Tarixdə bu gün: 9 avqust

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1249260
Tarixdə bu gün: 9 avqust

***

  Dünyanın ən məşhur tarixi abidələrindən olan Piza (Pisa) qülləsinin zəng qisminin inşası 1173-cü ilin 9 avqustunda başladı. 8 mərtəbəli 56 metrlik bu qüllənin tikintisi bundan 27 il sonra – 1190-cı ildə tamamlandı.

***

  9 avqust 1915-ci ildə türk polkovniki Mustafa Kamal Paşanın tabeliyindəki Osmanlı hərbi birlikləri Çanaqqalada Birinci Anafartalar Zəfərini qazandı.

***

  1942-ci il 9 avqustda Hindistandakı qiyamlarda Mahatma Qandi (Mahatma Gandhi) və 50 tərəfdarı ingilis müstəmləkə hökuməti tərəfindən həbs olundu.         

***

  1945-ci ildə Hirosimadan sonra avqustun 9-da Amerika Birləşmiş Ştatları Yaponiyanın ikinci şəhəri Naqasakiyə atom bombası atdı. Hücumda 40 min adam həyatını itirdi. İmperator Hirohito müttəfiqlərə təslim olmaq məcburiyyətində qaldı. Elə həmin gün SSRİ Yaponiyaya müharibə elan etdi. Daha çox formal xarakter daşıyan bu müharibədə SSRİ Cənubi Kuril adalarını işğal etdi. Amma bu günə qədər Rusiya ilə Yaponiya arasında mövzu ilə əlaqədar müqavilə imzalanmayıb.  

***

  9 avqust Cənub-Şərqi Asiyada yerləşən Sinqapurun müstəqillik günüdür.

  Sinqapur respublikası 1965-ci ildə istiqlaliyyətini bəyan edib.

  Əvvəllər Çoxor sultanlığının tərkibində olmuş Sinqapur 1819-cu ildə Böyük Britaniya tərəfindən işğal edilib və onun müstəmləkəsinə çevrilib. 1963-1965-ci illərdə isə bu ölkə Malayziya federasiyasının tərkibində olub.              

***

  1975-ci ilin 9 avqustunda Qıbrız (Kipr) Barış Hərəkatından sonra adanın cənubunda yaşayan 9 min türk şimala köçdü.   

***

  9 avqust 1992-ci ildə Barselonada 25-ci Olimpiada Oyunları başlandı.

***

9 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Məşhur İtaliya fiziki və kimyaçısı Amedeo Avaqadro (Amedeo Avaqadro) 1776-cı ilin bu günü dünyaya gəlib.  

  Əslində hüquqşünas təhsili almış Amedeo 24 yaşından (1800) müstəqil şəkildə fizika və riyaziyyatını təkmilləşdirməyə başlayıb. 9 il sonra (1809) isə o, artıq Verçelli Kollecinin professoru, 46 yaşından (1820) isə Turin Universiteti fizika-riyaziyyat kafedrasının müdiri olub.  

  Əsas tədqiqatları molekulyar fizikaya həsr olunan Amedeo Avaqadro 1811-ci ildə “Eyni şəraitdə bərabər həcmli müxtəlif qazların tərkibində eyni sayda molekul olduğu barədə qanun”u kəşf edib. Həmin qanun onun şərəfinə Avaqadro Qanunu adlanır. Alim həm də fizikaya aid çoxcildlik əsərlərin müəllifidir. (1776-1856)

***

  Azərbaycanın tanınmış mədəniyyət xadimi, dramaturq, şair və publisist Mirzə Məhəmməd Axundzadə 1875-ci il 9 avqustda Gəncədə anadan olub.

  Şah Abbas məscidindəki mədrəsədə və şəhər gimnaziyasında təhsil almış Mirzə Məhəmməd Gəncədə peşəkar teatrın yaranmasında bilavasitə iştirak edib: dram əsərləri, operetta və librettolar yazıb.  

  Mirzə Məhəmməd Axundzadə “Difai” firqəsi“Türk ədəmi-mərkəziyyat” partiyasının rəhbərlərindən olub. O, İranda sürgündə olarkən Səttarxan hərəkatında iştirak edib.

  Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında da xidmətləri olan Mirzə Məhəmməd bu dövrdə (1918-1920) maarif nazirinin müavini vəzifəsində çalışıb. O həmçinin Bakı Dövlət Universitetinin yaradılmasının təşəbbüsçülərindən biri olub. (1875-1923)

***



Әlaqәli Xәbәrlәr