölkələrində nəşr edilib. Onun yaradıcılığı klassik Azərbaycan poeziyasına da güclü təkan verib. (1203-1292)
***
Görkəmli sovet sərkərdəsi marşal Georgi Jukov 1896-cı ilin bu günü anadan olub.
İkinci Dünya Müharibəsində (1941-1945) ən çətin əməliyyat planlarının işlənib hazırlanması və Berlinin alınma kampaniyasına rəhbərlik edib.
G.Jukovun fitri hərbi istedadı dünyanın müxtəlif müharibə tarixi dərsliklərində də yazılıb tədris olunur. (1896-1978)
***
Amerika Birləşmiş Ştatlarının məşhur aktyoru, ssenari müəllifi və rejissor Vudi Allen (Woody Allen) 1935-ci il dekabrın 1-də Nyu-Yorkda dünyaya gəlib.
***
Bu gün müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, xalq şairi Məmməd Arazın xatirə günüdür.
Şair bədii yaradıcılığa 19 yaşından (1952) başlayıb. Həmin vaxtdan etibarən onlarla kitabı işıq üzü görüb. O, 2004-cü ildə 72 yaşında dünyasını dəyişib. (1933-2004)
***
Әlaqәli Xәbәrlәr

Macarıstan parlamenti İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələrə başlayıb
Macarıstan parlamentində İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı sessiya keçirilib.