Tarixdə bu gün: 26 sentyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1276330
Tarixdə bu gün: 26 sentyabr

***

  Osmanlı imperiyası 24 il davam edən müharibə nəticəsində 1669-cu ilin 26 sentyabrında Krit adasını aldı.

***

  1815-ci il sentyabrın 26-da Fransa imperatoru Napoleonun qəti məğlubiyyətindən sonra Rusiya, Avstriya imperatorları və Prussiya kralı Parisdə “Müqəddəs ittifaq haqqında” akt imzaladılar. Bu sənəd Avropada siyasi sabitliyin qorunması və inqilabi-liberal ideyaların yayılmasına qarşı yönəlmişdi. Sonralar Qərbin əksər dövlətləri bu ittifaqa qoşuldular.

  Qeyd edək ki, “Müqəddəs ittifaq” sazişinin əsas ideoloqu Avstriyanın o zamankı xarici işlər naziri Klemens Metternix (Clemente de Metternich) idi.

***

  1932-ci ilin 26 sentyabrında Türkiyənin İstanbul şəhərinin Dolmabahçe sarayında İlk Türk Dili Qurultayı keçirildi.

***

  1947-ci ilin 26 sentyabrından İngiltərə Fələstin torpaqlarını boşaltmağa başladı.

***

  26 sentyabr 1960-cı ildə Kubanın dövlət başçısı Fidel Kastronun (Fidel Castro) 4 saat 29 dəqiqə sürən danışığı BMT tarixinə “Ən uzun çıxış” olaraq düşüb.

***

  ABŞ prezidenti Cimmi Karter (Jimmy Carter) Qıbrız (Kipr) Barış Hərəkatı zamanı Türkiyəyə tətbiq edilən sanksiyaları 1978-ci ilin 26 sentyabrından aradan qaldırdı.

***

  26 sentyabr 1984-cü ildə - yəni 15 ildən sonra Çin və İngiltərə Honq Konqun Çinin nəzarətinə keçməsilə bağlı razılığa gəldilər.

***

26 sentyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi 1141-ci ilin bu günü dünyaya gəlib.

  Nizami ədəbiyyat tarixində məsnəvi formasında yazdığı 5 poemadan ibarət ilk “Xəmsə”nin müəllifidir. Bu əsərlər – “Sirrlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” dünya ədəbiyyatının təkrarsız poetik inciləridir.

  Ərəb və fars dillərini mükəmməl bilən şairin qədim yunan tarixi və fəlsəfəsini, astronomiya, fizika, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın olur. (1141-1209)

***

  Məşhur rus fizioloqu İvan Pavlov 1849-cu il sentyabrın 26-da dünyaya gəlib.  

  Mərkəzi sinir fəaliyyəti haqqında materialist təlimhəzm prosesinə dair müasir təsəvvürlərin banisi olan İ.Pavlov həm də cərrahi fizilogiya metodlarını işləyib-hazırlayıb. (1849-1936)

*** 

  Amerikalı bəstəkar, simfonik cazın görkəmli nümayəndəsi Corc Gerşvin (George Gershwin) 1899-cu ilin bu günü anadan olub. O, “Porgi və Bess” ilk Amerika milli operasının müəllifidir. (1899-1937)

***

  26 sentyabr Azərbaycanın dünyaşöhrətli müğənnisi, lirik-dramatik tenor Bülbülün xatirə günüdür.

  Əsl adı Murtuza, soyadı Məmmədov olan müğənni 1897-ci ildə Qarabağın mərkəzi Şuşa şəhərində anadan olub. Kiçik yaşlarından məlahətli zəngulələrinə görə xalq ona “bülbül” adını verib.

  Bülbül Bakı (Azərbaycan) konservatoriyasını bitirib İtaliyada vokal təhsili alan ilk azərbaycanlıdır.

  Geniş diapazonlu, gözəl axıcı səsi olan müğənni həm də böyük aktyorluq istedadına malik idi. O, Azərbaycan Opera və Balet Teatrının səhnəsində onlarca bənzərsiz obrazlar yaradıb. Təbii ki, bunların zirvəsində Üzeyir Hacıbəylinin “Koroğlu” operasında Koroğlunun partiyası durur.

  Bülbül xalq mahnıları, təsnif və romansları da böyük sənətkarlıqla ifa edib. Bakıda konservatoriya nəzdindəki orta ixtisas musiqi məktəbi Bülbülün adını daşıyır. (1897-1961)

*** 



Әlaqәli Xәbәrlәr