Tarixdə bu gün: 30 mart

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1172608
Tarixdə bu gün: 30 mart

***

  30 mart 1842-ci il tarixində həkim Kroyford Lonq (Crwford Long) bir tələbənin boynundakı şişi (kist) götürmək üçün apardığı əməliyyatda xəstəsini efir yağı ilə yatırdaraq tibb tarixində ilk dəfə olaraq narkoz (anesteziya) tətbiq etdi.

***

  1856-cı ilin 30 martında Romanovlar (Rusiya) imperiyası, Osmanlı imperiyası, Birləşmiş Krallıq (İngiltərə) və Fransa arasında Paris Müqaviləsi imzalandı. Bu anlaşma ilə Krım müharibəsi sona çatdı.

***

  30 mart 1863-cü ildə ana-atası olmayan uşaqlara pulsuz internat məktəbi üçün Türkiyə təhsil sistemində ilk qeyri-hökumət təşkilatı olan Darüşşafaka yaradıldı.

***

  ABŞ dövlət departamenti katibi Uilyam Henri Sevard (William Henry Seward) tərəfindən ölkənin indiki ərazisi ən böyük, əhalisi ən az olan Alyaska ştatı Rusiyadan 7,2 milyon dollara satın alındı.

***

 XX əsrin əvvəllərində ermənipərəst Sovet hökumətinə arxalanan daşnak dəstələri Azərbaycanın paytaxtı Bakıda növbəti qırğına başladılar: 1918-ci il martın 30-da erməni quldurları Bakının azərbaycanlılar yaşayan məhəllələrinə basqın edərək silahsız əhaliyə divan tutdular. “Mart hadisələri” adı verilən o günlərdə yüzlərlə azərbaycanlı, o cümlədən xeyli qadın və uşaq şəhid edildi. 

  Qətliamın qurbanları Dağüstü parkda, indiki Şəhidlər Xiyabanında dəfn olunub.

***

30 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Тürk dünyasının məşhur sərkərdələrindən biri Sultan Mehmet Fateh 1432-ci ilin bu günü dünyaya gəlib.

  İlk dəfə 13 yaşında hakimiyyətə gətirilib, lakin bir müddət sonra devrilib. İkinci dəfə taxta çıxan Mehmet dövləti öz ağlı və iradsəilə idarə etməyə başlayıb.

  Hakimiyyətdə olduğu illərdə 2 imperatorluq, 4 krallıq, 6 prinslik, 4 əyalət, o cümlədən bütün Balkan yarımadasını tutaraq Osmanlı imperatorluğuna daxil edib. Qara dənizi türk dənizinə çevirib. “Fateh” ləqəbi olan Konstantinopolu - indiki İstanbulu ala bildiyinə görə verilib.

  Sultan Mehmet Fateh 49 yaşında (1481) dünyasını dəyişib. (1432-1481)

***

  Böyük ispan rəssamı Fransisko Xose de Qoyya (Francisco José de Goya) 1746-cı ilin bu günü dünyaya gəlib.

  Qoyyanın əsərlərində əzilən kütlələrin hüquqları uğrunda mübarizə notları, xarakterlərin kəskinliyi daha qabarıq ifadə olunur.

  20-ci əsrin yəhudi əsilli görkəmli alman nasirlərindən olan Lion Feyxtvanger rəssamın həyat və yaradıcılığından bəhs edən “Qoyya” romanını yazıb. (1746-1828)

***

  Bu gün dünyaşöhrətli fırça ustası, holland rəssamı Vinsent van Qoqun (Vincent van Gogh) doğum günüdür.

  Van Qoq ilk əsərlərində zəhmət adamlarının ağır həyatı, əzab və həyatdan küşkünlüyünü həssaslıqla verə bilib.

  33 yaşında (1886) Fransaya köçən rəssam burada impressionizmin təsirilə çoxlu mənzərə, portret və natürmort çəkib. Onun əsərlərinə gerçəkliyin dramatik dərk edilməsi və ictimai etiraz əlamətləri xasdır. Amma sağlığında van Qoqun əsərlərinə layiqincə qiymət verilməyib. O, ömrünü səfalət içində keçirərək ruhi xəstəliyə tutulub və intihar edib. Ölümündən sonra isə van Qoqun əsərləri hərrac yolu ilə milyonlarla dollara satılıb. Onun hər bir rəsm əsəri dünya incəsənətinin gözəl nümunələrindən sayılır. (1853-1890)                            

***

  1956-cı ilin bu günü Türkiyənin şair, yazıçı və hüquqşünası Mithat Camal Kuntay dünyasını dəyişib.

***



Әlaqәli Xәbәrlәr