Tarixdə bu gün: 28 avqust

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1257345
Tarixdə bu gün: 28 avqust

***

  Birinci Dünya Müharibəsi zamanı - 1916-cı ilin 28 avqustunda Almaniya imperatorluğu Rumıniyaya, İtaliya isə Almaniyaya savaş elan etdi.

***

  1918-ci il avqustun 28-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti respublika ərazisində bütün məhsulların azad ticarəti ilə bağlı qərar imzaladı.   

  Hökumətin digər qərarı isə ibtidai, natamam orta və orta məktəblərin milliləşdirilməsi idi.   

***

  28 avqust 1963-cü ildə ABŞ-ın cənub ştatlarından başlayan "Vətəndaş haqqları yürüşü” paytaxt Vaşinqtonda sona çatdı. Martin Lüther Kinq burada 200 min adama xitab edərək "Bir xəyalım var" başlıqlı məşhur nitqini söylədi.

***

  İsrailin Qüdsü paytaxt elan etməsinə cavab olaraq 1980-ci ilin 28 avqustunda Türkiyə Qüdsdəki baş konsulluğunu bağladı.  

***

  28 avqust 1988-ci ildə Almaniyanın Ramstein hava bazasında şou uçuşları zamanı İtaliya hava qüvvələri komandasının üç təyyarəsi tamaşaçıların üstünə düşdü, 75 adam öldü, 346 nəfər yaralandı.

***

  1995-ci ilin 28 avqustunda serblər Saraybosnadakı Markale bazar yerinə minomyotla hücum etdilər. Qırğında 45 adam həlak oldu, 85 nəfərsə yaralandı.

***

  28 avqust 1996-cı ildə Uels şahzadəsi Çarlz (Charles) və şahzadə Diana boşandılar.

***

  2014-cü il 28 avqustda Türkiyənin 12-ci respublika başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) and içərək vəzifəyə başladı.

***

28 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Görkəmli alman şairi, dramaturqu və mütəfəkkiri İohan Volfrans Höte (Johan Wolfgang Goethe) 1749-cu ilin bu günü anadan olub.

  Hötenin yaradıcılığı alman poeziyası tarixinin ən parlaq səhifələrindəndir. Onun məşhur “Faust” faciəsi və “Gənc Verterin iztirabları” əsərləri çox dillərə tərcümə edilib və bu günə qədər oxunur. (1749-1832)

***

  "Hərb və Sülh", “Anna Karenina” kimi bir çox məşhur əsərə imza atan, Rusiyanın tanınmış yazıçısı Lev Tolstoy 28 avqust 1828-ci ildə dünyaya gəlib.

***

  Azərbaycan teatrının tanınmış aktrisası Vəfa Fətullayeva 1945-ci ilin bu günü anadan olub.

  25 yaşından (1970) Dövlət Dram Teatrında çalışan aktrisa “Mahnı dağlarda qaldı”, “Məhəbbət əfsanəsi”, “Sən yanmasan”, “Heç nədən hay-küy”, “İblis” və digər teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

  Vəfa Fətullayeva 1987-ci ildə 43 yaşında həyatla vidalaşıb.

  Xatırladaq ki, o, Azərbaycan Dövlət Dram Teatrının nəhəng aktrisası Hökumə Qurbanova və teatrın baş rəssamı Nüsrət Fətullayevin qızı idi. (1945-1987)

***

  28 avqust Azərbaycanın unudulmaz xanəndəsi, xalq artsiti Rübabə Muradovanın xatirə günüdür.

  Uzun illər Opera və Balet Teatrının solisti olan R.Muradova “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah İsmayıl”, “Aşıq Qərib” operalarında baş rolları ifa edib.

  Güclü və təsirli səsə, orijinal üsluba malik, muğam, təsnif və xalq mahnılarının əvəzsiz ifaçısı 1983-cü ilin bu günü 50 yaşında dünyasını dəyişib. (1933-1983)

*** 



Әlaqәli Xәbәrlәr