Tarixdə bu gün: 17 mart
Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.
***
1521-ci il martın 17-də ispan səyyahı Fernan Magellan (Fernando de Magallanes) su ehtiyatı götürmək üçün gəmisini Sakit okeanda insan yaşamayan (xomonxon) adaya yaxınlaşdırıb. Filippin adalarının kəşfi məhz həmin gün sayılır. Doğrudur, o vaxt Magellan bu yerləri San-Lasaro adaları adlandırmışdı. 1542-ci ildə Kral II Filippin şərəfinə bu əraziyə Filippin adı verilib.
***
17 mart 1816-cı ildə kapitan Pyer Andrielin başçılığı ilə 38 tonluq “Elise” gəmisi Manş dənizini keçən ilk buxarlı gəmi oldu.
***
Əhməd İhsan Tokgöz tərəfindən 17 mart 1891-ci il tarixində “Serveti-Fünun” jurnalı nəşrə başladı.
Türkiyə ədəbiyyatı tarixində əhəmiyyətli yer tutan jurnal gələcəyin bir çox şair və yazıcısını yetişdirdi, Qərb ədəbiyyatı tərzində yazanların aparıcısı oldu.
***
1901-ci ilin 17 martında böyük rəssam Van Qoqun (Vincent Willem van Gogh) çəkdiyi rəsmlər Parisin “Bernhaym-Jön” (Bernheim-Jeune) qalereyasında nümayiş etdirilməyə başladı.
Qeyd edək ki, 1890-cı ildə intihar edən rəssamın həyatı boyu yalnız bir rəsmi satmışdı.
***
Alman sualtı gəmi kapitanı Otto Kreçmerin (Otto Kretschmer) sualtı gəmisi 17 mart 1941-ci ildə batırıldı və o, əsir alındı.
O.Kreçmer özü o günə qədər 47 gəmini batırmağa nail olmuş və bütövlükdə 274.333 tonluq hesabla müharibənin “ən çox gəmi batıran kapitan”ı kimi ad çıxarmışdı.
***
Belçika, Fransa, Hollandiya, İngiltərə və Lüksemburq arasında 17 mart 1948-ci ildə 50 il müddətinə Brüssel Sazişi imzalandı və Qərbi Avropa İttifaqının əsası qoyuldu.
***
17 mart 1954-cü ildə İspaniyada püşkatma nəticəsində Türkiyə milli futbol komandası ilk dəfə olaraq FİFA Dünya Kubokuna qatılmaq haqqını qazandı. İsveçrədə keçirilən V Dünya Kubokunda Türkiyə ilk turda ələndi.
***
1991-ci ilin 17 mart tarixində SSRİ-nin müqəddaratına dair Ümumxalq Referendumu keçirilib. Referendumun əsas iştirakçıları Rusiya, Belarus və Orta Asiya respublikaları olub. Baltikyanı respublikalar, Qafqazda isə Azərbaycan (Naxçıvan) referendumda iştirak etməkdən boyun qaçırıb. Saxta referendum SSRİ-nin dağılmasına güclü təkan verib.
***
17 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
17 mart böyük sənətkar, Azərbaycanın ilk peşəkar rejissor və aktyorlarından biri, Hüseyn Ərəblinskinin xatirə günüdür.
Bütün mənalı həyatını Azərbaycanda teatr sənətinin inkişafına həsr edən Ərəblinski 1919-cu il martın 17-də qətlə yetirilib.
Hüseyn Ərəblinskinin aktyorluq və rejissorluq fəaliyyəti Azərbaycan teatr tarixində realist sənətin başlanğıcı sayılır. (1881-1919)
***
Bu gün görkəmli Azərbaycan publisisti, milli maarifpərvər, filosof, şair, tərcüməçi və həkim Əli bəy Hüseynzadənin xatirə günüdür. (O, 1864-cü ildə anadan olub.)
Mədrəsədə fars, Tiflis şəhər gimnaziyasında rus, alman, latın dillərini öyrənib. Sankt-Peterburq universitetinin fizika və riyaziyyat, İstanbul Darülfünunun isə “Hərbi-Tibbiyə” fakültələrində təhsil alıb.
Həkimliklə yanaşı elmi, ədəbi-bədii yaradıcılıqla ciddi məşğul olub. Müxtəlif səpkili elmi məqalələr, kitablar nəşr etdirib.
Azərbaycana qayıdaraq Əhmədbəy Ağayevlə birlikdə “Həyat” qəzetinə redaktorluq edib, sonra “Füyuzat” jurnalının redaktoru olub.
Ə.Hüseynzadə 1910-cu ildə Türkiyəyə köçüb, ömrünün sonuna qədər mühacirətdə yaşayıb, burada pedaqoji, elmi, ictimai-siyasi fəaliyyətini davam etdirib, İstanbul Darülfünunun professoru dərəcəsinə qədər yüksəlib.
Əli bəy Hüseynzadə 1940-cı il martın 17-də İstanbulda vəfat edib. (1864-1940)
***
Әlaqәli Xәbәrlәr
Tarixdə bu gün: 1 may
Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.