Tarixdə bu gün: 9 aprel

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1177158
Tarixdə bu gün: 9 aprel

***

  Cümhuriyyətin elanından sonra qadınlara verilən hüquqlar çərçivəsində Mürüvvet xanım 9 aprel 1932-ci il tarixindən Türkiyədə ilk qadın hakim olaraq Adanada vəzifəyə başladı.

***

  1989-cu ilin bu günü Sovet ordusunun əsgərləri zəhərli qazdan istifadə edərək Tbilisidə mitinq iştirakçılarına divan tutdular.

  Bundan 2 il sonra – 1991-ci il aprelin 9-da Gürcüstan öz müstəqilliyini elan etdi.  

***

  1998-ci ilin bu günü Məkkə yaxınlığındakı Minada 180 hacı namizədi “şeytan daşlama” ayini zamanı baş verən izdiham sıxlığında həyatını itirdi.

***

  2000-ci il 9 apreldə Azərbaycanın paytaxtı Bakıda “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi böyük təntənə ilə qeyd edildi.

  Bayram ərəfəsində şəhərdə Türkdilli Dövlət Başçılarının VI Zirvə Toplantısı da keçirildi. 

***

9 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, mütəfəkkir şair Əfzələddin Xaqani Şirvani 1126-cı ilin 9 aprelində Şamaxıda anadan olub.

  Xaqani “Töhfətül İraqeyn” məsnəvisi ilə Şərq ədəbiyyatında epik poeziyanın əsasını qoyub.

  Şairin “Mədain xərabələri” əsəri də klassik ədəbiyyatın nadir incilərindən sayılır.

  Xaqaninin yüzlərlə qəzəli, qəsidəsi, fəxriyyəsi və klassik şeirin digər janrlarında əsərləri indi də sevilə-sevilə oxunur. (1126-1199)

***

  Dünyanın ən böyük sərkərdələrindən və türk dövlət xadimlərindən biri Əmir Teymur 1336-cı ilin bu günü dünyaya gəlib.

  35 illik hakimiyyəti dövründə Suriyadan Hindistanadək böyük bir ərazini tutan Əmir Teymur dünya tarixinə ən qüdrətli fatehlərdən biri, həmçinin elm və incəsənət himayəçisi kimi daxil olub. (1336-1405)

***

  Türkə şərəf verən, cahana isə yüzlərlə mədəniyyət əsəri bağışlayan, Osmanlı dövrü alimi və sənətkarı memar Sinan 1588-ci ilin 9 aprelində həyatla vidalaşıb. O, öz məhsuldarlığı və sənətkarlıq bacarığı ilə İslamın mədəniyyət tarixinə adını əbədi yazmış sənət adamlarından biridir.

  Əsil adı Sinanəddin Yusif olan, amma memar Sinan kimi tanınan bu məşhur sənətkar xristian ailəsində doğulub, sonralar İslamı mənimsəyib və Osmanlı ordusunda 17 il hərbi xidmət edib. Bu müddət boyu durmadan memarlıq sənətinin incəliklərini öyrənib.

  Hərbi səfərlərin birində ordunun keçməsi üçün qısa müddətdə möhkəm körpü düzəldən Sinan Sultan Süleyman Qanuninin diqqətini cəlb edərək tezliklə sarayın baş memarı vəzifəsinə təyin olunur və düz 50 il bu vəzifədə qalır.

  100 ilə yaxın ömür sürmüş memar Sinan 375 tikinti layihəsinin müəllifidir. Onun əsərlərinin siyahısında 92 cami, 52 kiçik məscid, 57 mədrəsə, 22 türbə, 3 xəstəxana, 8 körpü, 20 karvansara və 48 hamamın adı var. Bunların ikisi – İstanbuldakı Süleymaniyyə və Ədirnədəki Səlimiyyə camiləri memar Sinan yaradıcılığının zirvəsini təşkil edir.

  Bu məscidlərin tikintisi zamanı memar Sinan elə sənətkarlıq məharəti nümayiş etdirmişdir ki, o dövrün imkanları baxımından bunu ancaq möcüzə adlandırmaq olar. (1489-1588)

***

  Müsəlman qadınlara qadağaların olduğu illərdə səhnəyə çıxan, Türkiyə teatrının ilk aktrisalarından olan Şaziye Moral 9 aprel 1985-ci ildə həyata gözlərini yumub.

  Bolqarıstan türkü olan Şaziye dünyaya gələrkən anasını, bir neçə il sonra atasını itirib. Atasının qohumları himayəsində böyüyüb, Balkan müharibəsindən sonra Rumeli mühacirlərinə qoşularaq İstanbula gəlib. Liseyin son sinfində ikən evə yardım etmək üçün məktəbi buraxaraq İstanbulun Bəyazit rayonundakı Hizmeti-Umumiye agentliyində memur olaraq çalışıb. Onun səhnə həyatı da elə bu qurumun yaratdığı Yeni Həyat Teatrı ilə başlayıb.

  Türk qadınına səhnəyə çıxma yasağı olduğu bir vaxtda Şaziyə Moral aktrisalıq edib. Bir tamaşadan sonra polis bölməsinə aparılıb. Məhkəmədən bəraət qazandıqdan sonra o durmadan çalışıb, 200-ə yaxın tamaşa və 80-dən artıq kinoda oynayıb.

  Şaziyə Moral 1985-ci ilin 9 aprelində İstanbulda dünyadan köçüb. (1903-1985)

***

    Türkiyənin dünyada böyük maraqla izlənilən "Möhtəşəm yüz il" serialının ssenari müəllifi, aktrisa və yazar Meral Okay 9 aprel 2012-ci ildə dünyasını dəyişib. (1959-2012)

***

 



Әlaqәli Xәbәrlәr