Tarixdə bu gün: 24 noyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1308485
Tarixdə bu gün: 24 noyabr

***

  Holland dəniz səyyahı Abel Tasman 1642-ci ilin bu günü Avstraliyanın cənub-şərq sahilində ada kəşf etdi. Sonralar həmin ada səyyahın şərəfinə Tasmaniya adlandırıldı.  

***

  1859-cu ilin 24 noyabrında ingilis alimi Çarlz Darvinin elm dünyası ilə dini qurumları qarşı-qarşıya qoyan, sərt mübahisə və müzakirələrə yol açan "Növlərin nəsnifatı" kitabı nəşr olundu. Elmi əsərdə "Təkamül nəzəriyyəsi" tezisi ilk dəfə meydana qoyuldu.  

***

  24 noyabr 1928-ci ildə Türkiyədə "Milli məktəblərin qurulması haqqında qanun” qəbul edildi. Eyni gün Qazi Mustafa Kamal Paşaya "Baş müəllim" adı ünvanlandı. Onun vəfatının 100-cü ilindən - 1981-ci ildən etibarən 24 noyabr Türkiyədə Müəllimlər Günü olaraq qeyd edilir.    

***

  1934-cü ilin bu günü Qazi Mustafa Kamal Türkiyə Böyük Millət Məclisində qəbul edilən qanuna əsasən Atatürk soyadını götürdü. Eyni zamanda, Atatürk soyadının yalnız Mustafa Kamal Paşa tərəfindən istifadə edilməsinə icazə verildi. 

***

  24 noyabr 1976-cı ildə Türkiyənin Van rayonu və ətrafını titrədən, 7,2 bal gücündə zəlzələ baş verdi ki, bu zaman 3840 nəfər həyatını itirdi.

***

  1989-cu il noyabrın 24-də PKK terrorçuları Türkiyənin Hakkari rayonunun İkiyaka kəndində qırğın törətdi: çoxu uşaq və qadın olmaqla 28 türk vətəndaşını öldürdülər.  

***

  24 noyabr 2015-ci ildə Türkiyə - Rusiya əlaqələrində yaxın tarixin ən böyük böhranı yaşandı: Suriyanın Lazkiye şəhərindən havaya qalxan, Rusiya Hava Qüvvələrinə aid “SU-24” tipli döyüş təyyarəsi Türkiyənin hava sahəsini pozduğu üçün ölkənin “F-16” hərbi təyyarələri tərəfindən vuruldu.

***

  2017-ci il noyabrın 24-də Misirin əl-Ariş şəhərində bir məscidə “Əl-Qaidə” terrorçuları silahlı hücum təşkil etdi: 305 nəfər həyatını itirdi, 100-dən çox adam yaralandı.

***

24 noyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Dünyanın tanınmış sərkərdələrindən olan Aleksandr Suvorov 1730-cu ilin  bu günü anadan olub.

  18 yaşından (1748) hərbi xidmətə başlayan Suvorova ən böyük şöhrəti məşhur “Alp yürüşü” gətirib.

  Aleksandr Suvorov 7 illik müharibədə də iştirak edib: Finlandiya, Polşa və Ukraynada rus qoşunlarının komandanı olub. (1730-1800)

***

  Məşhur Amerika natiqi Deyl Karnegi 1888-ci ilin 24 noyabrında dünyaya gəlib.

  Hələ məktəb və kollecdə oxuyarkən müxtəlif disputlarda fəal iştirak edən Deyl kolleci bitirdikdən sonra bir müddət satıcı işləyib, daha sonra bəlağət və səhnə ustalığından dərs deməyə başlayıb. Müəllimlik onu məşhurlaşdırdıqdan sonra - 36 yaşında (1926) o, mühazirələrini “Danışmaq bacarığı: biznesmenlər üçün təcrübə kursu” adlı kitabda cəmləşdirib.

  Deyl Karneginə dünya şöhrəti bundan 10 il sonra - 1936-cı ildə çapdan çıxan “Dost qazanmaq üsulları” kitabı qazandırıb. Həmin əsər qısa müddətdə stolüstü kitaba çevrilib və bu gün də aktuallığını saxlayır. (1888-1955)

***

  Tanınmış Azərbaycan rəssamı Vəcihə Səmədova 1924-cü ilin bu günü dünyaya gəlib. O, əsasən portret, mənzərə və tematik tablolar ustası kimi tanınıb.

  Azərbaycan Rəssamlar İttifaqının sərgi salonu Vəcihə Səmədovanın adını daşıyır. (1924-1965)

***

  Tanzaniyada cənubi azərbaycanlı və fars ailəsində doğulmuş, İngiltərədə məşhur “Quenn” qrupunun dünyaşöhrətli solisti, əsl adı Fərrux Bulsara olan Fredi Merkuri (Freddy Mercury) 1991-ci ilin 24 noyabrında 45 yaşında həyatla əbədi vidalaşıb.  

***



Әlaqәli Xәbәrlәr