Tarixdə bu gün: 9 noyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1302134
Tarixdə bu gün: 9 noyabr

***

  1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən üçrəngli bayraq ölkənin dövlət rəmzi olaraq təsdiq edildi.

***

  9 noyabr 1936-cı ildə Türkiyənin İstanbul və Çanaqqala boğazlarındakı idarə haqqlarını zəmanət altına alan Montrö Boğazlar Müqaviləsi qüvvəyə mindi. Müqaviləyə əsasən, bu boğazlardan sərnişin və hərbi gəmilərin keçid haqqları, idarəsi və təhlükəsizliyi tamamilə Türkiyəyə təhvil verildi.

***

  1938-ci ilin 9 noyabrından Almaniyada nasist hökumətinin yəhudilərə qarşı "Kristal gecə" adlı kütləvi hücumları başladı. İki gün davam edən hadisələrdə təkcə Berlində 7 min yəhudi dükanı yağmalandı, çox sayda yəhudi öldürüldü, bütövlükdə Almaniyada isə 200-dən çox sinaqoq yandırıldı.

***

  9 noyabr Kamboca xalqının milli bayramı – müstəqillik günüdür.

  Asiyanın cənub-şərqində, Hind-Çin yarımadasında yerləşən bu ada 1953-cü ilin bu günü iqtiqlaliyyətini elan edib. 

***

  1985-ci il 9 noyabrda Harri Kasparov Anatoli Karpovu məğlub edərək dünya üzrə şahmat çempionu adını qazandı və 15 il bu adı daşıdı.

***

  Berlin şəhərini iki hissəyə bölən divar 1989-cu ilin 9 noyabrında söküldü və minlərlə Şərqi Almaniya (ADR) vətəndaşı Federal Almaniyaya (AFR) keçməyə başladı.

  Qeyd edək ki, vaxtilə həmin əlçatmaz divar “Ginnesin rekordlar kitabı”na düşmüşdü. Bu kitabın SSRİ-də qadağan olunmasının səbəblərindən biri də bu idi. 

***

  1992-ci il 9 noyabrda Avropada Sıravi Silahlı Qüvvələrə dair müqavilə qüvvəyə mindi.

  Azərbaycan da 1990-cı ildə Parisdə imzalanan bu müqavilənin iştirakçısıdır.  

***

  Yuqoslaviyada vətəndaş müharibəsi zamanı – 1993-cü il noyabrın 9-da xorvatlar top atəşilə tarixi Mostar körpüsünü zədələdilər. Bu körpü 1566-cı ildə o zaman Osmanlı hakimiyyəti altında olan Bosniya-Herseqovinada inşa edilmişdi.

  Mostar körpüsü Türkiyənin rəhbərliyilə 2004-cü ildə təmir və bərpa olunaraq yenidən xidmətə açıldı.

***

  9 noyabr 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərini Respublikaçı Partiyanın namizədi Donald Tramp qazanaraq Amerika Birləşmiş Ştatlarının 45-ci ölkə başçısı oldu.

*** 

9 noyabrda həm də bu tarixi şəxsiyyətlər xatıanır.

  Böyük rus yazıçısı İvan Turgenev 1818-ci ilin bu günü dünyaya gəlib.

  “Rudin”, “Ərəfə”, “Tüstü”, “Atalar və oğullar” kimi roman və povestlərin, “Ovçunun xatirələri” kitabının, eləcə də tanınmış “Mumu” hekayəsinin müəllifi olan İ.Turgenev ömrünün çox hissəsini mühacirətdə keçirərək vətəndən uzaqlarda vəfat edib. (1818-1883)

***

  9 noyabr Cənubi Azərbaycanda azadlıq hərəkatının görkəmli nümayəndəsi Səttarxanın xatirə günüdür.

  1905-ci ildən İranda genişlənən inqilabi hərəkata qoşulan Səttarxan 1906-cı ildən Təbriz mücahidlərinin başçısı olub. 1908-ci ildə Sətarxanın rəhbərlik etdiyi fədai dəstələri şah qoşunlarına ağır zərbələr endirərək onları Təbrizdən çıxarıb.

  1911-ci ildə Təbriz üsyanı şah qoşunları tərəfindən yatırıldıqdan sonra Səttarxan Tehrana dəvət edilib. Amma orada polisin onun evinə hücumu zamanı ağır yaralanıb, 1914-cü ilin bu günü 47 yaşında vəfat edib. (1867-1914)

***

  Bu gün Azərbaycanın görkəmli hərbi xadimlərindən biri, general-mayor və şərqşünas-alim Sadıq bəy Ağabəyzadənin xatirə günüdür.

  1865-ci ildə Göyçayda anadan olan Sadıq bəy Sankt-Peterburqda Zabitlər üçün Şərq Dilləri Hərbi Akademiyasını bitirib, 1914-cü ildə Birinci Dünya Müharibəsi başlananda Ukrayna cəbhəsində döyüşüb.

  1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti hökumətində daxili işlər naziri əvəzi vəzifəsində çalışan Sadıq bəy milli hökumətin süqutundan sonra mühacirətə gedib.

  S.Ağabəyzadə Lvov Universitetində Şərq Dilləri Kafedrasını yaradıb, rus, türk, fars, ərəb, alman və polyak dillərində mühazirələr oxuyub. O, 1944-cü ildə 79 yaşında vəfat edib.

  Lvovda Sadıq bəy Ağabəyzadənin yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub. Şəhərin prospektlərindən biri onun adını daşıyır. (1865-1944)

***

  9 noyabrda Fransanın dövlət, hərbi və siyasi xadimi Şarl de Qoll xatırlanır.

  Fransanın alman faşizmi əsarətindən xilas edilməsində böyük xidmətləri olan Şarl de Qoll iki dəfə Fransa prezidenti seçilib. O, 1970-ci ildə 80 yaşında vəfat edib. (1890-1970) 

***

  Bu gün görkəmli Azərbaycan heykəltaraşı Mirələsgər Mirqasımovun xatirə günüdür.

  Azərbaycan Dövlət Rəssamlıq Məktəbi və Repin adına Leninqrad (Sankt-Peterburq) Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunu bitirib. Cəfər Cabbarlının Naxçıvandakı heykəlləri Mirələsgər Mirqasımovun  monumental işlərindəndir. (1924-2003)

***



Әlaqәli Xәbәrlәr