Tarixdə bu gün: 25 noyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1310887
Tarixdə bu gün: 25 noyabr

***

  1875-ci ilin 25 noyabrında Misir hökmdarı İsmayıl Paşa Süveyş kanalının özünə məxsus 46 % səhmlərini 100 milyon Fransa frankına İngiltərəyə satdı. Kanalın qalan səhmləri isə fransızların əlində qalırdı.

  Misir hökmdarı bu hərəkəti ilə kanalın tikilməsi, paytaxt Qahirənin müasirləşməsi, şəhərdə opera binasının inşası və Süveyş kanalının açılışı münasibətilə Cüzeppe Verdinin “Aida” operasının quruluşuna sərf olunan külli miqdarda vəsait nəticəsində ölkədə gözlənilən iqtisadi böhranın qarşısını almağa çalışırdı. Buna baxmayaraq, Misir dövləti borclardan qurtula bilmədi: Süveyş kanalının faizləri isə 19-cu əsrin sonuna yaxın 8 dəfə artdı.

***

  25 noyabr 1893-cü ildə türklərin tarixinə işıq tutan Orxan-Yenisey kitabələrində yazılanlar Kopenhagen Universitetinin alimi Vilyam Ludviq Tomson tərəfindən ilk dəfə oxundu.

***

  1899-cu il 25 noyabrda Osmanlı dövlətinin Nazirlər Heyəti Anadolu-Bağdad Dəmiryolu Müqaviləsini təsdiqlədi. Bununla Almaniya sərmayəsilə çalışan Anadolu Dəmiryolu Şirkəti 8 il içində Konyadan Bağdada və Bəsrəyə dəmiryolu inşasını öhdəsinə götürdü.

***

  Macarıstan qadınlarının hüquqları uğrunda fəal mübariz, 1918-ci ildə ölkəsini İsveçrədə təmsil edən Rozike Şvimmer dünya diplomatiyası tarixində ilk qadın səfir təyin olundu. O, 1919-cu ilin baharında, Macarıstanda kommunistlər hakimiyyətə gəldikdən sonra öz vəzifəsindən imtina etdi.

***

  25 noyabr 1936-cı ildə Almaniya və Yaponiya Sovet Rusiyasının təcavüzünə qarşı birgə hərəkət üçün saziş imzaladılar.

***

  1943-cü il 25 noyabr tarixində ABŞ prezidenti Franklin D.Ruzvelt, İngiltərənin baş naziri Vinston Çörçil və Çinin dövlət başçısı Çan Kay-Şek Qahirədə bir araya gəldi və Yaponiya təslim olanadək müharibənin davamına dair qərar qəbul etdilər.

***

  2009-cu ilin 25 noyabrında güclü yağışlar Səudiyyə Ərəbistanının Cidde şəhərində sel fəlakətinə səbəb oldu: 122 nəfər həyatını itirdi, 350 adam itkin düşdü.

***

25 noyabrda həm də tarixdə bu şəxsiyyətlər xatırlanır.

  1072-ci ilin 25 noyabrında Səlcuq imperiyasının hökmdarı Sultan Alparslan Səmərqənd səfəri zamanı ələ keçirdiyi Bərzəm qalasının komandanı tərəfindən bıçaqlanaraq öldürülüb. (1029-1072)

***

  İspaniya milli dramaturgiyasının banisi, 200-ə yaxın pyesin müəllifi Lope de Veqa 1562-ci ilin bu günü dünyaya gəlib. (1562-1635)

***

  Türkiyənin görkəmli yazıçısı Rəşad Nuri Gültəkin 1889-cu il noyabrın 25-də anadan olub.

  Yaradıcılığında Osmanlı və Türkiyə həyatının geniş realist təsvirini, sosial problemləri, şəxsiyyət və cəmiyyət münasibətlərinin aydın mənzərəsini yaradan yazıçının “Çalıquşu”, “Damğa”, “Dodaqdan qəlbə” roman və povestləri daha çox məşhurlaşıb. (1889-1956)

***

  Azərbaycanın görkəmli dilçi alimi, akademik Əliheydər Orucov 1905-ci ilin bu günü dünyaya gəlib.

  Əsas elmi yaradıcılığını “Azərbaycan dilinin izahlı lüğəti” kimi fundamental 4 cildlik əsərin tərtibatı və redaktəsinə həsr edən Ə.Orucov dilçiliyin digər istiqamətlərində də səmərəli tədqiqat aparıb. (1905-1987)

***

  2016-cı ilin 25 noyabrında Kuba inqilabının lideri və ölkənin başçısı Fidel Kastro 90 yaşında həyatdan köçüb. (1926-2016)

***                                                                    

 



Әlaqәli Xәbәrlәr