Tarixdə bu gün: 17 noyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1307800
Tarixdə bu gün: 17 noyabr

***

  1542-ci ilin 17 noyabrında Osmanlı padşahı Qanuni Sultan Süleyman Esterqon yürüşünə başladı. Bu yürüş zamanı Avstriya-Macarıstan İmperatorluğunun, Belqrad şəhəri və Esterqon başda olmaqla, bir çox qalası ələ keçirildi.

***

  17 noyabr 1558-ci ildə İngiltərə kraliçası I Yelizaveta (I Elizabeth) taxta çıxdı və 45 il davam edən hökmdarlığı dövründə ölkəsini müstəmləkə imperatorluğu etdi.  

***

  1800-ci ilin bu günü Amerika Birləşmiş Ştatlarının konqresi (parlament) ilk dəfə olaraq öz iclasını ölkənin yeni paytaxtında – Vaşinqtonda, inşası hələ tamam başa çatmamış Kapitoliya binasında keçirdi.

  Qeyd edək ki, bugünkü gün həmin binada yerləşən konqresin ilk sessiyası 1789-cu ildə Nyu-Yorkda açılmışdı. Və məlumat üçün onu da bildirək ki, bundan sonra ABŞ-ın qanunverici orqanı 10 il Filadelfiyada fəaliyyət göstərdi.  

***

  Əsasən İngiltərə tərəfindən tikilən Süveyş kanalı 1869-cu ilin 17 noyabrında xidmətə açıldı. O zaman kanalın uzunluğu 164, dərinliyi 8 metr idi.

***

  17 noyabr bütün dünyada Tələbələrin Beynəlxalq Həmrəyliyi Günü kimi qeyd olunur. Bu tarix 1941-ci ildə Londonda faşizmə qarşı mübarizə aparan tələbələrin görüşündə təsis edilib.  

***

  Camal Əbdül Nasirin başçılığı ilə Azad Zabitlər Hərəkatı 1952-ci ilin 17 noyabrında Misirin kralı I Fərruxu taxtdan çəkilməyə məcbur etdi. Sonra kral sürgünə göndərildi.

***

  17 noyabr Azərbaycan Xalqının Milli Dirçəliş Günüdür. 

  1988-ci il noyabrın 17-də Azərbaycan Dövlət Universitetinin bir qrup tələbəsi o vaxtlar Leninin adını daşıyan indiki Azadlıq meydanında mitinqlərə başladı. 100 minədək adamın qatıldığı həmin mitinq 17 gün davam edən etiraz marafonunun başlanğıcı oldu.

  17 noyabr 1988-ci il tarixi ilə Azərbaycan dövlətinin SSRİ-nin tərkibindən çıxaraq müstəqilliyini bərpa etməsinin əsası qoyuldu. Ona görə də 17 noyabr müasir Azərbaycan dövlətinin şanlı səhifəsidir.

***

  1989-cu il 17 noyabrda Çexoslovakiyada "Məxməri inqilab" başladı. Hadisələr nəticəsində Çexoslovakyada kommunist hökuməti iqtidardan getməyə məcbur qaldı.

  Qeyd edək ki, o illərdə paytaxt Praqada toplanan tələbələrə polislərin ağır müdaxiləsinə cavab olaraq nümayişlər ölkənin digər şəhərlərinə yayılmağa başladı və inqilaba gətirib-çıxardı.

***  

  1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası parlamentinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında muxtar respublikanın adından “sovet sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının dövlət bayrağı olaraq qəbul edilməsi kimi tarixi qərarlar qəbul edildi.

***

  Fransada yanacaq qiymətlərinin artması və pis iqtisadi şərtlərə reaksiya olaraq paytaxt Parisdən başlayan, daha sonra E.Makron hökumətinə qarşı nümayişlərə çevrilən “sarı jiletlilər” hərəkatı 2018-ci ilin 17 noyabrında başladı.

***

17 noyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  İlk azərbaycanlı alim-cərrah, akademik Mirəsədulla Mirqasımov 1883-cü ilin bu günü dünyaya gəlib.

  Azərbaycanda tibb elminin əsasını qoyanlardan biri olan M.Mirqasımov Azərbaycan Elmlər Akademiyasının da ilk rəhbəri olub.

  30 yaşında (1913) Novorossiyk Universitetinin tibb fakültəsini bitirən Mirəsədulla 3 il (1916-cı ilədək) Odessada həkim, daha sonra 13 il (1916-1929) Bakıda hərbi lazaretdə və Azərbaycan Dövlət Universitetinin tibb fakültəsində çalışıb. 1929-1958-ci illərdə hərbi xəstəxananın cərrahiyyə kafedrasının professoru və müdiri olan M.MirqasımovAzərbaycan dilində cərrahlığa dair ilk dərsliyin müəllifidir. (1883-1958)

***

  Azərbaycanın xalq rəssamı Lətif Kərimov 1906-cı ilin 17 noyabrında Qarabağın mərkəzi Şuşa şəhərində dünyaya gəlib.

  Azərbaycan dekorativ sənətini müasir ornamentlərlə zənginləşdirən, bu sahədə yeni motivlər yaradan rəssam 24 yaşından (1930) Azərxalça Birliyinin bədii-texniki rəhbəri olub.

  Lətif Kərimovun eskizləri əsasında toxunan “Əfşan”, “Şuşa”, “Göy göl”, “Qarabağ”, “Butalı”, “Şəbi-Hicran”, “Zərxara” xalçaları kompozisiya bitkinliyi ilə diqqəti cəlb edir.

  “Firdovsi”, “Şota Rustaveli”, “Səməd Vurğun”, “Nərimanov”, “Füzuli”, “Vaqif”, “Nəsimi”, “Əcəmi”, “Səfiəddin Urməvi” xalçaları da dünya xalçaçılıq sənətinin ən gözəl nümunələrindəndir. (1906-1991)

***

   Azərbaycanın görkəmli musiqi xadimi, Şərqdə musiqi ansamblının ilk qadın rəhbərlərindən biri, pianoçu-bəstəkar, alim-pedaqoq Gülarə Əliyeva 1933-cü ilin bu günü anadan olub.

  “Dan ulduzu” instrumental ansamblı onun təşəbübsü ilə 1967-ci ildə Azərbaycan Teleradio Verilişləri Komitəsində yaradılıb. Gülarə Əliyeva ömrünün sonunadək həmin ansamblın bədii rəhbəri olub. (1933 - 1991)

  “Dan ulduzu” ansamblı dünyanın müxtəlif ölkələrində Azərbaycan musiqisini uğurla təbliq və təmsil edib.

***          



Әlaqәli Xәbәrlәr