Tarixdə bu gün: 6 aprel
Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

***
Eramızın 248-ci ilində Romanın 1000 illiyi təntənə ilə qeyd edildi.
Bayramın məhz bu ilə və bu günə təyin olunmasının səbəbləri aydın deyil. Çünki əslində ən nüfuzlu qədim Roma tarxiçisi Mark Terensi Varrona görə, “əbədi şəhər”in bünovrəsi eramızdan əvvəl 753-cü il aprelin 21-də əfsanəvi Romul tərəfindən qoyulub. Müasir İtaliyada da bu tarix qəbul olunub.
***
1320-ci il aprelin 6-da şotland baronları Arbrot şəhərində kral Robert Bryusun rəhbərliyilə Roma Parası II İohana yazdıqları məktubda öz ölkələrinin iqtiqlaliyyətini elan etdilər.
Məktubda yazılırdı: “Nə qədər ki, heç olmasa, 100 şotlandiyalı sağdır, İngiltərə heç vaxt burada hökmranlıq edə bilməyəcək”.
Bundan 400 il sonra Şotlandiya və İngiltərə birləşdilər, amma bu günə qədər aprelin 6-da Arbrot şəhərində bu hadisə yad edilir.
Böyük şotland yazıçısı Volter Skott Arbrot bəyannaməsini “Vətənimin tarixinə qızıl hərflərlə yazılmış hadisə” adlandırıb.
***
6 aprel 1326-cı ildə Osmanlı dövlətinin ikinci padşahı Orxan Qazi Bursanı fəth etdi.
Bizans dövlətinin bu şəhəri Osmanlı dövlətinin qurucusuOsman bəy tərəfindən mühasirə edilmişdisə də, fəthi Orxan Qaziyə qismət oldu.
***
1620-ci ilin bu günündən Səfəvi dövləti ilə Rusiya arasında ticarət əlaqələri yarandı. Həmin dövrdən Azərbaycan və İranın tərkibində olan bölgələrdən paytaxt Moskva və Rusiyanın digər şəhərlərinə xalça, meyvə qurusu, neft, duz, zəfəran, düyü və boyaq maddələri ixrac edilməyə başladı.
***
Napoleon imperator adı saxlanılmaqla 1814-cü ilin 6 aprelində Elba adasına sürgün edildi.
***
Tarixin ilk müasir olimpiya oyunları 6 aprel 1896-cı ildə Yunanıstanın paytaxtı Afinada başladı.
15 ölkədən 245 idmançının iştirak etdiyi yarış dövrün ən yüksək idman tədbiri sayıldı.
***
6 aprel 1909-cu ildə amerikalı tədqiqatçılar - Robert Piri (Robert Peary), köməkçisi Metyu Henson və dörd nəfər Şimal Qütbünə ayaq basan ilk insanlar olaraq tarixə düşdü.
Amma Pirinin hadisələri qeyd etməkdə çox diqqətsiz olması, bir sıra məlumat çatışmazlığı mütəxəssislər arasında şübhələr yaratdı və Şimal Qütbünə çatıb-çatmadığı mübahisələrə yol açdı.
***
1917-ci ilin 6 aprelində Amerika Birləşmiş Ştatları Almaniyaya müharibə elan edərək Antanta dövlətlərinin tərəfində Birinci Dünya Müharibəsinə rəsmən girdiyini bəyan etdi.
***
6 aprel 1920-ci ildə Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə silahlı üsyan başlandı.
Bu üsyan əvvəlcə böyük uğur qazandı, hətta iyunun 24-də Cənubi Azərbaycan ərazisində Azadistan adlı milli hökumət təşkil edildi. Lakin həmin ilin sentyabrında şah qoşunları Təbrizə hücum edərək üsyanı qan içində boğdu, Xiyabani isə edam olundu.
***
1920-ci ilin 6 apreli Türkiyə beynəlxalq informasiya agentliyi olan Anadolu Ajansın yaradıldığı gündür.
Anadolu agentliyi Mustafa Kamal Atatürk, Halide Edip Adıvar və Yunus Nadi tərəfindən Qurtuluş Savaşı haqqındakı xəbərləri dünyaya çatdırmaq məqsədilə yaradılmışdı.
***
6 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
Şərqdə Ərəstun kimi tanınan qədim yunan filosofu və alimi Aristotel eramızdan əvvəl 384-cü ilin bu günü dünyaya gəlib.
Afinada Platonun məktəbində təhsil alan, böyük sərkərdə Makedoniyalı İsgəndərin tərbiyəçisi və müəllimi olan Aristotel özündən sonrakı elmi və fəlsəfi fikrin inkişafına güclü təsir göstərən alim sayılır. O, “Fizika”, “Mexanika”, “Səma haqqında”, “Meteoroloji məsələlər haqqında” və digər əsərlərində təbiət və hərəkət haqqında təsəvvürlərini yazıb. (e.ə.384-322)
***
6 aprel Qərb intibah dövrünün dahi rəssamı Rafael Santinin (Raffaello Santi) doğum və ölüm günüdür
Rəssamlığı atasından və dövrünün tanınmış fırça ustası Perucinodan öyrənən Rafael elə ilk əsərlərindən böyük istedadı ilə nəzərə çarpmağa başlayıb.
“Madonna yaşıllıqlar içərisində”, “Məryəm körpə İsa və Yəhya peyğəmbər ilə” tablolarında yüksək insani hisslərin, saf ana məhəbbətinin tərənnümünə çalışan Rafael Santinin “Qalateyanın zəfəri”, “Örpəkli qadın”, “Apostol Pyotrun zindandan azad olunması” əsərləri də dünya təsviri sənətinin ən parlaq nümunələri sırasındadır. (1483-1520)
***
Әlaqәli Xәbәrlәr

Tarixdə bu gün: 1 may
Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.